Modern.az

Prezidentin Naxçıvan mesajı: Yeni iqtisadi və nəqliyyat xəritəsi

Prezidentin Naxçıvan mesajı: Yeni iqtisadi və nəqliyyat xəritəsi

Aktual

Bu gün, 17:51

Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsind diqqət çəkən ən önəmli məqamlardan biri Naxçıvanın, artıq Azərbaycanın yeni regional iqtisadi, enerji və nəqliyyat arxitekturasının əsas dayaqlarından birinə çevrilməsi perspektividir.
Prezidentin çıxışında sosial-iqtisadi inkişaf, müdafiə, enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəni irs və regional inteqrasiya məsələlərinin bir-birindən ayrı deyil, vahid strategiyanın elementləri kimi təqdim olunması diqqət çəkir.
Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Naxçıvanın gələcəyi Azərbaycanın əsas hissəsi ilə daha sıx iqtisadi, enerji və nəqliyyat əlaqələrinin qurulması, Türkiyə və İran istiqamətlərində mövcud imkanların genişləndirilməsi və nəticə etibarilə Avrasiya nəqliyyat sistemində daha mühüm mövqeyə çıxması ilə əlaqələndirilir.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın inkişaf modelində keyfiyyət dəyişikliklərinin başlanmasından xəbər verir:
"Naxçıvan məsələsində ənənəvi olaraq ilk növbədə təhlükəsizlik və müdafiə amili ön plana çıxır. Bunun obyektiv səbəbləri var. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması onun təhlükəsizliyinə xüsusi yanaşmanı zəruri edir.

Prezidentin Əlahiddə Ordunun yaradılmasını, yeni komando qüvvələrinin formalaşdırılmasını və müasir hərbi texnika ilə təminatı xüsusi qeyd etməsi göstərir ki, Naxçıvanın müdafiə qabiliyyəti dövlət strategiyasının fundamental istiqamətlərindən biri olaraq qalır. Lakin burada başqa bir mühüm məqam da var.
Azərbaycan artıq Naxçıvanın təhlükəsizliyini yalnız hərbi təhlükəsizlik anlayışı ilə məhdudlaşdırmır. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və iqtisadi dayanıqlılıq da eyni strateji sistemin tərkibinə daxil edilir.

Prezidentin “enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir” fikri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, müasir dövlətçilik baxımından olduqca mühüm yanaşmadır. Çünki hərbi baxımdan müdafiə olunan ərazi iqtisadi və enerji baxımından dayanıqlı deyilsə, uzunmüddətli strateji təhlükəsizliyin təmin edilməsi çətinləşir.

Naxçıvan Sənaye Parkının yaradılması və onun tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması da xüsusi diqqət çəkir.
Prezidentin açıqlamasına görə, Naxçıvanın hazırkı generasiya gücü təqribən 200 meqavatdır. Deməli, yalnız bu layihənin reallaşması belə Naxçıvanın enerji istehsal potensialını təxminən 1,5 dəfə artıracaq. Burada iki istiqamət xüsusilə vacibdir.

Naxçıvanın daxili enerji təminatının tam dayanıqlı hala gətirilməsi və İkincisi isə enerji ixracı. İkinci məqam əslində layihənin geoiqtisadi mahiyyətini dəyişir. Çünki Naxçıvan enerji istehlakçısı olmaqdan çıxaraq enerji istehsalçısı və potensial ixracatçı mövqeyinə keçir. Bu isə Naxçıvanın iqtisadi modelində prinsipial dəyişiklik deməkdir. Naxçıvanın Günəş enerjisi potensialının xüsusi vurğulanması da təsadüfi deyil. 600 hektardan artıq ərazinin müəyyənləşdirilməsi, yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılmasının planlaşdırılması və ümumi potensialın ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata çata biləcəyinin bildirilməsi Naxçıvanın enerji siyasətinin uzunmüddətli xarakter daşıdığını göstərir. Burada ən mühüm söz “ixrac”dır. Çünki Naxçıvanın enerji potensialının reallaşdırılması üçün yalnız istehsal gücünün yaradılması kifayət etmir. Ötürücü xətlərin imkanlarının genişləndirilməsi və Türkiyə, İran, perspektivdə isə Avropa istiqamətində enerji bazarlarına çıxış imkanlarının formalaşdırılması lazımdır. Beləliklə, Naxçıvanın Günəş enerjisi potensialı təkcə daxili tələbatın ödənilməsi məsələsi deyil. Bu, gələcəkdə Azərbaycanın enerji ixrac coğrafiyasının genişləndirilməsi məsələsidir. Azərbaycan uzun müddətdir neft və qaz ixracatçısı kimi tanınır. Qarşıdakı mərhələdə isə “yaşıl enerji”nin də Azərbaycanın ixrac portfelində daha ciddi yer tutması gözlənilir. Naxçıvan bu strategiyanın mühüm platformalarından biri ola bilər."

