ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğunu bildirəcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Trampın bu addımı necə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 satışına qoyduğu qadağanı hansı yolla keçəcəyi hələlik aydın deyil. ABŞ administrasiyasındakı mənbələr hesab edirlər ki, Türkiyənin "F-35 proqramı"na qaytarılması prosesini başlatmaq üçün liderlər rəsmi məktublar mübadiləsi edə bilərlər.
Bildirilir ki, ABŞ Prezidenti iyulun 7-də Türkiyəyə səfər edəcək və burada NATO sammitində iştirak edəcək.
Qəzet qeyd edir ki, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin mövqeyini dəyişə biləcəyini də istisna etmirlər. İyunun sonunda Euractiv portalı yazmışdı ki, Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərindən imtina etsə, lakin onları Rusiyaya qaytarmayıb üçüncü ölkəyə satsa, ABŞ F-35 qırıcılarının satışına yenidən baxa bilər.
Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə Türkiyəni "F-35 proqramı"ndan çıxarmışdı. Vaşinqton bunu Ankaranın həm S-400, həm də F-35 sistemlərini eyni vaxtda istifadə etməklə qırıcının zəif tərəfləri barədə məlumat toplaya biləcəyi ilə əsaslandırmışdı.
Türkiyəyə F-35 təyyarələrinin verilməsinə həmçinin Ankara ilə münasibətləri pisləşən İsrail və Türkiyənin NATO üzrə müttəfiqi, eyni zamanda tarixi rəqibi olan Yunanıstan da fəal şəkildə qarşı çıxır. Hər iki ölkə hesab edir ki, F-35-lərin Türkiyəyə verilməsi regiondakı qüvvələr balansını poza bilər.