Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) İrandan Rusiyaya gül tədarükünün kəskin artması fonunda Ermənistan mənşəli məhsulların mümkün reeksportu (təkrar ixrac) ilə bağlı narahatlığını ifadə edib.
Modern.az xəbər verir ki, qurum İranın Bitki Mühafizəsi Təşkilatına müraciət edərək Rusiyaya ixrac olunan güllər üçün fitosanitar sertifikatların verilməsinin müvəqqəti dayandırılmasını xahiş edib. Rosselxoznadzorun məlumatına görə, 2026-cı ildə İrandan Rusiyaya gül idxalının nəzərəçarpacaq dərəcədə artması bu məhsulların Ermənistandan yenidən ixrac edilməsi ehtimalını gündəmə gətirib.
Açıqlamada bildirilir ki, fitosanitar sertifikatlarda məhsulun mənşə ölkəsi kimi İran göstərilsə də, məhsulun xarici görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal olunan güllərlə eynilik təşkil edir.
Rosselxoznadzor məsələ ilə bağlı bütün halların araşdırılması məqsədilə ikitərəfli danışıqların keçirilməsini təklif edib. Qurum sertifikatlaşdırma prosesinin həmin danışıqlar başa çatana və vəziyyət tam aydınlaşana qədər dayandırılmasını istəyib.
Məlumatda qeyd olunur ki, Rusiyanın Ermənistan mənşəli güllərin idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda İrandan tədarük həcmlərinin artması nəzarət orqanlarının diqqətini cəlb edib.
Bundan əvvəl Niderlandın Rusiyanın iqtisadi təzyiqləri fonunda erməni gül istehsalçılarına dəstək verdiyi bildirilmişdi.