Modern.az

Brüsseldə "Taxt-tac oyunları" - Layenlə Kallas arasında gərginlik artır

Brüsseldə "Taxt-tac oyunları" - Layenlə Kallas arasında gərginlik artır

Dünya

Bu gün, 13:42

Avropa İttifaqında (Aİ) avropalı diplomatiyanın rəhbəri Kaya Kallas və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Layenin ünvanına səslənən tənqidlər getdikcə kəskinləşir.

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti diplomatik dairələrdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bəzi diplomatlar Kallas və fon der Layen arasındakı mövcud rəqabəti məşhur "Taxt-tac oyunu" serialına bənzədirlər. Mənbələrin bildirdiyinə görə, Brüsseldə Aİ-nin xarici siyasət kursuna nəzarət uğrunda amansız mübarizə alovlanıb. Vurğulanıb ki, bu "müharibədə" fon der Layen və Kaya Kallas qarşıdurması xüsusilə sərt xarakter alıb.

Aİ daxilində Kallasın fəaliyyətindən narazılıq dalğası da böyüyür. Avropalı baş diplomat Ukrayna münaqişəsinə həddindən artıq diqqət ayırmaqda və Yaxın Şərqdəki kritik vəziyyətə kifayət qədər vaxt ayırmamaqda ittiham olunur.

Eyni zamanda, bir çoxları fon der Lyayeni də hədəfə alaraq, onu Aİ-nin xarici siyasəti üzərində şəxsi nüfuzunu və təsir dairəsini davamlı olaraq genişləndirməyə çalışmaqda qınayırlar.

"Euronews" telekanalının məlumatına görə, Aİ-nin diplomatik aparatında islahatların aparılması və Kallasın səlahiyyətlərinin mümkün məhdudlaşdırılması planlarının arxasında məhz fon der Layen dayanır. Bildirilir ki, Aİ-nin Diplomatik Xidməti ilə Avropa Komissiyası arasında gərginlik pik həddə çatıb. Fon der Lyayen rəsmi səlahiyyət çərçivəsini aşaraq getdikcə daha tez-tez xarici siyasətə dair bəyanatlarla çıxış edir ki, bu da Kallasın mövqeyini faktiki olaraq zəiflədir.

"Financial Times" qəzeti isə hələ iyunun 11-də yaydığı məlumatda qeyd etmişdi ki, Kallas Aİ diplomatiyasının rəhbəri statusundakı səlahiyyətlərinin bir hissəsindən məhrum edilə bilər. Qəzetin mənbələri vurğulayır ki, Paris, Berlin və digər Avropa paytaxtları hazırda Aİ-nin xarici siyasət idarəsinin strukturunda onun rolunun yenidən nəzərdən keçirilməsi variantlarını ciddi şəkildə müzakirə edirlər.

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