Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır.
Bunu Modern.az-a açıqlamasında fransalı jurnalist Jean-Michel Brun deyib.
Onun sözlərinə görə, Parisin bu mövqeyinin əsas səbəblərindən biri Fransada yaşayan çoxsaylı erməni diasporunun seçki proseslərinə təsir imkanlarıdır:
"Fransa hökumətinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə, eləcə də Qarabağ məsələsinə münasibəti mənim üçün o qədər də maraqlı deyil. Çünki bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas səbəb Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşırlar. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünürlər. Onları maraqlandıran əsas məsələ seçkilərdə səs qazanmaqdır".
Jean-Michel Brun qeyd edib ki, Fransadakı erməni diasporunun siyasi təsiri təkcə say üstünlüyü ilə deyil, həm də fəallığı ilə bağlıdır:
"Burada ikinci amil də var. Fransadakı erməni diasporu kifayət qədər aqressiv və təsirli təşkilatlanıb. Lakin mən düşünürəm ki, diaspor rəhbərlərinin əslində Ermənistanın özü ilə bağlı böyük qayğıları yoxdur. Bir neçə il əvvəl erməni məsələsinə həsr olunmuş kitab yazarkən Fransadakı erməni icmasının tanınmış nümayəndələrindən biri ilə söhbət etmişdim. O, daim Ermənistandan danışırdı. Mən isə ondan soruşdum ki, əgər Ermənistan bu qədər əhəmiyyətlidirsə, niyə orada yaşamırsınız? Cavabı belə oldu: 'Mən gedib daş-qayanın içində yaşamaq istəmirəm'. Bu, mənə göstərdi ki, onlar üçün əsas məsələ Ermənistan deyil, millətçilik ideologiyası vasitəsilə diasporu bir arada saxlamaqdır".