Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, dövlət suverenliyinin mahiyyəti, beynəlxalq hüququn tətbiqində ayrı-seçkilik meyilləri və milli inkişafın fəlsəfi əsasları baxımından mühüm siyasi mesajlarla zəngindir. Dövlət başçısının səsləndirdiyi fikirlər yalnız Azərbaycanın üzləşdiyi problemlərin və əldə etdiyi nailiyyətlərin təqdimatı deyil, eyni zamanda, qlobal siyasi münasibətlər sisteminin fundamental prinsiplərinə, beynəlxalq hüququn universal xarakterinə və dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin zəruriliyinə dair konseptual yanaşmadır.
Prezident İlham Əliyevin ikili standartlar siyasətinə münasibətdə ifadə etdiyi qətiyyətli mövqe, ilk növbədə, beynəlxalq münasibətlər sistemində hüququn siyasi maraqlardan asılı vəziyyətə salınmasına etirazın ifadəsidir. Əslində, burada söhbət yalnız konkret dövlətə qarşı nümayiş etdirilən münasibətdən deyil, beynəlxalq hüququn selektiv tətbiqinin yaratdığı təhlükəli presedentlərdən gedir. Çünki hüquq universal mahiyyətini itirdikdə, ayrı-ayrı siyasi mərkəzlərin maraqlarına uyğunlaşdırıldıqda, beynəlxalq münasibətlərdə ədalət meyarı da öz obyektivliyini itirir. Belə vəziyyətdə dövlətlərin hüquq qarşısında bərabərliyi formal prinsipə çevrilir, güc amili isə hüquqi normaların fövqünə yüksəlmək imkanı əldə edir.

Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğal altında saxlanılması, bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, tarixi və dini irsin, o cümlədən Qarabağda 65 məscidin dağıdılması fonunda işğalçı tərəfə qarşı adekvat beynəlxalq siyasi-hüquqi tədbirlərin görülməməsi beynəlxalq hüququn tətbiqindəki selektiv yanaşma məsələsini gündəmə gətirir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun illər icrasız qalması da bu problemin institusional tərəfini ortaya qoymuşdu.
Burada Prezident İlham Əliyevin yanaşmasının mühüm fəlsəfi məqamı ondan ibarətdir ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarixi ədaləti təmin edib. Lakin konkret münaqişənin başa çatması beynəlxalq münasibətlər sistemində ədalətsizliyin doğurduğu problemlərin də aradan qalxması demək deyil. Dövlət başçısının ikili standartların tamamilə aradan qaldırılması tələbini səsləndirməsi məhz bu reallıqdan qaynaqlanır. Başqa sözlə, Azərbaycan özünün üzləşdiyi ədalətsizliyin təkrarlanmamasını, beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiq olunmasını tələb edir.
Çıxışın diqqətçəkən digər istiqaməti dövlət suverenliyinə münasibətlə bağlıdır. Prezidentin kiminsə müstəqil dövlətlərə necə yaşamağı öyrətmək cəhdlərini qəbuledilməz hesab etməsi, əslində, siyasi suverenliyin yalnız formal müstəqillik aktı ilə məhdudlaşmadığını ifadə edir. Suverenlik dövlətin öz siyasi, iqtisadi, sosial və mədəni inkişaf modelini müstəqil müəyyənləşdirmək hüququdur. Bu hüququn məhdudlaşdırılmasına cəhd, daxili proseslərə əsassız müdaxilə və üstünlük iddialarının diktə mexanizminə çevrilməsi dövlətlərarası münasibətlərin bərabərhüquqluluq prinsipinə ziddir.
Dövlət başçısının başqa ölkələrin daxili işlərinə qarışmamaq və eyni münasibəti özünə qarşı gözləmək barədə fikirləri beynəlxalq davranışın qarşılıqlılıq prinsipinə əsaslanır. Bu yanaşma həm də mühüm bir siyasi-fəlsəfi məna daşıyır: müstəqillik yalnız öz qərarlarını qəbul etmək deyil, başqalarının da bu hüququna hörmətlə yanaşmaq məsuliyyətidir. Deməli, suverenliyə hörmət birtərəfli tələb deyil, qarşılıqlı öhdəlikdir.
Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yolunun xalqın öz zəhməti ilə əlaqələndirilməsi isə çıxışın dövlətçilik və milli məsuliyyət fəlsəfəsini tamamlayan mühüm məqamıdır. Müstəqilliyin bərpasından sonra ölkəmiz mürəkkəb siyasi, iqtisadi və sosial şəraitdən keçərək müasir inkişaf mərhələsinə yüksəlib. İşğal, dağıntılar, geniş yayılmış yoxsulluq və ciddi təhlükəsizlik çağırışları ilə müşayiət olunan başlanğıc mərhələsindən tərəqqiyə doğru keçid milli iradənin, cəmiyyətin səfərbərliyinin və dövlət quruculuğunun nəticəsi kimi təqdim edilir.
