Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi “Oreşnik” tipli orta mənzilli ballistik raketlərindən yalnız biri döyüşə yararlı vəziyyətdə qalıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) 16 iyun tarixli hesabatında yer alıb.
Analitiklər Ukraynanın “Dallas Analytics” şirkətinin araşdırmasına istinad edərək bildiriblər ki, 2024-cü ilin noyabrında Ukraynaya ilk zərbədən sonra Rusiya Prezidenti Vladimir Putinin bu raketin təsirindən məmnun qalaraq əlavə istehsalın başladılmasına göstəriş verdiyi iddia olunur.
Məlumata görə, 2025-ci ildə dörd raketin istehsalı nəzərdə tutulub, lakin 2026-cı ilə qədər onlardan üçü artıq istifadə edilib: bir raket 9 yanvar gecəsi Lvova, iki raket isə 24 may gecəsi Kiyev vilayətindəki Belaya Tserkova qarşı tətbiq olunub. Onlardan birinin Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə düşdüyü bildirilir.
ISW-nin qiymətləndirməsinə əsasən, ilkin partiyadan yalnız bir ədəd “Oreşnik” raketi döyüş qabiliyyətində qala bilər.
“Dallas Analytics”in araşdırmasında qeyd olunur ki, Kapustin Yar sınaq poliqonunda kompleksin yerləşdirilməsi ilə bağlı aktiv təlimlərdən sonra Ukrayna Hərbi Hava Qüvvələri 12 iyun 2026-cı ildə mümkün yeni raket hücumu barədə təcili xəbərdarlıq yayıb. Bildirilir ki, bu hücum istehsal edilən son raketlə həyata keçirilə bilər.
Həmçinin iddia olunur ki, Rusiya müdafiə sənayesində istehsal prosesində keyfiyyətə nəzarət protokolları pozulub və bu, raketin dəqiqliyinə mənfi təsir göstərib. Məlumata görə, sovet dövründən qalan GÜ-503 aviasiya giroskopundakı nasazlıq raketin hədəfdən onlarla kilometr yayınmasına səbəb olub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə iyunun 12-də hava hücumları təhlükəsi ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb. Media yazır ki, ABŞ Ukraynaya “Oreşnik” raketi ilə mümkün hücum təhlükəsi barədə kəşfiyyat məlumatı ötürüb və Rusiya tərəfinin hazırlıq gördüyü qeydə alınıb.