Deputatın sözlərinə görə Naxçıvanın uzun müddət əsas problemi kimi qəbul edilən coğrafi təcrid gələcəkdə onun əsas üstünlüklərindən birinə çevrilə bilər:

"Bu, ilk baxışda paradoksal səslənir.Lakin yeni nəqliyyat xəritəsi formalaşdıqca Naxçıvanın Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi onun strateji dəyərini artırır. Prezidentin çıxışında Naxçıvanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə imkanları ilə əlaqələndirilməsi məhz bunun göstəricisidir.
Əgər bu layihələr tam şəkildə reallaşarsa, Naxçıvan sadəcə “Azərbaycanın əsas hissəsindən ayrı düşmüş muxtar respublika” statusundan iqtisadi baxımdan tamamilə fərqli bir mövqeyə keçə bilər. O, Avrasiya tranzit sisteminin regional qovşaqlarından biri ola bilər. Prezidentin müsahibəsində ən geniş yer tutan məsələlərdən biri, təbii ki, Zəngəzur dəhlizidir. Burada diqqət çəkən əsas məqam odur ki, Azərbaycan artıq bu məsələyə yalnız siyasi tələb kimi yanaşmır.

Əsas məqsəd dəhlizin konkret infrastrukturlarla təmin edilməsidir.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolunun Ermənistan sərhədinə doğru inşasının davam etdirilməsi və paralel şəkildə Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpasına başlanılması Azərbaycanın öz üzərinə düşən hissəni əvvəlcədən həyata keçirmək strategiyasını göstərir. Bu, çox mühüm siyasi yanaşmadır.
Çünki Azərbaycan burada “əvvəlcə Ermənistan infrastrukturu qursun, sonra biz hərəkət edək” prinsipindən çıxış etmir. Əksinə, Azərbaycanın mesajı belədir: biz öz hissəmizi indi tikirik; tərəfdaşlarımız da öz hissələrini vaxtında hazırlamalıdırlar. Bu yanaşma Bakının prosesdə təşəbbüskar mövqeyini qoruyur.
Prezidentin Naxçıvan dəmir yolunun gələcək yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması barədə danışması müsahibənin ən mühüm iqtisadi mesajlarından biridir. 
Çünki 15 milyon ton artıq yalnız Naxçıvanın daxili ehtiyacları ilə izah edilə biləcək rəqəm deyil.
Bu həcm Naxçıvanın tranzit məntəqəsi kimi planlaşdırıldığını göstərir.
194 kilometrlik yeni texniki-iqtisadi əsaslandırılmış dəmir yolu xəttinin nəzərdə tutulması da eyni məqsədə xidmət edir. Mövcud xəttin sadəcə bərpası ilə kifayətlənmək əvəzinə, daha böyük yükaşırma imkanlarına hesablanmış yeni infrastruktur modelinin yaradılması planlaşdırılır.
Prezidentin müsahibəsində Avropa İttifaqının nümayəndələrinin Naxçıvana səfər etməsi və Naxçıvan dəmir yolu layihəsinə maraq göstərməsi barədə açıqlaması da ayrıca diqqətəlayiqdir.
Bu marağın səbəbi aydındır. Avropa üçün əsas məsələ yalnız Naxçıvan deyil, Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa xəttinin daha səmərəli və alternativ marşrutlarla inkişaf etdirilməsidir.
Azərbaycanın mövqeyi isə aydın şəkildə ifadə olunur: beynəlxalq iştirak mümkündür, lakin strateji nəzarət Azərbaycan dövlətində qalmalıdır.

Bu model həm investisiya cəlb etmək, həm də milli nəzarəti qorumaq baxımından ən rasional yanaşmadır. Prezidentin “nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium” ideyasını səsləndirməsi də məhz bu balansı göstərir. Naxçıvanı yalnız dəhliz kimi görmək səhv olar. Məncə, Prezidentin müsahibəsində ən mühüm məqam məhz budur. Naxçıvanın gələcəyi yalnız Zəngəzur dəhlizi ilə məhdudlaşdırılmır. Dəhliz Naxçıvan üçün başlanğıc nöqtəsidir. Onun arxasında sənaye, enerji, logistika, kənd təsərrüfatı, xidmət sektoru və turizm kimi sahələrin inkişafı dayanır. 15 milyon ton yükün keçdiyi bir ərazidə logistika mərkəzlərinin, anbarların, gömrük və xidmət infrastrukturunun, sənaye müəssisələrinin yaradılması qaçılmaz olacaq. Bu isə məşğulluğun artmasına, sahibkarlığın inkişafına və vergi bazasının genişlənməsinə gətirib çıxara bilər. Deməli, Zəngəzur dəhlizinin Naxçıvana əsas təsiri yalnız tranzit gəliri olmayacaq. Əsas təsir iqtisadi multiplikator effekti olacaq.

