Modern.az

Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR

Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR

4 Aprel 2020, 09:08

4 aprel tarixi görkəmli sənətkar, Azərbaycanın tanınmış kino aktyoru, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.

Muxtar Maniyev 4 aprel 1935-ci il tarixində Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb.

O, Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

M.Maniyev konkret ampluası olmayan aktyorlardan idi. O, müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdu.

 
Muxtar Maniyev məhsuldar sənətçilərdəndir. 130-dan çox ekran əsərində rol alıb. Bundan başqa, "Mozalan" satirik kinojurnalının əksər bədii süjetlərində onun da yaddaqalan rolları var.

Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il avqustunda sol ayağı, 2016-cı ilin mart ayında sol ayağı amputasiya olunmuşdu.

O, 2016-cı il ekabrın 22-də 81 yaşında dünyasını dəyişib.  Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Modern.az saytı mərhum aktyorun fotolarını təqdim edir…

 
A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir