İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bir daha bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Netanyahunun açıqlaması Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda səslənib. Bəyanat ABŞ Prezidenti Donald Trampın Amerika–İran münasibətlərində yaxın zamanda razılaşmanın əldə oluna biləcəyi ilə bağlı nikbin fikirlərindən sonra verilib.
İsrail Baş nazirinin ofisi tərəfindən yayılan açıqlamada Netanyahu bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb.
“Mən İsrailin Baş naziri olduğum müddətdə İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, İranın nüvə proqramı ətrafında aparılan danışıqlar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr davam edir.