Modern.az

Ərdoğan sabah Trampla görüşəcək - Mövzu açıqlandı

Ərdoğan sabah Trampla görüşəcək - Mövzu açıqlandı

Dünya

Bu gün, 13:43

Türkiyənin Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin bərpasına dair təşəbbüsləri çərşənbə axşamı Ankarada keçiriləcək Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın planlaşdırılan görüşünün əsas mövzularından biri olacaq.

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə hökumətindəki mənbə bildirib.

Ərdoğan iyunun 29-da çıxış edərək Rusiya–Ukrayna münaqişəsinin həlli üçün dialoq yolu ilə yaxın zamanda konkret nəticələr əldə edilməsinin vacibliyini qeyd edib.

“Münaqişənin həlli üzrə danışıqların bərpasına dair Türkiyənin təşəbbüsləri Ərdoğan və Trampın Ankaradakı görüşünün gündəliyinə daxil ediləcək”, - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, 7-8 iyul tarixlərində Türkiyənin ev sahibliyi ilə keçiriləcək Ankara Zirvəsində 32 üzv ölkə ilə yanaşı, Asiya-Sakit okean regionundakı bəzi NATO tərəfdaşlarının liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla müxtəlif dəvətlilərin iştirakı nəzərdə tutulur.

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsinin ilk günündə liderlər indiyədək keçirilmiş ən geniş NATO Müdafiə Sənayesi Forumunda bir araya gələcəklər. İkinci gün isə iclaslarda zirvənin əsas gündəm məsələləri müzakirə olunacaq.

Ukraynaya dəstəyin gələcəyinin də müzakirə olunacağı zirvədə müttəfiqlərin müdafiə xərclərini və müdafiə sənayesi istehsal güclərini artırmaq barədə öhdəliklər götürmələri gözlənilir.

NATO Ankara Zirvəsi beynəlxalq mətbuatın ən geniş şəkildə iştirak edəcəyi NATO zirvəsi olacaq.

Xatırladaq ki, 2025-ci ildə Rusiya və Ukrayna İstanbulda üç birbaşa danışıqlar raundu keçirib. Bu danışıqların nəticəsi əsir mübadiləsi olub. Bundan əlavə, Rusiya Ukrayna tərəfindən həlak olmuş hərbçilərin cəsədlərini Kiyev tərəfinə təhvil verib. Tərəflər həmçinin münaqişənin həlli ilə bağlı memorandum layihələri mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV