Qəzzanın Səbra məhəlləsində dağıntılar altından çıxarılan eyni ailəyə məxsus 112 nəfərin qalıqları kütləvi şəkildə dəfn olunub.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fələstin rəsmilərinin bildirdiyinə əsasən, 2023-cü il noyabrın 22-də İsrailin hava zərbələri nəticəsində Əl-Həssayna (Əbu Şəriə) nəslindən ümumilikdə 308 nəfər həlak olub. Onlardan bir hissəsinin cəsədləri həmin vaxt çıxarılaraq dəfn edilsə də, 153 nəfərin qalıqları dağıntılar altında qalıb.
Son həftələr 40 nəfərlik axtarış qrupu 17 gün davam edən əməliyyat nəticəsində itkin düşənlərdən 112-nin qalıqlarını aşkar edib. Qalıqlar torpağa tapşırılıb və bu, Qəzzada müharibə dövrünün ən böyük kütləvi dəfn mərasimlərindən biri olub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada müharibə başlayandan bəri 73 mindən çox fələstinlinin öldüyü təsdiqlənib. Daha təxminən 8 min nəfərin cəsədinin isə hələ də dağıntılar altında qaldığı ehtimal olunur.