Müharibənin dayandırılmasına dair ABŞ-İran memorandumu prezidentlər Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal formada imzalandı. Artıq memorandumun müddəları da xarici mətbuatda yayımlanıb.
Modern.az xəbər verir ki, İranın ABŞ-la danışıqlar heyətinin rəhbəri – parlamentin sədri Məhammad Baqir Qalibaf bildirib ki, Hörmüz boğazından keçid üçün ödənişlərin alınması Anlaşma Memorandumuna daxil edilib. O, 60 günlük danışıqlar dövründə Hörmüzdən keçidin pulsuz olacağını söyləyib.
İran dövlət televiziyasına verdiyi müsahibədə Qalibaf danışıqlarla bağlı müxtəlif məsələlərə toxunub.
O bildirib ki, Hörmüz boğazı “müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq”.
Qalibaf deyib ki, İranın Hörmüz boğazı üzərində suverenlik hüququ var və göstərdiyi xidmətlərə görə ödəniş almaq haqqına malikdir. Bununla belə, o vurğulayıb ki, bu, İranın beynəlxalq hüquqa və dəniz naviqasiyası qaydalarına məhəl qoymayacağı anlamına gəlmir.
Onun sözlərinə görə, 60 günlük ödənişsiz müddət başa çatdıqdan sonra İran boğazdan keçən gəmilərdən xidmət haqqı almağı planlaşdırır.
İranın danışıqlar heyətinin rəhbəri qeyd edib ki, müharibəyə başlamaq üçün İsrail və ABŞ tərəfindən irəli sürülən doqquz məqsədin heç birinin həyata keçirilməsinə imkan verməyiblər və qarşı tərəf öz məqsədlərindən heç birinə nail ola bilməyib. O bildirib ki, bu müharibə müxtəlif reallıqları açıq şəkildə ortaya qoyub.
Qalibaf bildirib ki, son müharibə qlobal təsirlərə malik olub və onun nəticələri geosiyasi, hərbi və beynəlxalq müstəvilərdə hiss edilib. Onun sözlərinə görə, İran dünyanın ən güclü hərbi, iqtisadi və siyasi qüvvəsi hesab etdiyi ABŞ və nüvə-hərbi gücə malik İsrail tərəfindən ən müasir texnologiyalarla aparılan müharibə ilə üzləşib.
Qalibaf iddia edib ki, hərbi yolla əldə etmək istədikləri bəzi nəticələri danışıqlar vasitəsilə dəfələrlə daha artıq əldə ediblər.