Son illər dünyada olduğu kimi, Azərbaycanda da ödəniş vərdişləri sürətlə dəyişir. İnsanların gündəlik alış-veriş zamanı nağd puldan daha çox bank kartlarına və rəqəmsal ödəniş vasitələrinə üstünlük verməsi müşahidə olunur. Kartla ödənişlərin sayı artdıqca, nağd puldan istifadə tədricən azalır.
Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik əsasən texnologiyanın inkişafı, mobil bankçılığın geniş yayılması və insanların daha rahat, sürətli ödəniş imkanlarına marağının artması ilə bağlıdır. Bir neçə saniyə ərzində həyata keçirilən kart və telefon ödənişləri həm istehlakçılar, həm də biznes subyektləri üçün daha əlverişli hesab olunur.
Bank kartlarından istifadənin artmasının digər səbəbləri arasında onlayn alış-verişin genişlənməsi, elektron xidmətlərin çoxalması və nağdsız ödənişlər üçün yaradılan imkanların artması da göstərilir. Bir çox mağaza, restoran, xidmət mərkəzi və nəqliyyat sistemində artıq kart və rəqəmsal ödənişlər əsas seçimlərdən birinə çevrilib.
Bununla belə, nağd pulun tamamilə aradan qalxması yaxın perspektivdə real görünmür. Xüsusilə kiçik yaşayış məntəqələrində, bəzi xidmət sahələrində və müəyyən sosial qruplar arasında nağd puldan istifadə hələ də davam edir. Nağd pul insanların maliyyə davranışında mühüm yer tutur və bir çox hallarda alternativ ödəniş vasitəsi kimi qalır.
Gələcəkdə isə maliyyə sistemində nağdsız ödənişlərin payının daha da artacağı gözlənilir. Rəqəmsal texnologiyaların inkişafı ilə kartlar, mobil tətbiqlər və digər elektron ödəniş vasitələri gündəlik həyatın daha böyük hissəsinə çevriləcək. Lakin nağd pulun tamamilə yox olması üçün həm texnoloji, həm də sosial baxımdan daha uzun müddət tələb oluna bilər.
Beləliklə, dünya tədricən nağdsız iqtisadiyyata doğru irəliləyir. Kart ödənişlərinin artması puldan istifadə formasını dəyişsə də, nağd və rəqəmsal ödənişlərin müəyyən müddət paralel şəkildə mövcud olacağı gözlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında Azərbaycanın nağd puldan imtinanı müzakirə etmədiyini, əsas məqsədin isə nağdsız ödənişlərin həcmini artırmaq olduğunu bildirib:
“Artıq bir sıra ölkələrdə, o cümlədən Skandinaviya ölkələrində nağd pulun, yəni kağız əskinasların dövriyyədən çıxarılması məsələsi müzakirə olunub. Çünki praktik olaraq həm süni intellektin inkişafı, həm də rəqəmsal ödənişlərdən istifadənin genişlənməsi nəticəsində nağd pula tələbat azalıb. Nağd pula tələbatın azalması isə bir sıra ölkələrdə onun saxlanılması və istifadəsinin davam edib-etməməsi məsələsini gündəmə gətirib.
Təbii ki, Azərbaycan üçün hələlik nağd puldan imtina edilməsi aktual deyil və bu məsələ müzakirə olunmur. Amma aktual məsələ qeyri-nağd ödənişlərin həcminin artırılmasıdır. Məqsəd ondan ibarətdir ki, nağdsız ödənişlərin həcmi daha da artsın. Bu, bir tərəfdən şəffaflığın yüksəlməsinə, dövlət büdcəsinə daha çox vergi daxilolmalarının təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə istehlakçılarda rəqəmsal ödənişlərlə bağlı formalaşan ənənəni daha da gücləndirir.
Doğrudur, son illərdə biz bu ənənənin ciddi şəkildə gücləndiyini müşahidə edirik. Bu baxımdan, xüsusilə süni intellektin inkişafı və maliyyə bazarında yaranan yeni yanaşmalar təbii proses kimi rəqəmsal ödəniş sistemlərinin daha da aktuallaşmasına səbəb olacaq.
Şübhəsiz ki, gözləntilər ondan ibarətdir ki, tədricən qlobal miqyasda mövcud valyuta və ödəniş sistemləri yeni yanaşmalarla əvəzlənəcək. Artıq bəzi ölkələrdə nağd pul istifadəsinin tamamilə qadağan ediləcəyi ilə bağlı konkret yanaşma olmasa da, rəqəmsal ödənişlərin rolunun artacağı gözlənilir.
Azərbaycan isə hələlik nağd puldan imtinanı müzakirə etmir. Lakin gözləntilərə görə, 2026-cı ilin ikinci yarısında kriptovalyuta ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Bu isə o deməkdir ki, Azərbaycanda da ödəniş sistemində yaxın aylarda yeni mərhələnin başlanmasının şahidi ola bilərik”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, nağd pulun gələcəkdə tamamilə yoxa çıxması çətindir, çünki rəqəmsal ödənişlər artsa da, nağd pul fiziki təhlükəsizlik və əlçatanlıq qazandırır:
"Son illərdə kartla və telefon vasitəsilə ödənişlərin sürətlə yayılması insanların pul xərcləmə vərdişlərini ciddi şəkildə dəyişib. Artıq marketdə, restoranda, taksidə, hətta kiçik mağazalarda belə nağd puldan çox kart və QR ödənişlərinə üstünlük verilir. Banklar və rəqəmsal platformalar bunu həm rahatlıq, həm təhlükəsizlik, həm də şəffaflıq kimi təqdim edir.
Amma əgər internet və ya bank sistemləri işləməzsə, bankomatlara çıxış mümkün olmazsa, insanlar gündəlik ödənişləri həyata keçirmək üçün mütləq şəkildə nağd vəsaitə ehtiyac duyurlacaqdır. Buna görə də bir çox insanlar ehtiyat məqsədilə öz üzərlərində müəyyən məbləğdə nağd pul saxlayırlar.
Texnologiya inkişaf etsə də, süni intellekt və rəqəmsal ödəniş sistemləri genişlənsə də, nağdsız dövriyyəyə tam keçid hələ uzunmüddətli proses olaraq qalacaqdır. Bunun əsas səbəblərindən biri odur ki, iqtisadiyyatın bütün sahələri eyni səviyyədə rəqəmsallaşmayıb.
Ümumilikdə, texnologiya nə qədər inkişaf etsə də, bəzi əməliyyatlar və müəyyən əhali qrupları üçün nağd pul zəruri olaraq qalacaq. Elektrik kəsintisi, internetin olmaması və ya bank sistemlərində yaranan nasazlıqlar kimi hallarda insanlar alternativ olaraq yenə də nağd vəsaitə üstünlük verirlər. Buna görə də yaxın gələcəkdə nağd pulun tamamilə dövriyyədən çıxması gözlənilmir və onun istifadəsi paralel şəkildə davam edəcəkdir”.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli də açıqlama verib.
O, nağd pulların tamamilə aradan çıxmayacağını düşündüyünü, kartda texniki nasazlıqlar olduqda istifadə oluna biləcəyini bildirib:
“On il bundan əvvəl ilə müqayisədə nağdsız ödənişlərin sayı kəskin şəkildə artıb. Kartla ödənişlərin, onlayn ödənişlərin, QR ödənişlərin, mobil tətbiqlər vasitəsilə ödənişlərin, e-cüzdanlar vasitəsilə ödənişlərin həcmi artıb. On il bundan əvvəl demək olar ki, bunların əksəriyyəti yox idi. Yalnız kart ödənişləri mövcud idi və o da məhdud sayda istifadə olunurdu.
Bunun əsas səbəbləri rahatlıq, sürət, təhlükəsizlik və dövlətin, hökumətin bu istiqaməti təşviq etməsidir. Bildiyiniz kimi, nağdsız ödənişlərdə müəyyən güzəştlər mövcuddur. Banklar keşbek imkanları təqdim edir. Digər tərəfdən, dövlət də nağdsız ödənişlər vasitəsilə daha yüksək vergi geri alışı əldə etdiyi üçün bu sistemi təşviq edir. Bununla yanaşı, nağdsız ödənişlərin rahatlıq, sürət, təhlükəsizlik və nəzarət imkanları kimi üstünlükləri var.
Bu baxımdan nağdsız ödənişlərin həcmi əvvəlki dövrlərlə müqayisədə kəskin artıb və düşünürəm ki, bu tendensiya davam edəcək. Amma hesab etmirəm ki, nağd pul tamamilə aradan çıxacaq.
Çünki insanlar müəyyən qədər ehtiyatlı olmağa meyllidirlər. Məsələn, bir-iki ay əvvəl bank sistemində müəyyən problemlər yaşandı, kart ödənişləri ilə bağlı nasazlıqlar oldu. Bir ödənişin iki dəfə çıxılması kimi hallar baş verdi. Mən özüm də ABB kartlarında belə bir problemlə rastlaşdım. Həmçinin müəyyən vaxtlarda kartla ödənişlərin qısa müddət ərzində mümkün olmadığı hallar da olur. Belə vəziyyətlər üçün insanlar müəyyən qədər nağd pul saxlamalıdırlar, çünki bu, alternativ ödəniş vasitəsi rolunu oynayır.
Bundan əlavə, yaşlı əhali nağd pula daha çox üstünlük verir və düşünürəm ki, bu vərdiş uzun müddət qorunacaq. Digər tərəfdən, rəqəmsal imkanlar və xidmətlər hamı üçün eyni dərəcədə əlçatan deyil. Burada insanların təhsili, bacarıqları və rəqəmsal xidmətlərdən istifadə imkanları da mühüm rol oynayır. Hamı bu üstünlüklərdən eyni səviyyədə istifadə edə bilmir.
Həmçinin kiçik əməliyyatlar və kiçik məbləğli ödənişlərdə nağd pulun istifadəsi uzun müddət davam edəcək. Məsələn, rayon yerlərində, bəzi kiçik ticarət nöqtələrində nağd ödənişlər hələ də geniş yayılıb. Hesab etmirəm ki, on ildən sonra belə yerlərdə, məsələn, dağlıq ərazilərdə hansısa kiçik satıcının POS-terminal istifadə etməsi tam şəkildə geniş yayılacaq.
Yəni nağd pulun istifadəsi əhəmiyyətli dərəcədə azalacaq, nağdsız ödənişlər isə artmaqda davam edəcək. On il əvvəlki dinamikanın növbəti on ildə də müəyyən qədər davam edəcəyini gözləmək olar. Amma nağd pul tamamilə sıradan çıxmayacaq və xüsusilə kiçik ödənişlərdə, ehtiyat vasitəsi kimi istifadə olunmağa davam edəcək”.
Nicat Rüstəmzadə