Modern.az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sərgi təşkil etdi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sərgi təşkil etdi

25 Noyabr 2016, 17:36

Noyabrın 24-də türkdilli dövlətlərin müstəqilliklərinin 25 illiyi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, TürkPA və Azərbaycan Respublikası Milli Məclisinin dəstəyi ilə Milli Məclisin binasında gənc rəssam Rəşad Nuriyevin türkdilli xalqların tarixi-mədəni dəyərlərini, adət-ənənələrini nümayiş etdirən əsərlərdən ibarət bədii sərginin açılışı keçirilib.


Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, TürkPA-nın baş katibi Jandos Asanov, TürkPA üzv dövlətlərindən millət vəkilləri, Türkiyə Respublikasının Bakıdakı səfiri Erkan Özoral, Qırğız Respublikasının Bakıdakı səfiri Aydjigit Buranov, Qazaxıstan Respublikasının Bakıdakı səfiri Beibit İssabayev, rəssamlar və sənət adamları iştirak ediblər.


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G.Əfəndiyeva Milli Məclisdə türkdilli dövlətlərin müstəqilliklərinin 25 illiyinə həsr edilmiş sərginin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. G.Əfəndiyeva türkdilli xalqların ortaq tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduqlarını qeyd edərək bildirib ki, rəsm əsərləri tək bir türkdilli dövlətə deyil, bütövlükdə Türk dünyasına xas xüsusiyyətləri, mənəvi dəyərləri əks etdirir. G.Əfəndiyeva gənc rəssam R.Nuriyevin sərgilərinin Azərbaycanın və digər xarici ölkələrin müxtəlif qalereyalarında, o cümlədən İstanbulda qədim Bəylərbəyi sarayında təşkil edildiyini qeyd edib.


Milli Məclisin Səhiyyə Komitəsinin və TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanov açılışda çıxış edərək türkdilli dövlətlərin müstəqilliklərinin bərqərar olunmasının 25-ci ildönümündə belə bir sərginin keçirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanda hər zaman mədəniyyətə, sənətə böyük diqqət və qayğının göstərildiyini qeyd edib.


Sərgidə çıxış edən Azərbaycanın xalq rəssamları Səlhəb Məmmədov və Arif Hüseynov gənc rəssamı yaradıcılığını yüksək qiymətləndirərək uğurlu sərginin təşkili ilə əlaqədar onu təbrik edibşlər.


Mərasim Azərbaycanın əməkdar artisti Mehriban Zəkinin Məhsəti Gəncəvinin rübaisini saz alətində ifa etməsi ilə tamamlanıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir