Dekabrın 11-dən 14-dək Türkiyənin Bursa şəhərində ən yeni tariximizdə Türk və İslam dünyasının insan hüquqları sahəsində üzləşdiyi haqsızlıqlara həsr olunmuş simpozium keçiriləcək. Modern.az xəbər verir ki, bütün müsəlman ölkələrin təmsil olunacağı simpoziuma Azərbaycandan da nümayəndə heyəti gedib. Deputatlar Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Fazil Mustaf, Milli Elmlər Akademiyasının şöbə müdiri Rəna Mirzəzadə, Türkdilli Olkələrin Parlament Jurnalistlər Assosiasiyasının sədr müavini Elşad Eyvazlı və digər şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyəti bu gün yola düşüb.
Simpozuim Türkiyə hökuməti və TİKA təşkilatı tərəfindən təşkil olunur. Toplantıda dünyanın müxtəlif bölgələrində məskunlaşmış türklərin məruz qaldıqları haqsızlıqlardan danışılacaq, problemin həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili Qənirə Paşayeva saytımıza bildirib ki, simpoziumda Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etməsi, 1 milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin düşməsi, Xocalı soyqırımı barədə ətraflı çıxış edəcək. Deputat həmçinin, ermənilərin işğal olunmuş ərazilərimizdə çoxlu sayda mədəni və tarixi abidələrimizi dağıtması barədə toplantı iştirakçılarına məlumat verəcək. Tədbirdə Azərbaycan həqiqətlərini əks etdirən, Ermənistanın işğalçılıq siyasətini faktlarla təsdiq edən müxtəlif dillərdə kitablardan və sənədli filmlərdən ibarət sərgi də nümayiş etdiriləcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İstanbulun bir sıra sivil toplumlarında və universitetlərində görüşləri də nəzərdə tutulub.