Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan əlaqələri və Azərbaycan-Mərkəzi Asiya çoxtərəfli münasibətlərinin inkişafı üçün mühüm siyasi hadisə və yeni tarixi mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Səfərin ikitərəfli münasibətlər kontekstində əsas siyasi nəticəsi "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması oldu. Bununla Azərbaycan artıq Mərkəzi Asiyanın üç dövləti – Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş oldu.
Bu, Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi milli maraqlara söykənən, balanslaşdırılmış və praqmatik xarici siyasətinin məntiqi davamı və praktik nəticəsidir. Azərbaycan bu gün Mərkəzi Asiyada etibarlı siyasi tərəfdaş, regional sabitliyə töhfə verən dövlət və mühüm tranzit qovşağı kimi qəbul olunur.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin siyasi əhəmiyyətini Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev qeyd edib ki, müttəfiqlik münasibətləri artıq yalnız siyasi dialoq deyil.
Onun sözlərinə görə, bu, xarici siyasət, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, investisiyalar, nəqliyyat, enerji, rəqəmsallaşma və humanitar əməkdaşlıq üzrə uzunmüddətli strateji koordinasiya mexanizmi yaradır.
"Azərbaycan-Qırgızıstan Dövlət Başçıları Şurasının növbəti 3-cü iclasında bu istiqamətdə yer alan müzakirələr və verilən qərarlar hər iki tərəfdən sahəvi qurumların fəaliyyəti üçün yol xəritəsi təşkil edir.
Səfərin uğurlu olmasında töhfə verən digər mühüm amil dövlət başçıları diplomatiyasının effektivliyidir. Prezident İlham Əliyevlə Prezident Sadır Japarov arasında formalaşmış yüksək şəxsi etimad və açıq siyasi dialoq münasibətlərin inkişafına ciddi siyasi impuls verir. Prezident Sadır Japarovun Prezident İlham Əliyevi "Manas" ordeni ilə, Prezident İlham Əliyevin isə Prezident Sadır Japarovu "Heydər Əliyev" ordeni ilə təltif etməsi qarşılıqlı etimadın, xalqlarımız arasında birgə dəyərləri, eləcə də dövlətlərimiz arasında strateji tərəfdaşlığın, müttəfiqliyin rəmzidir".
Deputat səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının artan rolun əhəmiyyətini də xüsusi vurğulayıb:
"Türk Dövlətləri Təşkilatı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə Görüşü TDT-nin iqtisadi inteqrasiya mərhələsinə keçidini sürətləndirdi. Regional təhlükəsizlik, sülh və sabitliyin təmini məsələləri Azərbaycan Liderinin təşəbbüsü ilə və digər Liderlərin dəstəyi ilə TDT-nin gündəmində əsas mövzular sırasında yer aldı. Bu gün Orta Dəhliz, yaşıl enerji, Transxəzər Rəqəmsal İpək Yolu, birgə investisiya fondları və sənaye əməkdaşlığı təşkilat daxilində əsas prioritetlərdəndir.
Artıq təşkilat yalnız mədəniyyət və humnaitar məsələlər platforması deyil. Bu gün iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsallaşma, investisiya, gömrük, müdafiə sənayesi, təhsil və təhlükəsizlik daxil olmaqla 35-dən çox istiqamətdə əməkdaşlığı əhatə edən mühüm regional təşkilata çevrilib".
Deputat onu da əlavə edib ki, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi TDT daxilində siyasi həmrəyliyi daha da möhkəmləndirəcək:
"Bu, təşkilatın institusional inkişafına, qəbul olunan qərarların icra mexanizmlərinin gücləndirilməsinə və ortaq layihələrin sürətləndirilməsinə xidmət edəcək.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya "vahid tarixi, mədəni və geosiyasi məkanı" təmsil edir. Bu baxış artıq praktik layihələrdə öz əksini tapır. Azərbaycan bu prosesdə təşəbbüskar və əlaqələndirici ölkə kimi çıxış edir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan və Mərkəzi asiya dövlət başçılarının imzaladığı Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiq edən mühüm siyasi sənəddir. Bəyannamə mövcud tərəfdaşlığın siyasi təsdiqi olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji prioritetlərini və institusional inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi rolunu oynayır. Sənəddə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi, nəqliyyat və enerji bağlantılarının inkişafı, regional təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də humanitar və mədəni əməkdaşlığın təşviqi əsas istiqamətlər kimi müəyyən edilir. Bu baxımdan Bəyannamə Avrasiya məkanında sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edən çoxtərəfli əməkdaşlıq platformasının möhkəmləndirilməsinə mühüm töhfə verir".

