Avqustun 1-dən etibarən Azərbaycanda kartdan-karta köçürmələrə gündəlik əməliyyat limiti tətbiq olunması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni qaydalara əsasən, bir kartdan gün ərzində maksimum 5 köçürmə əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur. Dəyişiklik həm vətəndaşların gündəlik ödəniş vərdişləri, həm də nağdsız hesablaşmaların təşkili baxımından müxtəlif suallar yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirib ki, avqustun 1-dən kartdan-karta köçürmələrə gündəlik əməliyyat limiti tətbiq olunmasının əsas məqsədi vergidən yayınma hallarının qarşısını almaq və ödənişlərin daha şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.
Deputatın sözlərinə görə, bu təşəbbüsün əsas müəllifi Dövlət Vergi Xidmətidir:
“Kartdan-karta köçürmələr nəticəsində vergidən yayınma halları kifayət qədər geniş yayılıb. Buna görə də məqsəd ondan ibarətdir ki, xidmətlərə görə ödənişlər kartdan-karta deyil, POS-terminal vasitəsilə və ya birbaşa şirkətlərin, yaxud VÖEN-i olan fiziki şəxslərin rəsmi hesablarına köçürülsün. Hazırda iş məhz bu istiqamətdə aparılır”.
Ə.Məhərrəmzadə hesab edir ki, bu mexanizm dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına imkan verəcək:

“Düşünürük ki, bu birgə layihə gələcəkdə dövlət büdcəsinə on milyonlarla manat əlavə vəsaitin daxil olmasına səbəb olacaq. Bu da əsas prioritet məqsədlərdən biridir”.
Deputat həmçinin vurğulayıb ki, gəlir əldə olunan bütün fəaliyyət sahələrində verginin ödənilməsi təmin edilməlidir:
“Ümumilikdə xidmət göstərilən, gəlir əldə edilən bütün sahələrdə vergi ödənilməlidir. Bunun əsas mexanizmlərindən biri də vəsaitin düzgün və rəsmi hesablara köçürülməsi ilə bağlıdır”.
Ə.Məhərrəmzadənin sözlərinə görə, yeni qaydalar qısamüddətli dövrdə müəyyən təsirlər yaratsa da, uzunmüddətli perspektivdə iqtisadiyyata müsbət təsir göstərəcək:
“İqtisadi artımla bağlı ola bilər ki, müəyyən qısamüddətli durğunluq müşahidə olunsun. Ancaq ümumilikdə bu sistem artıq kifayət qədər işlək mexanizmə çevrilib. İnsanlar da tədricən nağdsız ödənişlərə və bütün əməliyyatlarını bu formada həyata keçirməyə öyrəşiblər. Hesab edirəm ki, artıq bu vərdişi dəyişmək mümkün olmayacaq. Əksinə, bu proses gələcəkdə iqtisadi artıma da müsbət təsir göstərə bilər”.
Deputat onu da qeyd edib ki, nağdsız ödənişlərdən yenidən nağd hesablaşmalara qayıdış real görünmür:
“Nağdsız ödənişlərdən yenidən nağd ödənişlərə keçid artıq çox çətin görünür. Çünki dövriyyədə nağd ödənişlərin həcmi ildən-ilə azalır, nağdsız ödənişlərin payı isə artır. Bunun əsas məqsədi də vergi yığımının daha səmərəli təşkil olunmasına nail olmaqdır. Ümumilikdə nağdsız ödənişlərin genişlənməsi iqtisadi artıma əhəmiyyətli töhfə verə bilər”.