Modern.az

Qubadakı kütləvi məzarlıqda muzey tikilməsinə vəsait ayrılıb

Qubadakı kütləvi məzarlıqda muzey tikilməsinə vəsait ayrılıb

12 Noyabr 2009, 11:45

1918-ci ildə ermənilərin Qubadakı yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutu olan kütləvi məzarlıqda muzey tikilməsi işinə başlanıla bilər. Qubadan olan deputat Yevda Abramov Modern.az saytına bildirib ki,  bu ilin sentyabrında dövlət başçısı Qubada səfərdə olarkən kütləvi məzarlıqda muzeyin tikilməsi məsələsinin sürətləndirilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verib: “Muzeyin ilkin layihəsi hazırdır. Məndə olan məlumata görə, artıq Quba rayon İcra Hakimiyyəti layihənin ilkin variantını Prezident Administrasiyasına təqdim edib. Layihənin gerçəkləşməsi ilə bağlı birinci mərhələ üçün 1 milyon manata yaxın vəsait ayrılıb. Bu, təşkilati məsələlərin və bir neçə evin ərazidən köçürülməsinə xərclənəcək”.

Deputat qeyd edib ki, bu muzey Xolokos muzeyinə bənzər bir muzey olmalıdır: “Prezidentin də tapşırığı belə oldu. Muzey yüksək zövqlə hazırlanmalıdır. Biz ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı mütləq dünyaya çatdırmalıyıq”. Bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir. Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir