ABŞ Senatı prezident Donald Trumpın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnaməni qəbul edə bilməyib.
Modern.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, qətnamənin lehinə 47 senator, əleyhinə isə 48 senator səs verib.
Son aylarda ABŞ-da prezidentin Konqresin təsdiqi olmadan başqa bir dövlətə qarşı uzun müddət hərbi əməliyyatlar aparmaq hüququnun olub-olmaması ilə bağlı fəal müzakirələr gedir. Tramp administrasiyası bu işdə heç bir məhdudiyyət olmadığını iddia edir. Bununla yanaşı, bir çox konqresmenlər düşünürlər ki, belə hallarda yalnız icra hakimiyyətinin deyil, həm də qanunverici hakimiyyətin razılığı, yəni “yaşıl işığı” tələb olunur.
1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən, Konqres müharibə elan etmək üçün səs vermədiyi və ya güc tətbiqinə icazə verən qanunvericilik qəbul etmədiyi təqdirdə, prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmalıdır. Qanun birdəfəlik 30 günlük uzadılmaya icazə verir, lakin bu, yalnız prezident Amerika qoşunlarının təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək üçün əlavə vaxta ehtiyac olduğunu Konqresə yazılı şəkildə təsdiqlədiyi təqdirdə mümkündür.
Konqres hələ ki, İrana qarşı hərbi güc tətbiqinə icazə verməyib və Ağ Ev belə bir icazə almağı planlaşdırdığını açıq şəkildə bildirməyib.