Modern.az

Hacı Səfərov Avropa Film Akademiyasının üzvü seçilib

Hacı Səfərov Avropa Film Akademiyasının üzvü seçilib

Mədəniyyət

10 İyun 2026, 22:41

Kinotənqidçi, ssenarist Hacı Səfərov Avropa Film Akademiyasına (European Film Academy - EFA) tamhüquqlu üzv kimi dəvət olunub.

Modern.az xəbər verir ki, qurumun bununla bağlı qərarı 10 iyun tarixində rəsmən elan edilib.

Avropa Film Akademiyası 1988-ci ildə isveçli rejissor İnqmar Berqmanın ilk prezidentliyi ilə 40 aparıcı kino xadimi tərəfindən təsis edilib. Təşkilatın əsas məqsədi Avropa kinosunun maraqlarını qorumaq, sənayenin inkişafını dəstəkləmək və qlobal miqyasda təbliğ etməkdir. Akademiya hər il Avropa Kino Mükafatlarını (European Film Awards) təqdim edir və müxtəlif ölkələrdən olan kino peşəkarlarını (rejissorlar, prodüserlər, tənqidçilər və s.) öz ətrafında birləşdirir.

Hazırda Hacı Səfərov Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) Beynəlxalq əməkdaşlıq, media və təbliğat şöbəsində aparıcı məsləhətçi kimi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavinidir. Hacı Səfərov daha əvvəl Kann, Berlin, San-Sebastian kimi nüfuzlu festivallarda akkreditasiya olunmuş kinotənqidçi kimi iştirak edib. “Talents Sarajevo”, “FIPRESCI Varşava Layihəsi” kimi proqramlara seçilib, Varşava Film Festivalında “Gənc FIPRESCI” bölməsində, Baykanur Beynəlxalq Film Festivalında jüri kimi iştirak edib. 2025-ci ildə çəkilmiş “Tərsinə kölgələr” filminin quruluşçu rejissoru və ssenaristidir.

Avropa Film Akademiyasına üzvlük peşəkar fəaliyyəti ilə fərqlənən şəxslərə təklif edilir. Yeni üzvlük statusu çərçivəsində H. Səfərov hər il "Avropa Kino Mükafatları"nın qaliblərinin seçilməsi prosesində birbaşa səsvermə hüququna malik olacaq. Eyni zamanda, üzvlük qurumun təşkil etdiyi şəbəkələşmə görüşlərində, keçirilən xüsusi tədbir və proqramlarda iştirak haqqı verir.

Eyni zamanda, bu üzvlük Avropanın kino mütəxəssisləri ilə əlaqələrin genişləndirilməsi, gələcək müştərək layihələrin müzakirəsi və ümumilikdə Azərbaycan kinosunun beynəlxalq platformalarda təmsilçiliyi baxımından əhəmiyyət daşıyır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV