Modern.az

Koçaryanın həbsxana kamerasından təzə xəbər var

Koçaryanın həbsxana kamerasından təzə xəbər var

Dünya

Bu gün, 17:48

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın saxlanıldığı paytaxtdakı “İrəvan-Kentron” penitensiar müəssisəsinin kamerasında şərait dəyişib.

Modern.az xəbər verir ki, bu barədə R.Köçəryanın vəkili Ovanes Xudoyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Bundan əvvəl Ermənistanın ombudsmanı Anahit Manasyanın Köçəryan və keçmiş maliyyə naziri Qagik Xaçatryanın saxlanma şəraiti ilə bağlı penitensiar xidmət rəhbərliyinə müraciət etdiyi məlum olmuşdu. Ombudsmanın müdaxiləsindən sonra bəzi məsələlərin həll edildiyi bildirilib.

Vəkilin sözlərinə görə, Köçəryanın saxlanıldığı tək nəfərlik və kifayət qədər dar kamerada məkanı daha da məhdudlaşdıran ikimərtəbəli çarpayı qoyulmuşdu. Manasyanın müraciətindən sonra çarpayının ikinci mərtəbəsi sökülüb və bununla kamerada bir qədər əlavə yer yaranıb.

Bundan başqa, kamerada istifadəyə yararsız bəzi zəruri əşyalar da olub. Onlar da yeniləri ilə əvəzlənib.

Vəkilin sözlərinə görə, əsas problemlərdən biri işıqlandırmadır və bu, beynəlxalq standartlara cavab vermir.

“Gündüz vaxtı elektrik işığı söndürüldükdə kamerada, məsələn, kitab oxumaq üçün kifayət qədər işıq olmalıdır. Lakin kamerada belə işıqlandırma yoxdur. Buna görə də bu məsələni yenidən qaldırmalıyıq”, – deyə Xudoyan bildirib.

O əlavə edib ki, bu məsələ ilə yalnız ombudsman məşğul olmur. Parlament deputatları, o cümlədən “Ermənistan” fraksiyasının nümayəndəsi Geqam Manukyan da məsələnin həlli ilə maraqlanır.

Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaqın versiyasına görə, Robert Köçəryan prezident olduğu dövrdə digər şəxslərlə əlbir olaraq və xidməti vəzifəsindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Avqustun 27-də səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş dövlət başçısının iki ay müddətinə həbs edildiyini açıqlayıb.

Eks-prezidentin oğlu Sedrak Köçəryan da həbsdədir.

Cinayət işi üzrə Köçəryan ailəsinə məxsus 35 əmlak vahidi keçir. Şirkətlərin bir hissəsinə isə möhür vurulub.

Robert Köçəryan vaxtilə Qarabağdakı qanunsuz separatçı rejimin rəhbərlərindən biri kimi Azərbaycan torpaqlarının işğalında, dinc azərbaycanlılara qarşı kütləvi qırğınların (o cümlədən Xocalı faciəsinin) təşkilində və idarə olunmasında iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?