Naxçıvanın Culfa üzərindən İranla dəmir yolu əlaqəsinin mövcud olması məsələnin başqa bir tərəfidir. Zəngəzur bağlantısı işə düşdükdən sonra Azərbaycanın əsas hissəsindən Naxçıvana, oradan isə İran ərazisinə çıxan alternativ dəmir yolu xətti formalaşa bilər. Beləliklə, Naxçıvan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində strateji qovşaq rolunu oynaya bilər.
Bu iki dəhlizin kəsişməsi Naxçıvanın geoiqtisadi əhəmiyyətini ciddi şəkildə artırır.
Azərbaycanın dənizə və okeana birbaşa çıxışının olmaması nəzərə alınarsa, quru nəqliyyat dəhlizlərinin strateji əhəmiyyəti daha aydın görünür.

Bu baxımdan Naxçıvan Azərbaycanın “dənizə çıxışı olmayan ölkə” modelinin yaratdığı məhdudiyyətləri müəyyən dərəcədə kompensasiya edə biləcək quru tranzit platformasına çevrilə bilər.
Prezidentin müsahibəsində diqqətdən yayınmamalı digər məsələ enerji dəhlizidir.
Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi ilə elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olduğunu bildirməsi göstərir ki, Zəngəzur dəhlizi anlayışı artıq yalnız avtomobil və dəmir yolu ilə məhdudlaşdırılmır.
Burada daha geniş bir kommunikasiya sistemi formalaşdırılır.
Nəqliyyat və enerji dəhlizi, rəqəmsal kommunikasiya, ticarət bağlantıları - bütün bunlar birləşdikdə artıq söhbət sadəcə “yol”dan getmir. Söhbət regional bağlantı sistemindən gedir. Cəbrayılda böyük ötürücü funksiyaya malik yarımstansiyanın məhz bu məqsədlə yaradılması da Azərbaycanın gələcək enerji arxitekturasını əvvəlcədən qurduğunu göstərir."

Azər Kərimli bildirib ki, Naxçıvanın Azərbaycan dövlətçiliyi baxımından xüsusi rolundan danışarkən Heydər Əliyev faktorunun vurğulanması da xüsusi əhəmiyyət kəsb edir:

"Naxçıvanın Ulu Öndərin siyasi fəaliyyətinin ən mühüm mərhələlərindən biri ilə bağlı olması muxtar respublikanın Azərbaycan dövlətçilik tarixindəki simvolik əhəmiyyətini artırır. Bu səbəbdən Naxçıvanın inkişafı yalnız iqtisadi proqram kimi təqdim edilmir. Burada milli yaddaş, dövlətçilik və siyasi varislik anlayışları da paralel şəkildə işlədilir.
Mənim qənaətimə görə, Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi müsahibənin əsas siyasi mesajı ondan ibarətdir ki, Azərbaycan Naxçıvanın gələcəyini artıq mövcud coğrafi məhdudiyyətlərin çərçivəsində təsəvvür etmir.

Əksinə, həmin coğrafi mövqenin yaratdığı imkanlardan istifadə etməyə hazırlaşır.
Əgər Zəngəzur bağlantısı, Naxçıvan dəmir yolu, enerji xətləri, sənaye parkı, bərpaolunan enerji layihələri və kənd təsərrüfatı proqramları nəzərdə tutulan şəkildə həyata keçirilərsə, Naxçıvan Azərbaycanın ən mühüm regional iqtisadi və logistika mərkəzlərindən birinə çevrilə bilər.
Bu prosesin daha geniş nəticəsi isə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə faktiki iqtisadi inteqrasiyasının dərinləşməsi olacaq.

Beləliklə, Naxçıvan məsələsi tədricən “ayrı coğrafi məkanın inkişafı” problemindən çıxaraq Azərbaycanın yeni regional güc və bağlantı strategiyasının əsas elementlərindən birinə çevrilir.
Bu baxımdan cənab Prezidentin müsahibəsini yalnız Naxçıvana səfərin yekunu kimi deyil, Azərbaycanın qarşıdakı illər üçün regional iqtisadi-geosiyasi strategiyasının mühüm konturlarının açıqlanması kimi qiymətləndirmək daha doğru olar."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...