ABŞ Qətərlə birlikdə İranın xaricdə dondurulmuş vəsaitlərinin bir hissəsinə humanitar məqsədlərlə çıxış əldə etməsi üçün mexanizm üzərində işləyirlər.
Modern.az xəbər verir ki, bu barədə danışıqların gedişindən məlumatlı mənbə “The Wall Street Journal”a bildirib.
Bu addım yaxın zamanda əldə olunmuş müharibənin dayandırılması sazişi çərçivəsində ilk maliyyə təşviqlərindən biri kimi nəzərdən keçirilir.
Plan hələ yekun şəkildə təsdiqlənməyib. Lakin nəzərdə tutulur ki, Tehran dünyanın müxtəlif ölkələrində dondurulmuş təxminən 100 milyard dollar həcmində aktivlərinin bir hissəsindən istifadə etməyə başlaya biləcək.
İlk mərhələdə söhbət Qətərdə saxlanılan 6 milyard dollardan gedir.
Müzakirə olunan sxemə əsasən, İran Mərkəzi Bankının aldığı ərzaq, dərman və digər humanitar malların ödənişini Qətər həyata keçirəcək.
Bu vəsaitlər dondurulmuş İran aktivlərindən ayrılacaq. Həmin aktivlərin əhəmiyyətli hissəsi beynəlxalq sanksiyalar səbəbindən xaricdə bloklanmış neft satışından əldə olunan gəlirlərdən ibarətdir.
Mənbələrin sözlərinə görə, bu vəsaitlərə çıxışın təmin edilməsi ABŞ-la İran arasında gərginliyin azaldılmasına və əldə olunmuş razılaşmaların möhkəmləndirilməsinə yönəlmiş sazişin praktiki nəticələrindən biri olmalıdır.