Sensasiya xarakterli xəbərlərə marağın artması medianın ən aktual problemlərindən biridir. Xüsusilə saxta xəbərlər həssas dönəmlərdə təşviş və panikanı gücləndirir, cəmiyyətin etimadını zədələyir.
Tanınmış jurnalist Seymur Verdizadə bu mövzuda Modern.az saytına açıqlama verib.
O bildirib ki, müasir informasiya məkanında sensasiya xarakterli xəbərlərin ciddi analitik materialları üstələməsi köhnə problem olsa da, son illər daha qabarıq şəkildə diqqəti cəlb edir:
“İnsan psixologiyası qeyri-adi, qorxulu və ya gizli qalan məlumatlara daha tez reaksiya verir. Bu gün sosial media alqoritmləri də məhz bu emosiyaları stimullaşdıraraq klik sayını artırmağa xidmət edir. Nəticədə, oxucu fərqinə varmadan dərinliyi olmayan, lakin vizual və başlığı ilə diqqət çəkən “yüngül” kontentin rəqəmsal asılısına çevrilir".
Jurnalist qeyd edib ki, ABŞ və Avropa mətbuatında aparılan araşdırmalara görə, neqativ və ya şok yaradan başlıqlar neytral başlıqlara nisbətən bəzən iki-üç dəfə çox auditoriya toplayır:
“Rəqəmsal platformalar istifadəçini dərhal qərar verməyə - klikləməyə məcbur edən emosional tətikləyicilər üzərində qurulub. Qərb təcrübəsinə müraciət etsəm də, eyni tendensiya Azərbaycan üçün də xarakterikdir. Biz bunu hər gün müşahidə edirik”.
“Sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox paylaşılan və müzakirə edilən mövzuların məhz şəxsi həyat, kriminal və ya sosial qalmaqallar olması cəmiyyətin bu növ kontentə olan anlıq tələbatından xəbər verir. Təəssüf ki, bu tendensiya medianın ən vacib kapitalı olan etibarlılıq və ictimai rəyi düzgün yönləndirmək funksiyasını zəiflədir", - S.Verdizadə əlavə edib.