Modern.az

SSRİ-nin yüksəkçinli məmurları… - Kim, harada, necə dəfn olunub? - FOTOLAR  

SSRİ-nin yüksəkçinli məmurları… - Kim, harada, necə dəfn olunub? - FOTOLAR   

Ədəbi̇yyat

29 İyun 2017, 23:23

SSRİ mövcud olduğu illərdə həm də öz liderləri, yüksəkçinli məmurları ilə tanınıb dünyada.

Onlar zaman-zaman gərgin siyasi fəaliyyət göstərərək dövləti bir-birlərinə təhvil versələr də sonda SSRİ süquta uğrayıb.

Müxtəlif illərdə, fərqli yaşlarda dünyalarını dəyişən SSRİ-nin dövlət xadimlərinin demək olar ki hamısı doğulduqları yerdə yox, məhz Moskva şəhərinə dəfn olunublar.

Kim, harada, necə dəfn olunub?

Modern.az saytının siyasilərlə bağlı növbəti yazısı bu haqdadır.


Vladimir İliç Lenin
 Simbirskdə (indiki Ulyanovsk) anadan olsa da o, düz 93 ildir ki, Moskvanın ürəyi sayılan Qızıl Meydandakı Mavzoleyə şəriksiz sahiblik edir. Düzdür, bir neçə illiyə Stalini ona qonşu etsələr də Xruşov proletariatın rəhbərinin narahatlığına son qoyub. Leninin mavzoleydən çıxarılması məsələsi mütəmadi olaraq gündəmə gəlsə də o “alnı açıq, üzü ağ” öz məkanını tərk etmək istəmir.


İosif Stalin
 məlum olduğu kimi, Gürcüstanda, Tiflis quberniyasının Qori şəhərində anadan olub. Ölüm səbəbi hələ də müəmmalı qalan Stalini də Moskvada dəfn ediblər. O, sovet liderləri arasında yeganə şəxsdir ki, ölümündən sonra da bir yerdə qərar tutmayıb. Belə ki, Stalin də “açıq üzlə” Mavzoleydə uyumaq istəyib. Buna nail olsa da sonralar partiyanın 20-ci qurultayından dərhal sonra elə bir gecənin içində Stalini Qızıl Meydanda Kreml divarlarının qarşısında torpağa basdırıblar.


1930-1941-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışmış, İkinci Dünya müharibəsində xarici işlər naziri kimi daha çox tanınan, Stalinin silahdaşı Vyaçeslav Molotov Vyatsk quberniyasında anadan olub. Vyaçeslav Molotov Stalinin vaxtilə həbs etdirdiyi həyat yoldaşı Polina Semyonovla ilə yanaşı Novodeviçye qəbirstanlığında dəfn olunub.


Tiflis quberniyasının Sanain kəndində (hazırda Ermənistan ərazisində yerləşir) anadan olan Anastas Mikoyan Vladimir İliçin dövründən Leonid İliçin hakimiyyətinə qədər bir çox yüksək vəzifələrdə işləyib. Mikoyan üçün də son mənzili Moskvada seçiblər. Yəqin ki, Ermənistanın nə vaxtsa bir dövlət kimi mövcudluğuna şübhə edən Mikoyan özü əvvəlcədən Moskvada dəfn olunmağını vəsiyyət edib. Mikoyan Moskadakı Novodeviçye qəbirstanlığında dəfn olunub.


Əfsanəvi sərkərdə, Sovet İttifaqı Marşalı, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Jukov Kaluqa quberniyasında anadan olub. Xalq tərəfindən Qələbə Marşalı adını qazanan Georgi Konstantinoviç Jukovun nəşi krematoriyada yandırılaraq, külü kreml divarlarına yerləşdirilib, üzərinə xüsusi löbhə vurulub.


1953-1964-cü illərdə SSRİ-yə rəhbərlik edən Nikita Xruşov Kursk vilayətində anadan olub. Amma buna baxmayaraq o da Moskvada dəfn olunub. Nikita Sergeyeviç vəzifəsindən necə hörmətsiz çıxarılmışdısa, dəfni də elə hörmətsiz olub. O, Moskvanın Novodeviçye qəbirstanlığında dəfn olunub. Xruşovun dəfni günü bu haqda heç kimə məlumat verilməyib. Hətta qəbirstanlığa heç kim buraxılmasın deyə qapının üstündə “Qəbirstanlıqda təmir və abadlıq işləri görülür” kimi yazılı bildiriş vurulub. İki gündən sonra isə qəzetlərdə onun ölümü haqqında bir-iki cümlə ilə qeydlər gedib.


Əslən Ukraynadan olan Leonid İliç Brejnev də 18 il əyləşdiyi SSRİ-nin baş kürsüsündən uzaqda dəfn olunmayıb. Həyatı təntənələrlə zəngin olan Brejnevin dəfni də təntənəli keçirilib. Və bu təntənə onun tabutunun torpağa endirilərkən gurultulu səs çıxarması ilə tamamlanıb. Leonid İliç Brejnev Qızıl Meydanda Kreml divarlarının qarçısında dəfn olunub.


1966-1972-ci illərdə SSRİ-nin daxili işlər naziri olmuş Nikolay Şelokov Ukraynanın Luqansk vilayətində anadan olub. Andropovla ziddiyətli münasibətdə olan nazir həyatına intiharla son qoyub. Şelokov Moskva şəhərində Vaqankov qəbirstanlığında dəfn olunub. Diqqət çəkən məqamlardan biri nazirin məzarının dəmir barmaqlıqlar arasında olmasıdır.


1953-1981-ci illərdə SSRİ-nin Baş prokuroru olan Roman Rudenko Ukraynanın Çerniqov vilayətində anadan olub. SSRİ-nin ən yüksəkçinli məmurlarına qarşı ittahamlar qaldıran Baş prokuror da Moskva şəhərində, Novodeviçye qəbirstanlığında dəfn olunub. 


Belarusiyanın Qomel vilayətində anadan olan Andrey Qromıko 1957-1985-ci illərdə SSRİ-nin Xarici İşlər nazirliyinə rəhbərlik edib. “Cənab Yox” titulunu qazanan nazir üçün də son mənzil Moskva şəhərində seçilib. Qromıko Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.


Stavropol quberniyasında anadan olan Yuri Andropov uzun illər yüksək vəzifələrdə çalışıb. Nəhayət, ömrünün son illərində Baş katib kürsüsünə də sahib olub. Andropov 1982-1984-cü illərdə SSRİ-yə rəhbərlik edib. O, Qızıl Meydanda Kreml divarları qarşısında dəfn olunub.


Yenisey quberniyasında anadan olan, Brejnevin ən sadiq məsləkdaşlarından biri sayılan Konstantin Çernenko 1984-1985-ci illərdə Baş katib kürsüsündə əyləşib. Bir illik hakimiyyəti dövründə o, SSRİ-ni çox vaxt Kreml xəstəxanasından idarə edib. Konstantin Çernenko da sələfləri kimi Qızıl meydanda, Kreml divarlarının qarşısında dəfn olunub.


Moskvadan çox-çox uzaqda, Sverdlovsk vilayətinin Butka kəndində anadan olan Boris Yeltsin Rusiya Federasiyanın ilk prezidenti olub. O, 1991-1999-cu illərdə Rusiya Federasiyasına rəhbərlik edib. Yeltsin də Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. Yeltsinin qəbri üzərindəki memorial kompozisiya qeyri-adiliyi ilə seçilir.


İlham Cəmiloğlu  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir