Heç nə yemirəm, amma arıqlaya bilmirəm... Bu sözləri yəqin ki, ətrafınızda olan kimlərdənsə eşitmisiniz. İlk baxışdan bu vəziyyət məntiqsiz görünür: insan az yeyirsə, niyə arıqlamır?
Modern.az-ın məlumatına görə, sağlam qidalanma üzrə ekspert Elnur Nemətəv bildirib ki, məsələ təkcə qəbul etdiyimiz qida miqdarı ilə bağlı deyil. Bədənimizin uzun illər ərzində formalaşmış müdafiə mexanizmləri var və bu mexanizmlərdən biri də çəkini qorumaqdır.
“İnsan orqanizmi həyatda qalmağa proqramlaşdırılıb.
Min illər boyunca qida çatışmazlığı insanlıq üçün ən böyük təhlükələrdən biri olub.
Məhz buna görə də bədən enerji ehtiyatlarını itirməyi risk kimi qəbul etməyə meyillidir.
Metabolizm elmində və qida psixologiyasında bu vəziyyəti izah edən anlayış var: bədənin öyrəşdiyi çəki aralığı anlayışı.
Əgər uzun müddət müəyyən çəkidə qalırıqsa, orqanizm həmin çəkini normal vəziyyət kimi qəbul etməyə başlayır.
Vaxt keçdikcə bədən bu çəkiyə uyğun hormonal, metabolik və davranış mexanizmləri formalaşdırır.
Məsələn, təsəvvür edək ki, uzun illər 90 kq çəkidə olmuşuq. Sonra qərar veririk ki, tez bir zamanda sürətlə arıqlamaq lazımdır və qidalanmamızı kəskin şəkildə azaldırıq.
Hətta bunu sağlamlıq məqsədilə etsək də, beyin vəziyyəti fərqli qiymətləndirəcək.
Yəni orqanizm bunu "arıqlamaq prosesi" kimi deyil, "enerji çatışmazlığı" kimi qəbul etməyə başlayacaq.
Məhz bu nöqtədən sonra bədənin müdafiə mexanizmləri işə düşür.
Aclıq hissi artır.
Şirniyyat və yüksək kalorili qidalara maraq güclənir.
Metabolizm əvvəlkindən daha qənaətli işləməyə başlayır.
Orqanizm gündəlik fəaliyyətlər zamanı daha az enerji sərf etməyə çalışır.
Çox vaxt bu mərhələdə düşünürük ki, bədənimiz bizə qarşı işləyir.
Halbuki əslində vəziyyət tam fərqlidir.
Bədən bizə qarşı mübarizə aparmır.
O, sadəcə bizi qoruduğunu düşünür.
Onun məqsədi bizi kökəltmək deyil, enerji ehtiyatlarını qorumaqdır.
Elə buna görə də sürətli arıqlayan insanların əhəmiyyətli bir hissəsi bir müddət sonra yenidən çəki qazanır.
Çünki problem yalnız piylərin azalması deyil.
Problem ondadır ki, bədən hələ də əvvəlki çəkini "normal" hesab edir və insan köhnə vərdişlərinə qayıdan kimi həmin çəkiyə doğru geri çəkilməyə başlayır.
Burada vacib bir sual ortaya çıxır: Bəs elə etmək mümkündürmü ki, bədən bu müdafiə reaksiyasını işə salmasın və ya minimuma endirsin?
Bəli, mümkündür.
Əsas prinsip budur: bədəni məcbur etmək yox, onunla düzgün əməkdaşlıq etmək.
Bunun üçün düzgün qida ardıcıllığı strategiyası qurulmalıdır.
Kifayət qədər zülal qəbulu, planlı fiziki aktivlik və davamlı həyat tərzi dəyişiklikləri bədənə yeni vəziyyətə uyğunlaşmaq imkanı yaradır və bu proses zamanla yeni çəkini “normal” kimi qəbul etməsinə səbəb olur.
Əsas məqam budur: bədənə zaman vermək lazımdır.
Yəni bədənə hər yeni çəki mərhələsinə uyğunlaşmaq üçün vaxt vermək lazımdır.
Çəki nə qədər yavaş, planlı və mərhələli şəkildə azalarsa, orqanizmin bunu təhlükə kimi qəbul etmə ehtimalı bir o qədər azalar.
Peşəkar yanaşmada məqsəd mümkün qədər qısa müddətdə maksimum çəki itirmək deyil.
Məqsəd bədənin yeni çəkiyə uyğunlaşmasına, yeni davranışların isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə nail olmaqdır.
Belə olduqda həm aclıq hissini idarə etmək asanlaşar, həm də əldə olunan nəticələri qorumaq mümkün olacaq.
Lakin diqqət etməli olduğumuz maraqlı bir məqam da var.
Çoxumuz müəyyən çəki verdikdən sonra prosesi dayandırırıq və ya arxayınlaşırıq.
Bunun səbəbi iradə zəifliyi deyil.
Sadəcə beynimiz nəticələrə tez uyğunlaşır.
İlk aylarda verilən hər kiloqram böyük motivasiya yaradır.
Özümüzü daha yüngül hiss edir, ətrafdakıların diqqətini görür və əldə etdiyimiz nəticələrdən həzz alırıq.
Ancaq zaman keçdikcə yeni çəki adi hala çevrilir və motivasiya əvvəlki gücünü itirməyə başlayır.
Bundan sonra belə deyirik: "Artıq məqsədimə çatmışam, bir az rahatlaşa bilərəm."
Məhz bu arxayınçılıq və rahatlaşma köhnə vərdişlərin geri qayıtmasına şərait yaradır.
Əgər yeni qidalanma davranışları həyat tərzinə çevrilməyibsə, beyin yenidən özünün ən tanış proqramına qayıdır.
Yəni illərlə formalaşdırdığımız köhnə qidalanma davranışlarına.
Bu səbəbdən arıqlamaq prosesin sonu deyil.
Əslində proses məhz həmin nöqtədən sonra başlayır.
Çünki vacib olan tərəzidə görünən rəqəmi dəyişmək deyil.
Vacib olan rəqəmlərin artmasına səbəb olan amilləri aradan qaldırmaq və yeni nəticəni aylarla və illərlə qoruyub saxlamaqdır.
Elə sağlam qidalanmanın əsas məqsədi də müəyyən bir çəkiyə çatmaq deyil, həmin çəkidə rahat və davamlı yaşamağı öyrənməkdir.
Bədənin siqnallarını anladıqda və ona uyğun hərəkət etdikdə nəticələr həm daha sağlam, həm də daha qalıcı olur.
Nəticə olaraq, ən vacib məqam odur ki, sağlam dəyişikliklər tələskənliklə deyil, düzgün və davamlı yanaşma ilə formalaşır.
Bədənə vaxt verildikdə və prosesə düzgün istiqamət verildikdə, əldə olunan nəticə daha sabit olur və uzun müddət qorunub saxlanılır.
Çox vaxt tərəzidə aşağı çəkini mümkün qədər tez görmək istədiyimiz üçün prosesi sürətləndirməyə çalışırıq.
Məhz bu tələskənlik bədənin müdafiə mexanizmlərinin daha güclü işə düşməsinə səbəb ola bilər.
Ona görə də mütəxəssislərin tövsiyələrini dinləmək və onlara əməl etməyə çalışmaq ən doğru yol sayılır.
Unutmayaq: Biz arıqlamagı düşünürük… bədən isə sadəcə sağ qalmağa çalışır”.