Modern.az

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ

24 Yanvar 2019, 08:29

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz İsveçdə yaşayan keçmiş həmkarımız Şahnaz Mətləbqızıdır (Qasımova).

Ş.Mətləbqızı Füzuli rayonunun Gecəgözlü kəndində şair Mətləb Misirin ailəsində dünyaya gəlib.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 1999-cu ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistraturanə bitirib. Mətbuata da elə universitetdə oxuduğu illərdə - 1999-cu ildən gəlib. 
Universitetin 4-cü kursunda oxuyanda “525-ci qəzet”lə əməkdaşlığa başlayıb. Bir neçə ay bu qəzetdə fəaliyyət göstərdikdən sonra “Reytinq” qəzetində işləməyə davam edib.
2000-ci ilin ortalarindan 2003-cü ilin sonunadək - Azərbaycanı tərk etdiyi müddətə kimi “Yeni Müsavat” qəzetində çalışıb.
2004-cü ilin əvvəlində ailə həyatı qurub. 2004-ün iyun ayından İsveçə köçüb. Hazırda bu ölkənin vətəndaşıdır.

- Şahnaz xanım, hazırda İsveçin hansı şəhərində yaşayırsınız?

- Öncə, sizə və kollektivinizə dərin təşəkkürümü bildirirəm. Qürbətdə yaşadığım illərdə zaman-zaman məni yada salıb, qayğı və problemlərimizlə maraqlanmısınız. Uzun illər çalışdığım qəzetlərin verdiyindən daha çox önəm vermisiniz mənə. Suala gəlincə, İsveçin Höteborg şəhərində yaşayırıq.

- Bir neçə il bundan qabaq Modern.az-a verdiyiniz müsahibədə demişdiniz ki, doktorantura təhsili alırsınız. Bələdiyyələrlə bağlı doktorluq işini müdafiə etdinizmi?

 

- Bəli, elmi işim bələdiyyələrlə bağlı idi. Təhsilimi artıq bir neçə ildir ki, başa vurmuşam.
 


- Bələdiyyələrdən söz düşmüşkən, İsveçdə bələdiyyələri Azərbaycandakılarla necə müqayisə edərdiniz?

- Hesab edirəm ki, İsveç və Azərbaycan bələdiyyələri arasındakı fərq müqayisəyə gələ bilməyəcək dərəcədədir. Azərbaycanda bələdiyyələrin statusu çox məhduddur və bələdiyyələrın funksiyaları yalnız formal xarakterlidir. İsveçdə isə bələdiyyələrin çox böyük dərəcədə səlahiyyətləri var və bu səlahiyyətlər “Bələdiyyələr haqqında” qanunda öz əksini tapıb. İsveçdə 290 bələdiyyə mövcuddur ki, bunlar da Parlamentin verdiyi qərarla yaradılır. Hər bir bələdiyyə inzibati idarəetmə vahidi kimi öz əraziləri çərçivəsində yerli və regional məsələlərlə məşğul olaraq, geniş özünüidarəetmə azadlığına malikdir. İsveçdə bələdiyyələrin cavabdeh olduqları sahələr əsasən  sosial xidmətlər, tibbi yardım, məktəb və uşaq bağçaları, qocalar evləri, tikinti və planlaşdırmadır, Eyni zamanda su məsələləri, yaşayış evləri, təbiət, asudə zamanla bağlı məşğuliyyət, elektrik, sahibkarlıq, mədəniyyət, kitabxanalar və s sahələrlə bağlıdır.  

 

- Hazırda nə işlə məşğul olursunuz? Jurnalistikaya bağlılığınız qalırmı?

- Yeni gəldiyim zamanlarda dili öyrəndikdən sonra tərcüməçilik edirdim. Amma təhsilimi başa vurduqdan sonra 2014-cu ildən etibarən özəl bir şirkətdə iqtisadiyyat şöbəsinin müdiri olaraq işləyirəm. Jurnalistikadan demək olar ki, tamam uazağam...


- Aldığınız maaş dolanışığınıza bəs edirmi?

- Bəli, bəs edir. Ailədə maaş gətirən bir nəfər olsaydı, yəqin ki, çətin olardı. Amma həm yoldaşım, həm də mən maaş aldığımıza görə, yetir. Şükür Allaha, şikayətlənməyim üçün heç bir əsas yoxdur.

- Ümumiyyətlə problemləriniz nədən ibarətdir?

- Doğrusu, elə bir problemimiz yoxdur. Həyat öz axarı ilə davam edir.

- Dili yaxşı səviyyədə öyrənə bilmisinizmi?

- Artıq 15 ildir burda yaşadığımız üçün dil problemimiz yoxdur, şükür. Hətta indi də ispan dilini öyrənməyə başlamışam.


- İki oğlunuz var. Onların təhsili nə yerdədir?

- Böyük oğlan 13 yaşındadır, kiçiyi isə 11 yarım. Orta məktəbə gedirlər. Məktəbdən sonra da futbol, cüdo kimi idman növləri ilə məşğul olurlar.  

- Bəs yoldaşınız nə işləyir?

- Yoldaşımın özəl işi var. Burada siyasi bir partiyada aktiv fəaliyyət göstərir və partiya tərəfindən verilmiş müəyyən görəvləri var. Həmçinin, tərçüməçilik də edir.

- Şahnaz xanım, İsa Qəmbərə hələ də simpatiya duyursunuz?

-  Əlbəttə ki. Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki! İsa bəy Azərbaycan xalqının yetişdirdiyi, intellektual səviyyəsi yüksək olan və siyasəti gerçəkdən anlayan ölkədəki az sayda olan siyasətçilərdən biridir.

Belə insanlara dəyər vermək, qorumaq və faydalanmaq lazımdır. Mən bir zamanlar Müsavat Partiyasının Məclis üzvü olmuşam və o partiyadakı fəaliyyətimə görə də bir çoxlarından fərqli olaraq heç bir zaman peşmanlıq çəkməmişəm. Bir daha o illərə dönsəydik, yenə də o partiyanı seçərdim - buna əminəm.








Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir