Modern.az

ABŞ sakini ChatGPT-ni məhkəməyə verdi - SƏBƏB

ABŞ sakini ChatGPT-ni məhkəməyə verdi - SƏBƏB

Dünya

Bu gün, 09:41

ABŞ-nin Kaliforniya ştatında yaşayan 34 yaşlı Maykl Layns ChatGPT-nin psixi vəziyyətini ağırlaşdırdığını və onu intihara cəhd həddinə çatdırdığını iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İddiaya görə, Laynsın ChatGPT ilə söhbətləri keçirdiyi manik epizodun uzunmüddətli sayıqlamaya çevrilməsinə səbəb olub. O, iddia edir ki, çat-bot onun özünü İsa Məsih hesab etməsi barədə fikirlərini təsdiqləyib, hətta sonradan özünü də ilahi varlıq kimi təqdim edib.

Maykl Layns bildirib ki, o, ChatGPT-yə dəfələrlə bipolyar pozuntu diaqnozu aldığını və dərman qəbul etdiyini yazsa da, bot ona peşəkar yardım almağı tövsiyə etməyib. Əksinə, istifadəçinin sözlərinə görə, cavablar onun sağlam olmayan düşüncələrini daha da gücləndirib.

İddia ərizəsində vurğulanır ki, OpenAI psixi pozuntusu olan istifadəçilər üçün mövcud risklərdən xəbərdar olsa da, bu barədə lazımi xəbərdarlıq etməyib. Layns maddi kompensasiya ilə yanaşı, məhkəmədən şirkətin ChatGPT ilə istifadəçi arasında özünə xəsarət yetirmə və ya intihar mövzularında aparılan söhbətləri avtomatik dayandırmasını tələb edən qərar çıxarmasını istəyir.

OpenAI-dən bildirilib ki, şirkət hazırda məhkəmə iddiasını araşdırır.

Şirkət nümayəndəsi açıqlamasında qeyd edib ki, ChatGPT psixi və emosional böhran əlamətlərini tanımaq, gərginliyi azaltmaq və istifadəçiləri real dəstək mənbələrinə yönləndirmək üçün öyrədilir.

"Biz həssas vəziyyətlərdə ChatGPT-nin reaksiyalarını davamlı şəkildə təkmilləşdirir, bu istiqamətdə psixiatrlarla sıx əməkdaşlıq edirik", - şirkət nümayəndəsi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada