Modern.az

Misir Mərdanov Akademiyadakı nöqsanlardan DANIŞDI  

Misir Mərdanov Akademiyadakı nöqsanlardan DANIŞDI   

22 Noyabr 2018, 15:26

Noyabrın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.


Modern.az xəbər verir ki, iclasda şuranın sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə irəliyə doğru müəyyən addımlar atılıb. Bu addımlardan biri də, AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələbləri müəyyənləşdirib, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələbləri ödəyən formaya düşməsi üçün səmərəli təkliflər hazırlanmasıdır.


Alim qeyd edib ki, o, nəşriyyat şurasına sədr vəzifəsinə təyin olunduqdan sonra ilk növbədə jurnalların hazırlanmasında əsas məsuliyyət daşıyan məsul katiblərlə görüşüb jurnalların mövcud vəziyyəti ilə yaxından tanış olmuşdur. “Azərbaycan Riyaziyyat Jurnalı”, “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Kimya problemləri” və  “Neft kimyası və neft emalı prosesləri” jurnallarının “Web of Science”-ın ilkin bazasına daxil edilməsini AMEA rəhbərliyinin son illərdə bu vacib sahəyə diqqət və qayğısının nəticəsidir.


Misir Mərdanov jurnallara baxış və məsul katiblərlə görüş zamanı çap olunmuş jurnalların yayılma mexanizminin məlum olmaması, məqalələrin rəyə göndərilməsində problemlərin olmasını, eyni bir şəxsin iki və daha çox jurnala baş redaktorluq etməsini, bəzi jurnallarda ayrı-ayrı alimlərin yubileylərinə geniş yer verilməsini, jurnalların ondan çoxunun məsul katibinin elmi dərəcəsinin olmamasını, 28 jurnalın rəsmi veb-saytının olmaması kimi nöqsanların aşkar edildiyini söyləyib.


M. Mərdanov AMEA-nın rəyasət heyətinin nəzdində yaradılmış elmi nəşriyyat şurası akademiyada nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının və elmi uğurların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.


Tədbirdə akademiklər Ramiz Məmmədov, Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Ramiz Alıquliyev, Dadaş Hüseynov, elmlər doktorları Nazim İmanov, Ayaz Bayramov  və başqaları çıxış edərək təklif və tövsiyələrini səsləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı