Modern.az

Azərbaycanlı deputatlar MDB-nin Sankt-Peterburq iclasında SƏS VERMƏDİLƏR  

Azərbaycanlı deputatlar MDB-nin Sankt-Peterburq iclasında SƏS VERMƏDİLƏR  

Aktual

2 Mart 2018, 17:13

Bu gün Rusiyanın Sankt-Peterburq  şəhərində  Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri  komissiyasının  iclası keçirilib. İclasda  Azərbaycan  Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev də iştirak edib.

Modern.az-ın məlumatına görə, iclasda komitə sədrinin müavininin seçilməsi məsələsinə baxılıb.

Bu vəzifəyə Azərbaycan Milli Məclisin deputatı Elmira Axundovanın namizədliyi irəli sürülüb və o, həmin posta seçilib. Bundan əvvəl  də - 2012-2014-cü ildə o, bu vəzifəyə seçilmişdi. Bununla da Elmira Axundovanın vəzifəsinin müddəti yenilənib.

Bundan əlavə,  iclasda “Sosial turizm haqqında”, “Personal informasiya haqqında” və s. model qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı Elmira Axundova tərəfindən bir neçə xüsusi qeydlər və təkliflər irəli sürülüb  və onlar qəbul edilib.

Həmçinin, Azərbaycan Milli Məclisin deputatı Rauf Əliyev dünyaşöhrətli  Olimpiya çempionu İrina Rodnina ilə birlikdə 2 qanun layihəsinin müəllifi olublar və bu qanun layihələrinin konsepsiyasını komitə üzvlərinə təqdim ediblər. Bunlar “Məktəb idmanı haqqında” və “Dopinq haqqında” qanun layihələridir.

Rauf Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasında çıxış edərkən bildirib ki, Azərbaycanda bu yaxınlarda Məktəb İdmanı Federasiyası yaradılıb. Deputat çıxışında iclas iştirakçılarının diqqətinə Azərbaycanda idmana göstərilən qayğıdan, idman sahəsində islahatlardan, uğurlardan və perspektivlərdən danışıb.

Daha sonra  “Mədəni irsin qorunması haqqında” Konvensiya müzakirəyə çıxarılıb. Müzakirələr zamanı çıxış edən Elmira Axundova deyib ki, “biz bu konvesniyanın bəzi maddələri ilə razı, bəziləri ilə isə razı ola bilmərik”. Ona görə də deputatlarımız  “Mədəni irsin qorunması haqqında” Konvensiya səs verməməyə üstünlük verib. Konvensiya Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının şurasının müzakirəsinə tövsiyə edilib.
 

Deputat Elmira Axundova saytımıza bildirib ki, Azərbaycan nümayəndə heyətinin “Mədəni irsin qorunması haqqında” Konvensiyaya səs verməməsinin bir neçə səbəbi var.

“Bu konvensiyaya Ermənistanın da qoşulması gözlənilir. Ona görə də Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini qaytarmayana kimi bizimlə onlar arasında heç bir məsələdə, o cümlədən mədəniyyət, informasiya, turizm və idman sahəsində əməkdaşlıqdan söhbət gedə bilməz. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə çıxışında  qeyd edib. Ona görə də bizimlə onlar arasında heç bir sahədə əməkdaşlıqdan söhbət gedə bilməz”.

 

İclasda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasınında Milli Məclisin nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər