Modern.az

Mədəni irsə qarşı vandalizm etnik təmizləmənin tərkib hissəsi idi - ŞƏRH

Mədəni irsə qarşı vandalizm etnik təmizləmənin tərkib hissəsi idi - ŞƏRH

Mədəniyyət

Bu gün, 16:50

UNESCO-nun 1970, 1972-ci il konvensiyalarına görə abidələrin məqsədli şəkildə dağıdılması, zədələnməsi, təhqir olunması, dini ziyarətgahların mənsubiyyətinin saxtalaşdırılması, qanunsuz arxeoloji qazıntılar aparılması və talançılıq cinayət kimi qiymətləndirilir. Azərbaycan torpaqları işğal altında olan zaman bizim tarixi, mədəni və dini irsimizə qarşı sadaladığım bu cinayətlərin hamısı baş verib.

Bunu Modern.az-a açıqlamasında deputat Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, Qarabağda 367 tarixi abidə dağıdılıb və zədələnib, 67 məscidin 64-nün altı üstünə çevrilib, digərləri 140 ziyarətgahımız kimi donuz, qoyun və mal-qara saxlanmaqla təhqir olunub, biri isə Yuxarı Gövhər Ağa məscidi farslarınkı kimi təqdim edilirdi. Alban kilsəsinə aid xristian məbədlərinə gəldikdə, onlar da “haylarınkılaşdırılmışdı”.

"Azıx mağarasında izinsiz və qanunsuz arxeoloji qazıntılar aparılmış, talançılığa yol verilmişdi. Bir sözlə, Azərbaycan xalqının milli-mənəvi yaddaşına olmazın güclü zərbə vurulmuşdu. Amma həmin UNESCO o 30 il müddətində bütün bunlara sadəcə seyrçi qaldı. Roma Statutu və 1954-cü il Haaqa Konvensiyasına görə, sadaladığım faktlar həm də müharibə cinayəti sayılır, çünki hərbi zərurət olmadan tarixi və dini abidələrin dağıdılması baş verib".

1514959

O qeyd edib ki, mədəni irsə qarşı vandallıq tarixi yaddaşın silinməsi məqsədi daşıdıqda, bu, etnik təmizləmənin tərkib hissəsi və ya insanlıq əleyhinə cinayət kimi tövsif olunur ki, torpaqlarımız işğal altında olanda orada baş verən bu vəhşiliklər o cür də xarakterizə oluna bilər.

"Bu qeyd etdiklərim hüquqi normalar çərçivəsində beynəlxalq qurumların gündəmində saxlanılır və Ermənistanda da yaxşı bilirlər ki, buna görə ən azından beynəlxalq məhkəmələrdə kompensasiya ödəməyə məcbur olunma perspektivi var. Digər tarixi yurd yerlərimizdə, indi Ermənistan adlanan ölkədə azərbaycanlıların tarixi-mədəni irslərinə qarşı hansı vandallıq aktının reallaşdırıldığı da heç kimə sirr deyil".

"Təkcə İrəvan, Eçmiədzin və Zəngəzurda 110-dan çox böyük məscidimiz olub, indi onlardan cəmi biri — Göy məscid qalıb ki, onun da 4 minarəsindən üçü sökülüb və özü də "fars məscidi" kimi təqdim edilir. İrəvan qalası yox edilib, orada Xan sarayı sökülüb, üzərində "Ararat" Konyak Zavodu tikilib. Azərbaycanlı izinin öz doğma yurdlarından silinməsi üçün Ermənistanda irsimizə qarşı törədilən onlarla da yox, yüzlərlə bu cür başqa faktlar da var və onu da deməliyəm ki, bu vandalizm təkcə Ermənistanın öz ayağına yazıla bilməz. Bu yaxınlarda Xankəndidə özbaşına tikililərin sökülməsi ilə bağlı haray-həşir salan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov kimilər Azərbaycan irsinin Ermənistandan silinməsində, Qarabağda eyni addımların atılmasında, bütün bunlara şərait yaradan şərik qismində kimlərin çıxış etdiyini yaxşı bilməlidirlər. Bilmirlərsə, güzgüyə baxsınlar" - deputat sonda vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!