Fransanın nüfuzlu "L'Équipe" nəşri 2026-cı il dünya çempionatının 1/8 final mərhələsindəki Fransa-Paraqvay (1:0) oyununu idarə edən özbəkistanlı hakim İlqiz Tantaşevə şok qiymət verib.
Modern.az xəbər verir ki, nəşr referinin performansını 10 bal üzərindən 1 balla qiymətləndirib.
Bu, "L'Équipe"in dünya çempionatları tarixində bir baş hakimə verdiyi ən aşağı və "tarixi" rüsvayçı qiymət hesab olunur. Ekspertlərin və fransız mediasının qənaətinə görə, Tantaşev matçın gedişatına nəzarəti tamamilə itirib və meydandakı "çirkli oyunlara", həmçinin paraqvaylı futbolçuların kobudluğuna qarşı laqeyd qalıb.
Qeyd olunub ki, Paraqvay yığması matç ərzində 13 dəfə qaydaları pozsa da, hakim onlara bir dənə də olsun sarı vərəqə göstərməyib. 1998-ci ildən bəri dünya çempionatlarında ilk dəfədir ki, bir komanda belə kobud oyuna baxmayaraq, "təmiz" çıxır.
Fransaya qarşı qərəzli yanaşma da iradlardan biridir. Oyunda verilən hər 3 sarı vərəqə (Bredli Barkola, Manu Kone və Maykl Olise) yalnız Fransa yığmasının payına düşüb.
Fransanın qələbəsinə səbəb olan penalti epizodu hakim tərəfindən deyil, yalnız VAR sisteminin müdaxiləsindən sonra qeydə alınıb. Bundan başqa, meydanda iki dəfə kütləvi qarşıdurma yaşanmasına baxmayaraq, Tantaşev oyunun tempini və oyunçuların davranışını tənzimləyə bilməyib.
Almaniyalı beynəlxalq dərəcəli hakim Patrik İttrix Tantaşevin bu performansını "fəlakətli" adlandırıb. Sosial şəbəkələrdə isə azarkeşlər özbəkistanlı referinin DÇ-2026-da daha heç bir oyuna təyin olunmamasını tələb edirlər.