R.Nəbiyev qeyd edib ki, Çolpon-Ata Bəyannaməsinin mühüm xüsusiyyətlərindən biri Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yalnız geosiyasi və geoiqtisadi maraqlara deyil, həm də ortaq tarixi irsə, mədəni yaxınlığa və ümumi sivilizasiya dəyərlərinə əsaslandığını xüsusi vurğulamasıdır:
"Bu yanaşma əməkdaşlığın uzunmüddətli və strateji xarakterini təsdiqləməklə yanaşı, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional həmrəyliyin gücləndirilməsi üçün möhkəm siyasi zəmin formalaşdırır.
Azərbaycanın Mərkəzsi Asiya Dövlət Başçıları Məşvərət Görüşü platformasında tamhüquqlu iştirakının təsdiqlənməsi, yeni C6 formatı, Mərkəzi Asiya–Azərbaycan əməkdaşlığının institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirir və regional tərəfdaşlığa yeni strateji məzmun qazandırır. Bu qərar Xəzər hövzəsi və Orta Dəhliz boyunca siyasi dialoqun intensivləşməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə, nəqliyyat-logistika və enerji bağlantılarının genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına və rəqəmsal əlaqələrin inkişafına əlavə impuls verir. Eyni zamanda, Azərbaycanın platformada iştirakının institusionallaşdırılması ölkəmizin Avrasiyanın formalaşmaqda olan geosiyasi və geoiqtisadi arxitekturasında etibarlı tərəfdaş, strateji körpü və əlaqələndirici dövlət kimi mövqeyini daha da möhkəmləndirir".
Milli Məclisin üzvü onu da nəzərə çatdırıb ki, hazırkı beynəlxalq şəraitdə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının əhəmiyyəti daha da artır:
"Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən böhranlar və qlobal təchizat zəncirlərinin yenidən qurulması Avrasiyada yeni geoiqtisadi reallıq formalaşdırmaqdadır.
Bu reallıqda Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas tranzit qovşaqlarından biri kimi strateji çəkisi dinamik artmaqdadır. Azərbaycan öz potensualını, siyasi, iqtisadi, nəqliyyat imkanlarını Mərkəzi Asiya dövlətləri ilə koordinasiya etməklə həm öz beynəlxalq mövqelərini möhkəmləndirir, həm də Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün bir platforma kimi strateji əhəmiyyətinin artmasına töhvə verir.
Bunun ən mühüm nümunəsi Orta Dəhliz vasitəsi ilə Avrasiyanın yeni nəqliyyat-tranyit xəritəsinin tərtib edilməsinə C6 formatında əlaqələndirilmiş töhfənin verilməsidir. Son beş il ərzində Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi təxminən 1 milyon tondan 4,5 milyon tona yüksəlməsi bu fəaliyyətlərin praktik nəticəsini göstərir. Prezident İlham Əliyev Çolpan-Ata Sammitində də bu marşrut üzrə yükdaşımaların davamlı artdığını və Azərbaycanın tranzit imkanlarının genişləndirildiyini vurğulamaqla perspektivlərə diqqəti cəb etdi. Zəngəzur dəhlizin istifadəyə verilməsi ilə bu tranzit imkanlar əhəmiyyətli dərəcədə artacaq, bu isə öz növbəsində Azərbaycanın, C6 formatının geosiyasi və geoiqtisadi nüfuzunu artıracaq".
Deputat xatırladıb ki, yeni əməkdaşlıq mexanizmləri vasitəsi ilə 2025-ci ildəki ticarət dövriyyəsinin təxminən 1,8 milyard ABŞ dollarından növbəti illərdə 20 milyard ABŞ dollarına çatdırmaq planlaşdırılıb:
"Azərbaycan–Qırğızıstan invesitisiya Fondunun kapital dəyərinin 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına qaldırılması barədə dövlət başşılarının verdiyi strateji qərar və müvafiq sənədin imzalanması bu niyyətə çatmaq yolunda atılan addımlardan hesab olunur.
Həmçnin Azərbaycan–Qazaxıstan Birgə İnvestisiya Fondunun kapitalı 300 milyon ABŞ dolları,Azərbaycan–Özbəkistan Fondunun kapitalı 500 milyon ABŞ dollar təşkil edir. Bu fondlar sənaye, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində onlarla birgə layihənin maliyyələşdirilməsi üçün yaradılıb".
R.Nəbiyev həmçinin vurğulayıb ki, enerji sahəsindəki əməkdaşlıqda da yeni mərhələ başlayıb:
"Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə "Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi həyata keçirilir. Paralel olaraq Transxəzər Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Bakı–Aktau Xəzər sualtı fiber-optik kabelinin çəkilməsi Mərkəzi Asiya ilə Avropa arasında təhlükəsiz rəqəmsal bağlantını təmin edəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının formalaşmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Bu gün ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü, Orta Dəhlizin əsas iştirakçısı, enerji təhlükəsizliyi və rəqəmsal bağlantılar üzrə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu yanaşma həm regional inteqrasiyanı dərinləşdirir, həm də Azərbaycanın beynəlxalq nüfuzunu və orta güc kimi mövqeyini daha da möhkəmləndirir", - deyə deputat fikrini tamamlayıb.