Modern.az

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilir

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilir

Təhsil

21 Oktyabr 2011, 12:06

Ooktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edir. (AzərTAc)
Xatırladaq ki, TDƏŞ 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan tərəfindən təsis edilmişdir. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənədinə - 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi və 2010-cu il sentyabrın 16-da imzalanmış İstanbul Bəyannaməsinə əsasən TDƏŞ-in üzvü olan dövlətlər BMT Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə, o cümlədən beynəlxalq hüququn dünya birliyi tərəfindən qəbul olunmuş digər prinsiplərinə əməl edir. İnkişaf naminə əməkdaşlığın əsasında sülhün və təhlükəsizliyin qorunmasına, yaxşı qonşuluq münasibətlərinin saxlanmasına xidmət edən normalar durur. Türkdilli dövlətlər arasında münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə yardım etməklə, TDƏŞ Mərkəzi Asiyada və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün regional alət rolunu oynayır. Şuranın məqsədi türkdilli dövlətlər arasında mövcud olan əməkdaşlığı genişləndirmək və gələcəkdə inkişaf etdirmək üçün konkret addımlar atmaqdır. Bu gün türk dünyasının ölkələri iqtisadi qüdrətə söykənərək səmərəli qarşılıqlı fəaliyyətə hazırdırlar. TDƏŞ Çindən başlayaraq Aralıq dənizinədək olan bir ərazini əhatə edən makroregionda - türk dünyasında gedən siyasi proseslərin mühüm amilinə çevrilə bilər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev zirvə toplantısının keçirildiyi ” İntercontinental-Almatı” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Roza Otunbayevanı, Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağı və TDƏŞ-in baş katibi Xəlil Akıncını qarşılayıb.
Zirvə Toplantısının iştirakçıları birgə foto çəkdiriblər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarını və nümayəndə heyətlərini salamlayaraq 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb. Toplantıda beynəlxalq və regional xarakterli aktual məsələlərin müzakirə olunacağını deyən Qazaxıstan dövlətinin başçısı qeyd edib ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən edib.
Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Qazaxıstan Prezidenti deyib ki, türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının vacibliyinin qeyd edən Qazaxıstan dövlətinin başçısı bildirib ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyil.
Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlığa da toxunan Nursultan Nazarbayev müxtəlif mədəni tədbirlərin, o cümlədən festivalların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Mədəni əlaqələrin möhkəmləndirilməsində TÜRKSOY-un böyük rolundan danışan Qazaxıstan dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini deyib.
Bildirilib ki, 2012-ci ildə Astana – türk dünyasının mədəni paytaxtı elan olunacaq. Zirvə Toplantısı davam edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır