Modern.az

Ərdoğan AKP-nin 2071-ci il planını AÇIQLADI

Ərdoğan AKP-nin 2071-ci il planını AÇIQLADI

Dünya

Bu gün, 10:19

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın 25 illik yubileyi ilə bağlı Ankarada keçirilən tədbirdə AK Partinin qarşıdakı 25 və 50 il üçün fəaliyyət planının hazırlandığını açıqlamışdı.

Modern.az xatırladır ki, Ərdoğan tədbirdə partiyanın gələcək prioritetlərini əhatə edən 69 səhifəlik vizyon sənədini təqdim edib.

Türkiyə Prezidenti bildirib ki, AK Parti yeni mərhələyə qədəm qoyur və partiyanın qarşısında uzunmüddətli hədəflər dayanır.

Vizyon sənədində 10 əsas istiqamət müəyyənləşdirilib. Bunlar arasında yüksək əlavə dəyər yaradan istehsal, rəqəmsal suverenlik, məhkəmə sistemi, yeni konstitusiya, ailə və sosial siyasət, qadınlar, gənclər və yaşıl transformasiya kimi məsələlər yer alır.

Ərdoğan partiyanın yalnız qarşıdakı seçkilərə deyil, daha uzunmüddətli perspektivə kökləndiyini vurğulayıb.

O, Türkiyənin qarşısında 2053 və 2071-ci illərlə bağlı strateji hədəflərin dayandığını bildirib.

Ərdoğan həmçinin hökumətin həyata keçirdiyi “Terrorsuz Türkiyə” təşəbbüsünə diqqət çəkib. Onun sözlərinə görə, ölkə uzun illər ərzində ciddi insan və resurs itkisinə səbəb olan terror probleminin həlli istiqamətində yeni mərhələyə keçir.

Türkiyə Prezidenti AK Partinin 25 illik siyasi fəaliyyətinin başa çatmış bir mərhələ deyil, yeni başlanğıc olduğunu bildirib.

“Biz yeni başlayırıq” mesajı verən Ərdoğan partiyanın qarşıdakı dövrdə də Türkiyənin inkişafı üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, AK Parti 14 avqust 2001-ci ildə yaradılıb və 2002-ci il parlament seçkilərindən sonra hakimiyyətə gəlib. Partiya həmin vaxtdan etibarən Türkiyənin hakim siyasi qüvvəsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü