Modern.az

ABŞ İranla razılığa gəldi

ABŞ İranla razılığa gəldi

Dünya

Bu gün, 09:14

İsveçrədə keçirilən ABŞ-İran danışıqları irəliləyiş əldə etməyə imkan verib və bu, nikbinlik yaradır.

Modern.az xəbər verir ki, bu barədə danışıqlarda vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndələrinin bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, görüş “müsbət və konstruktiv” atmosferdə keçib.

Birgə bəyanatda ABŞla İran arasında yekun razılaşmanın 60 gün ərzində əldə olunmasını hədəfləyən yol xəritəsi üzərində razılıq əldə edildiyi açıqlanıb.

Bəyanatda bildirilir ki, İsveçrənin Bürgenştok bölgəsində, İslamabad Razılaşması çərçivəsində keçirilən ilk yüksək səviyyəli danışıqlar raundu İran, ABŞ və vasitəçi tərəflər olan Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə başa çatıb.

Lüsern gölü sahilində keçirilən görüşlərin müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd olunub. Texniki danışıqların irəlilədilməsi üçün mexanizmin yaradılması da daxil olmaqla, ümidverici nəticələrin əldə edildiyi vurğulanıb.

Tərəflər vasitəçilik prosesinə siyasi nəzarəti həyata keçirəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəliblər. Məlumata görə, baş danışıqçılar müntəzəm olaraq bu komitəyə hesabat təqdim edəcəklər.

Bundan əlavə, nüvə proqramı, sanksiyalar, eləcə də mübahisələrin izlənməsi və həlli ilə məşğul olacaq işçi qrupları yaradılacaq. Bu qruplar əldə olunacaq razılaşmanın effektiv şəkildə icrasına nəzarət edəcəklər.

Bəyanatda qeyd olunur ki, yekun sazişin 60 gün ərzində əldə edilməsini nəzərdə tutan yol xəritəsi üzərində razılıq əldə olunub və bu, texniki danışıqların dərhal başlamasına şərait yaradıb.


Tərəflər həmçinin razılaşıblar ki, hazırlanacaq sənədin mətnində nəzərdə tutulan müddət ərzində ticarət gəmilərinin Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidi təmin edilsin, eləcə də mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə birbaşa əlaqə xətti yaradılsın.

Digər tərəfdən, Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın yerinə yetirilməsini təmin etmək üçün tərəflər və Livan arasında, vasitəçilərin dəstəyi ilə fəaliyyət göstərəcək “gərginliyin azaldılması bölməsi”nin yaradılması barədə də razılıq əldə olunub.

Texniki danışıqların həftənin sonuna qədər Bürgenştokda bütün mövzular üzrə davam etdiriləcəyi bildirilib.

Qətər və Pakistan yekun sazişə nail olunması məqsədilə danışıqların konstruktiv mühitdə davam etməsi üçün bütün səylərini göstərəcəklərini vurğulayıblar.

Vasitəçi ölkələr həmçinin diplomatiyaya və münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarına görə İran və ABŞ-a təşəkkür edib, danışıqlar prosesinə dəstək verən dost və qardaş ölkələrə də minnətdarlıqlarını bildiriblər.

İranın xarici işlər naziri Abbas Araqçı X sosial şəbəkəsində verdiyi açıqlamada bildirib ki, “Pakistan və Qətərin vasitəçilik istiqamətində yorulmaz səyləri Livandakı müharibənin dayandırılması yolunda mühüm irəliləyişə səbəb olub”.

Nzirin sözlərinə görə, Tehran və Vaşinqton arasında aparılan danışıqlarda Pakistan və Qətərin vasitəçilik fəaliyyəti nəzərəçarpacaq nəticələr verib. Onun sözlərinə görə, İran neftinin ixracına tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılıb.

“İranın neft və neft-kimya məhsullarının ixracına qoyulmuş məhdudiyyətlər ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üçün genişmiqyaslı proqram işə salınıb”.

Araqçı əlavə edib ki, vasitəçilərin fəaliyyəti sayəsində Livandakı müharibənin dayandırılması məsələsində də mühüm irəliləyiş əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV