Modern.az

Ermənistan beynəlxalq məhkəməyə verildi

Ermənistan beynəlxalq məhkəməyə verildi

Dünya

Bu gün, 10:42

Belarus və Rusiya vətəndaşlığı olan biznesmen Mikalay Vinitski Ermənistan hökumətinə qarşı İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID) investisiya arbitrajı başladıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iş sentyabrın 4-də ICSID-in məlumat bazasında rəsmi qeydiyyata alınıb.

İş “Mikalai Vinitski v. Republic of Armenia” (ARB/26/37) adı ilə qeydə alınıb. Mərkəzin məlumatına görə, mübahisənin predmeti səhmlərin əldə edilməsi ilə bağlıdır. Vinitskinin iddiasında 2001-ci il Belarus–Ermənistan investisiyaların qarşılıqlı qorunması haqqında sazişə və Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə istinad edilir.

Vinitski Ermənistanın müxalifət siyasətçisi və biznesmen Qagik Tsarukyanın biznes tərəfdaşıdır. O, Tsarukyanla əlaqəli bir sıra şirkətlərə, o cümlədən “Araratcement”, “Multi Group Concern” və “Multi Wellness Center” şirkətlərinə investisiya qoyub. Ermənistan mediasının yazdığına görə, onun investisiyaları “Yerevan Ararat Brandy-Wine-Vodka Factory” ilə də əlaqəlidir.

Biznesmenin iddiasının əsasını Ermənistan hakimiyyətinin onun investisiyalarına siyasi motivlərlə təzyiq göstərdiyi barədə arqumentlər təşkil edir. Vinitski daha əvvəl Ermənistan hökumətinə göndərdiyi bildirişdə dövlət orqanlarının fəaliyyəti nəticəsində investisiyalarının hüquqlarının pozulduğunu və biznes fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığını iddia edib.

Məsələ “Araratcement”in səhmləri ilə bağlı Ermənistan məhkəməsinin qərarından sonra daha da aktuallaşıb. Ermənistanın Anti-Korrupsiya Məhkəməsinin 13 iyul 2026-cı il tarixli qərarı ilə qanunsuz mənşəli əmlakın müsadirəsi işi çərçivəsində “Araratcement”in səhmlərinin idarə olunması və qorunması Ermənistan dövlətinə verilib.

Vinitskinin maraqlarını ABŞ-da fəaliyyət göstərən Grigoryan Disputes hüquq firması təmsil edir. ICSID-in rəsmi məlumatında da iddiaçının nümayəndəsi kimi bu şirkət göstərilir. Ermənistan tərəfini isə beynəlxalq hüquqi məsələlər üzrə dövlət nümayəndəliyi təmsil edir.

ICSID-in məlumatına görə, iş üzrə arbitraj prosesinin başlanması üçün müraciət sentyabrın 4-də baş katib tərəfindən qeydiyyata alınıb və hazırda iş üzrə yekun qərar yoxdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?