2026-cı ildə dünyanın ən etibarlı avtomobil markaları reytinqinə Yaponiyanın Toyota konserninə məxsus premium avtomobil markası olan Lexus başçılıq edib.
Modern.az xəbər verir ki, müvafiq infoqrafikanı “Visual Capitalist” portalı təqdim edib.
Lexus ardıcıl dördüncü dəfə 1-ci yeri tutub. Bu marka hər 100 avtomobilə 151 problem göstəricisi ilə ən yaxşı nəticəni göstərib. İkinci yerdə 160 göstərici ilə Buick, üçüncü yerdə isə 168 göstərici ilə MINI qərarlaşıb.
Birinci yer heç də təəccüblü deyil, çünki ümumilikdə yapon istehsalçıları çox uğurlu nəticələr göstəriblər.
Subaru, Toyota, Nissan, Honda və Mazda sənaye üzrə orta göstəricidən daha yaxşı nəticə əldə edərək Yaponiyanın etibarlı avtomobil istehsalında dünya liderlərindən biri olduğunu bir daha təsdiqləyiblər.
Qərb ölkələrinin premium markaları olan Cadillac, Porsche və BMW də yüksək nəticələr göstərərək reytinqin yuxarı yarısında yer alıblar.
Reytinqin aşağı hissəsində isə sahiblərinin daha çox nasazlıq bildirdiyi markalar qərarlaşıb. Volkswagen, Volvo və Land Rover ən problemli markalar arasında olub. Onların arasında ən zəif nəticəni Volkswagen göstərib – hər 100 avtomobilə 301 problem. Bu, reytinq liderinin göstəricisindən demək olar ki, iki dəfə çoxdur.
Ümumilikdə avtomobil sənayesində vəziyyəti yaxşı adlandırmaq çətindir. Bu il sürücülər əvvəlki illərlə müqayisədə daha çox problem barədə məlumat veriblər – orta hesabla hər 100 avtomobilə 204 problem düşüb.
Ən problemli sahə multimedia sistemləri olub. Hazırda proqram təminatındakı nasazlıqlar ənənəvi mexaniki problemlərdən daha çox şikayətə səbəb olur. Xüsusilə Android Auto və Apple CarPlay ilə bağlantı problemləri artıq üçüncü ildir ki, avtomobil sahiblərinin ən çox şikayət etdiyi məsələ olaraq qalır.
Araşdırma həmçinin avtomobillərin etibarlılığının mühərrik növündən asılı olaraq ciddi fərqləndiyini göstərib. Ən etibarsız kateqoriya plug-in hibridlər olub – bu avtomobillərdə hər 100 avtomobilə 281 problem qeydə alınıb. Bu göstərici ötən illə müqayisədə xeyli pisləşib.
Ənənəvi benzin mühərrikli avtomobillər isə etibarlılığını yaxşılaşdıran yeganə kateqoriya olub. Onlarda orta göstərici hər 100 avtomobilə 198 problemə qədər enib.

Qrafik ABŞ-ın avtomobil araşdırmaları şirkəti J.D. Power tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb. Araşdırmada avtomobillərin ilk sahibləri tərəfindən üç illik istismar müddətindən sonra aşkar edilən nasazlıqlar qiymətləndirilib.
Daha əvvəl SlashGear nəşri iSeeCars araşdırmasına istinadən Lexus-un ən etibarlı dörd modelini açıqlamışdı:
Lexus IS
Lexus GX
Lexus RX Hybrid
Lexus ES Hybrid
Mütəxəssislərin sözlərinə görə, bu avtomobillər ciddi nasazlıq olmadan 400 min kilometrdən çox məsafə qət edə bilirlər.
Həmçinin avtomobil ekspertləri 2026-cı ildə almağa dəyər olan dörd etibarlı kompakt modeli də tövsiyə ediblər:
Honda Civic
Toyota Corolla
Mazda3
Hyundai Elantra