Modern.az

Dubaydan Azərbaycana 22 min turist gəlib 

Dubaydan Azərbaycana 22 min turist gəlib 

Aktual

4 Noyabr 2016, 12:48

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, yeni qanun layihəsinin maddələri azaldılıb:

 

“Turizm haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılıqları olsa da, nəticə etibarı ilə ümumi məxrəcə  gəlinib. Qanun ilkin olaraq 135 maddədən ibarət idi. Müzakirələrdən sonra mövcud vəziyyət, tələblər və edilən təkliflər nəzərə alınaraq 97 maddəyə endirilib.

Artıq Maliyyə Nazirliyi daxil olmaqla bütün dövlət qurumları qanun layihəsi ilə bağlı rəylərini bildirib. Qanunda əsas hədəf kimi Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildən bu günə qədər olan təcrübəsi, ölkədə formalaşan və beynəlxalq müəssisələrdə təhsil olan mütəxəssislərin və turizm şirkətlərinin verdikləri təklif tövsiyələr, eləcədə Ümumdünya Turizm Təşkilatının bizə verdiyi tövsiyələr götürülüb. Layihədə eyni zamanda Avstriya və Litva tərəfindən bizə təqdim olunan təkliflər nəzərə alınıb. Ölkədə Turizm şirkətlərinin bələdçilərinin dolayısı yolla bu sahəyə təsir göstərən sahələrdəki təlabatını qanun formasına salmaqla təsir edə bilərik”.

 

Nazirliyin şöbə müdiri qeyd edib ki, turizm sahəsində Türkiyə praktikası mütləq öyrənilməlidir: “Turizmin inkişafında bələdiyyələrin rolu Qardaş ölkə olan türkiyə təcrübəsindən götürülməlidir. Orada bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər. Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinləri üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdir. Lakin bizdə Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olmaması da burada nəzərə alınacaq. Bu baxımdan da biz çalışmışıq ki, maksimum dərəcədə mövcud olan problemlərin həllini bu sənədlə ortaya ataq. Sonrakı mərhələdə əsas məqsədimiz həm regional həm də yerli səviyyədə turizm inkişafını təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz”.

 

Mahir Qəhrəmanov bu il Azərbaycana gələn turistlərin də sayını açıqlayıb: “Ölkə başçısı tərəfindən viza məsələsi ilə bağlı turistlərə verilən dəstək yay mövsümundə turistlərin ölkəmizə axınına şərait yaratdı. 2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər olub. Ancaq 2016-cı ilin 6 ayında Dubaydan gələn xarici vətəndaşların sayı 9500-dən çox olub. 9 ayda isə bu rəqəm 22 minə çatıb. Bildiyiniz kimi, ölkə başçısının tapşırığı ilə hər bir vətəndaş “ASAN Xidmət” vasitəsilə müvafiq qanunvericiliyə uyğun olaaq 3 gün müddətində viza ala biləcək ki, bu da turizm inkişafında mühüm əhəmiyyət kəsb edəcək”.

 

Komitə sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi yenidən hazırlanıb: “Azərbaycanın “Turizm haqqında” qanunu var idi, indi isə yenidən hazırlanıb. 2012-ci ildən bu qanun layihəsinin üzərində iş gedir, yeni qanun layihəsi müasir tələblərə cavab verir. Azərbaycanda turizm sahəsi üzrə 141 ölkə ilə müqayisədə 36-cı yeri tutur. Azərbaycana gələn turistlər daha çox 5 ulduzlu otellərə üz tuturlar. Hesab edirəm ki, 3 ulduzlu otelərin də sayı artırılmalıdır, bu, ölkə vətəndaşlarına uyğunlaşdırılmalıdır”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü