Polşa Ukrayna Prezidenti Volodimir Zelenskini ən yüksək dövlət mükafatı olan “Ağ qartal» ordenindən məhrum edib.
Modern.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Buna səbəb Kiyevin Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə hərbi hissələrdən birinə fəxri ad verməsi olub. UPA-nın fəaliyyəti iki ölkə arasında hələ də ciddi tarixi mübahisə mövzusudur.
Polşa Prezidenti Karol Navroski Ukrayna hakimiyyətinin bu addımını “qəbuledilməz”, “anlaşılmaz” və “dərin məyusedici” adlandırıb.
Onun sözlərinə görə, polyakların əksəriyyəti üçün UPA ilk növbədə İkinci Dünya müharibəsi illərində Volında polyak əhalisinin kütləvi qətliamı ilə əlaqələndirilir.
Polşa lideri vurğulayıb ki, Kiyevin bu addımı iki ölkə arasında illər ərzində formalaşmış etimadı sarsıdır. O xatırladıb ki, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra Polşa milyonlarla ukraynalı qaçqını qəbul edib.
Bununla yanaşı, Polşa prezidenti qeyd edib ki, diplomatik münaqişə Ukraynaya Rusiyaya qarşı mübarizəsində göstərilən dəstəyə təsir etməyəcək. Lakin o xəbərdarlıq edib ki, Ukraynanın Avropa İttifaqına üzvlük yolu öz tarixinin mürəkkəb səhifələrinə dürüst yanaşma tələb edir.
Ukraynanın xarici işlər naziri Andrii Sibiha Varşavanın qərarını kəskin tənqid edərək bunu “strateji səhv” və hörmətsizlik nümunəsi adlandırıb. Onun sözlərinə görə, mübahisənin böyüməsindən yalnız Moskva faydalanır.
“Başqa bir ölkənin heç bir prezidenti bizə öz tariximizi diktə edə bilməz”, – deyə nazir bildirib.
Etiraz əlaməti olaraq o, 2022-ci ildə aldığı Polşa mükafatını geri qaytarmaq niyyətində olduğunu da açıqlayıb.
“Ağ qartal” ordeni Zelenskiyə 2023-cü ildə Polşanın o zamankı prezidenti Anjey Duda tərəfindən Varşava ilə Kiyev arasındakı xüsusi münasibətlərin rəmzi kimi təqdim edilmişdi.
Polşa ilə Ukrayna arasındakı əsas tarixi mübahisə 1943–1945-ci illərdə baş vermiş Volın qırğını ilə ilə bağlıdır. Həmin dövrdə UPA bölmələri Volın və Şərqi Qalisiyada polyak mülki əhalisinə qarşı kütləvi qırğınlar törədib. Qurbanlar arasında qadınlar, uşaqlar və yaşlılar da olub.
Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qiymətləndirir. 2016-cı ildə Polşa parlamenti Volın qırğınını rəsmi şəkildə soyqırımı kimi tanıyıb.