Bu kontekstdə xalqın zəhməti anlayışı sadəcə iqtisadi göstəricilərin arxasında dayanan əmək amili deyil. Bu, milli inkişafın subyektinin məhz xalq olması, dövlətin taleyinin və gələcəyinin kənar təsirlərdən asılı vəziyyətə salınmaması ideyasını ifadə edir. Müstəqilliyin ən mühüm üstünlüyü də məhz öz taleyinin sahibi olmaq, milli maraqlara əsaslanan qərarlar qəbul etmək və inkişafın istiqamətini müəyyənləşdirmək imkanının əldə edilməsidir. Prezidentin çıxışında bu məqam Azərbaycanın dövlət müstəqilliyinin 35 illik təcrübəsinin ümumiləşdirilməsi kimi səslənir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması və strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi də həmin inkişaf fəlsəfəsinin xarici siyasət müstəvisindəki təzahürüdür. Çinlə 2025-ci ilin aprelində hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin, həmin ilin avqustunda isə ABŞ-la strateji tərəfdaşlıq istiqamətində sənədin imzalanması ölkəmizin müxtəlif qlobal güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında qurmaq imkanlarını nümayiş etdirir. Avropa İttifaqının on üzv dövləti ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu da Azərbaycanın xarici siyasətinin çoxtərəfli xarakterini göstərən amillərdəndir.
Burada mühüm məsələ Azərbaycanın beynəlxalq münasibətlərdə hər hansı güc mərkəzinin siyasi orbitində yer almaq deyil, öz milli maraqlarına uyğun tərəfdaşlıq əlaqələri qurmaq prinsipinə əsaslanmasıdır.
Müasir dünyada dövlətin beynəlxalq çəkisi yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Etibarlılıq, proqnozlaşdırıla bilən siyasət, regional təhlükəsizliyə töhfə vermək imkanları, enerji və nəqliyyat kommunikasiyalarında strateji rol da bu mövqeyin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycanın enerji və nəqliyyat marşrutlarında artan rolu, müxtəlif regionlar arasında bağlantı imkanlarının genişləndirilməsi, eləcə də mürəkkəb geosiyasi şəraitdə sabitliyin qorunmasına yönəlmiş siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini müəyyənləşdirən amillərdir. Prezidentin Azərbaycanın qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edildiyini vurğulaması da bu reallığa əsaslanır. Bu mənada coğrafi mövqe yalnız fiziki məkan anlayışı deyil, siyasi iradə və iqtisadi imkanlarla birləşdikdə strateji üstünlüyə çevrilən resursdur.
Qeyd edim ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun özü də bu yanaşmanın mühüm kontekstini təşkil edir. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Multikulturalizm və dini-etnik müxtəlifliyə hörmət ölkəmizin ictimai həyatında formalaşmış tarixi ənənələrdir. Prezidentin cəmiyyətdəki birliyi, milli həmrəyliyi və ümumi dövlətçilik ideyası ətrafında birləşməyi xüsusi vurğulaması göstərir ki, mədəniyyətlərarası dialoq yalnız xarici auditoriyaya ünvanlanan diplomatik fəaliyyət deyil, həm də daxili ictimai sabitliyin və milli identikliyin qorunmasının mühüm vasitəsidir.
Əslində, dialoq fəlsəfəsinin mahiyyəti fərqlilikləri aradan qaldırmaq deyil, onları qarşılıqlı hörmət və anlaşma müstəvisində bir araya gətirməkdir. Eyni yanaşma beynəlxalq münasibətlərə də aiddir. Dövlətlər arasında siyasi, dini, mədəni və ideoloji fərqlərin mövcudluğu qarşıdurma üçün əsas deyil. Əksinə, həmin fərqliliklərə hörmət, bərabərhüquqlu münasibət və qarşılıqlı maraqların uzlaşdırılması əməkdaşlığın genişlənməsinə imkan yaradır. Bu baxımdan, Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfə ilə suverenliyə hörmət prinsipinə əsaslanan xarici siyasət yanaşması arasında məntiqi vəhdət mövcuddur.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla sülh təşəbbüsü irəli sürməsi də xüsusi məna daşıyır. Münaqişələrin başa çatdırılması yalnız hərbi nəticələrlə deyil, yeni siyasi reallığın qəbul edilməsi və gələcək münasibətlərin hüquqi əsaslarının yaradılması ilə mümkündür. Bu yanaşma göstərir ki, davamlı sülhün təməli qisas və qarşıdurma deyil, suverenliyin tanınması, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət olmalıdır.
Dövlətlərin bir-birinə münasibətində üstünlük və diktə məntiqinin deyil, hüququn və qarşılıqlı hörmətin əsas götürülməsi beynəlxalq əməkdaşlığın genişlənməsinə, münaqişələrin qarşısının alınmasına və ortaq gələcəyin qurulmasına xidmət edə bilər.
Azər Kərimli
Milli Məclisinin depuatatı