Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb.
Modern.az xəbər verir ki, avqustun 5-də doğma yurdlarına yola salınan ailələr yeni yaşayış məntəqələrində qarşılanıblar.
Belə ki, Xocavənd şəhərində 81 nəfərdən ibarət 20 ailəyə, Xocavənd kəndində 17 nəfərdən ibarət 5 ailəyə, Qırmızı Bazar qəsəbəsində isə 9 nəfərdən ibarət 2 ailəyə yeni mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bununla da Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə sakinlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir.