Modern.az

İran qonşusuna dron hücumunu pislədi

İran qonşusuna dron hücumunu pislədi

Dünya

Bu gün, 10:32

İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstanının baş naziri Məsrur Bərzaninin ofisinə edilən hücumu pisləyib.

Modern.az xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Baş nazir Bərzaninin ofisinə qarşı bu ehtiyatsız hücumu heç nə ilə əsaslandırmaq mümkün deyil”, - deyə İran XİN rəhbəri bildirib.

O, kürdləri qonşu ölkələr arasında qarşıdurma yaratmağa yönəlmiş təxribatlara qarşı diqqətli olmağa çağırıb.

“Kürd dostlarımız qonşu ölkələr arasında nifaq salmağa yönəlmiş təxribatlara qarşı ayıq-sayıq olmalıdırlar. Biz kürd dostlarımızı Səddamın və İŞİD-in hücumlarından qorumuşuq və onlar tərəfindən sərhədimizdə yaradılan təhlükəsizliyə görə minnətdarıq”, - Əraqçi qeyd edib.

Qeyd edək ki, avqustun 17-də İraq Kürdüstanının paytaxtı Ərbildə Məsrur Bərzaninin şəxsi ofisi və regionun təhlükəsizlik və kəşfiyyat xidmətinin rəhbərinin iqamətgahı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Kürdüstanın təhlükəsizlik qurumları hücumda iki drondan istifadə edildiyini və onların İran ərazisindən buraxıldığını açıqlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İraqın xarici işlər naziri Fuad Hüseyn isə hadisə ilə bağlı iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb və Tehrandan hücumla bağlı rəsmi izahat tələb edib. İran tərəfi isə hücumun İran ərazisindən həyata keçirildiyini təsdiqləyən məlumata malik olmadığını bildirib.

İraq hökuməti hücumun mənbəyinin, səbəblərinin və arxasında dayanan tərəflərin müəyyənləşdirilməsi üçün araşdırma aparılacağını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür