Modern.az

“Beləcə də yazın: nazirlik bilməlidir ki, indi fəxri ada layiq olmayanlara fəxri adlar verilir”

“Beləcə də yazın: nazirlik bilməlidir ki, indi fəxri ada layiq olmayanlara fəxri adlar verilir”

23 Dekabr 2011, 12:03

 «Ərizədə mənə belə yazdırdılar: «Xahiş edirəm məni işdən azad edin»

Tariyel Qasımov - tanınmış aktyor, xalq artisti. Yəqin ki, əlavə təqdimata ehtiyac yoxdur. Onunla müsahibəni təqdim edirik.

«…mən onların birindən də razı deyiləm»

- Tariyel müəllim, hazırda sənət aləmində baş verənləri necə dəyərləndirirsiniz?

- Müstəqillik qazanandan sonra bütün strukturlar kimi, teatrlar, həmçinin də Mədəniyyət Nazirliyində rəhbərlik dəyişdi. Azərbaycan gənc müstəqil dövlət olduğundan hər şey yeni idi, sıfırdan başlamışdı. Amma indi dövlətimiz inkişaf edib, dünyada tanınır. Çox yaxşı yadımdadır ki, ulu öndərimiz Heydər Əliyev deyirdi ki, müstəqil Azərbaycan dünyaya günəş kimi doğacaq. Həqiqətən də elə oldu. Amma etiraf eləməliyik ki, hələ kinomuz geridədir. Kinodan bir xəbər yoxdur, çəkilənlər də çox zəifdir.

- Fikrinizdən belə bir şey anladım ki, sənət aləmində nələrsə baş verir. Amma bu da kifayət eləmir. Seriallardan söz düşmüşkən, teleməkanımızda bir sıra yerli seriallar nümayiş etdirilir. Bəzi peşəkar rejissorlar isə bildirirlər ki, bu seriallar səviyyəsinə görə, özfəaliyyətdən bir qədər yuxarıdır.  Siz necə düşünürsünüz?

-  Gəlin belə danışaq. Mən indi çəkilən serialların birini də bəyənmirəm. Hələ sovet dövründə özfəaliyyət dərnəkləri, Xalq Teatrı var idi. Mən özüm də dərnəyə, özfəaliyyətə getmişəm. Yəni peşəkar səhnəyə özfəaliyyətdən gəlmişəm.  Amma instituta girəndə püxtələşmiş aktyor kimiydim. Özü də həmin illərdə aktyorluq sənətinə, musiqiyə çox böyük həvəs var idi. İndi şoular da doludur. Müğənnilərin isə sayı hesabı yoxdur. O ki qaldı seriallara, mən onların birindən də razı deyiləm.

«Elə kimin bir kamerası varsa, elə bilir ki, bu kinooperatordur» 

- Səbəb?

- Çünki bunlar özfəaliyyətdən də aşağıdır. Əgər kimsə belə düşünürsə ki, bu seriallar özfəaliyyətdən səviyyəcə yuxarıdır, səhv edir. Çünki sovet dövründə özfəaliyyət  əməlli-başlı sənətlə məşğul idi. Bu filmləri, serialları çəkənlər kimlərdir? Gəlin rejissorlara və həmin seriallarda rol alan aktyorlara baxaq. Bu rejisorların heç biri kino məktəbi bitirməyiblər. Hətta bir çoxları qeyri-ixtisas sahibləridir. Amma vaxtilə bizim kino çəkən bütün rejissorlarımız Moskvada Ümumittifaq Kinomotoqrafiya İnstitutunda təhsil alırdılar. Mən dəqiq bilmirəm, amma deyəsən bizdə kinorejissorluq, kinooperatorluq  fakültəsi var. Təəssüf ki, bunların heç biri ali məktəbi bitirənə kimi film çəkilişlərində iştirak etmirlər, özləri qısametrajlı film çəkmirlər.  Ona görə də hamı əlinə götürüb kameranı, başlayıb film çəkməyə. Elə kimin bir kamerası varsa, elə bilir ki, bu kinooperatordur. 

«Çox xoşbəxtəm ki, həm «Xalq artisti», həm də «Əməkdar artist» fəxri adlarını sovet dövründə almışam»

- Siz də Xalq artistisiniz. Amma elə sizinlə yaşıd, tay-tuş olan insanlar var ki, hələ də fəxri ad almayıblar. Həmin şəxslərin əksəriyyəti belə düşünür ki, fəxri ad məsələsi birdəfəlik ləğv edilməlidir…

- Fəxri adlar artıq deyil. Amma fəxri adlara layiq olanlara bu adları versələr, daha doğru olar. Təssüf ki, bu gün kim gəldi, fəxri ad veriblər.

- Gəlin onlardan ikisinin adını çəkək…

- Mən ciddi aktyor olmuşam və belə məsələlərə qarışmaq istəmirəm. Çox xoşbəxtəm ki, həm «Xalq artisti», həm də «Əməkdar artist» fəxri adlarını sovet dövründə almışam. O vaxt o adları qazanmaqdan ötrü ilk növbədə xalqın məhəbbətini qazanmalıydın.

- Xalq artisti fəxri adını nə zaman almısınız?

- 1991-ci ilin may ayıldı. Hələ Sovetlər Birliyi dağılmamşdı.

- Bəs layiq olub fəxri ad almayanların arasında kimlər var?

- Ad çəkməyəcəyəm. Amma belə də yazın. Xalq artisti Tariyel Qasımov deyir ki, Mədəniyyət və Turizm Nazirliyi bilməlidir. Fəxri adlara layiq olmayanlara fəxri adlar verilir.

«Cənnət Səlimova bizim teatra baş rejissor təyin olunduğu vaxtdan aktyorlar qəti etiraz eləmişdi»

- Gəlin bir az da çalışdığınız Gənc Tamaşaçılar Teatrından danışaq. Burda nə baş verir?

- Cənnət Səlimova bizim teatra baş rejissor təyin olunduğu vaxtdan aktyorlar qəti etiraz eləmişdi. Çünki onu yaxşı  tanımırdıq. Sonradan düşündük ki, madam nazirlik, dövlət təyin edib, razılaşdıq.

- O zaman etiraz bilirəndə hansı səbəbi göstərmişdiniz?

- Deyim. Bu qadın gələn kimi mənim quruluş verdiyim iki tamaşanı, həmçinin də teatrın repertuarında olan bir çox tamaşaları repertuardan çıxartdı. Əvəzində isə Kamera Teatrından gətirdiyi tamaşaları saldı.

- Bəs o bu tamaşaları repertuardan çıxaranda nə səbəb göstərmişdi?

- Guya bizim tamaşalar zəif idi. Bu istədi ki, özüylə gətirdiyi aktyorları daha irədli çəksin.

- Bu öz tamaşalarını tamaşaçıya və aktyorlara sırımaq anlamına gəlmirmi?

- Bəs öz quruluş verdiyi tamaşaları bizə sıradı da. Ondan sonra etirazlar başladı, televiziyada, mətbuatda çox deyildi, yazıldı. Yalnız son vaxtlar məlum oldu ki, bizim dediklərimiz doğruymuş.

- Teatrın bəzi aktyorları deyirlər ki, Cənnət xanım səhnədə mizan qura bilmir. İstərdim ki. Bir az da teatrın bu incəliklərindən danışasınız

- Doğrudur. Şəxsən bu adam «Romeo və Cülyetta» tamaşasını səhnələşdirəndə elə bildirdik ki, nəsə edəcək. Şəxsən mən belə düşünürdüm. Mən özüm həmin tamaşada Hersoq obrazını məşq eləmişəm. Cənnət Səlimova nə bir mizan verir, nə də başqa şey. Tamaşada kim ağzına nə gəlir danışır. Axı azərbaycan dilini bilmir…Dili bilmədiyinə görə də, tamaşalar bu gündə alınır.

«Mənim bu yaşımda oynadığım rolları heç bir gənc oynaya bilməz»

- Bəs rəhbərlik baş rejissorla aktyorlar arasında baş verənləri necə qarşılayır?

- Necə qarşlılamalıdır? Əgər Mədəniyyət və Turizm Nazirliyi təyin edibsə, müdiriyyət kimdir?

- Maraqlı bir məqama gəldiniz. Necə düşünürsünüz, teatrlarda baş rejissoru aktyorlar özləri seçsələr yaxşı olmazmı?

- Əvvəllər direktoru da, baş rejissoru da özümüz seçirdik. Belə daha yaxşı idi. Əgər özləri təyin edirlərsə də, kimi təyin etdiklərini bilməlidirlər.

- Bir rejissor olaraq,  Cənnət xanımın Azərbaycan dilini bilməməkdən başqa çatışmayan cəhəti hansıdır?

- Əvvəla onu deyim ki,  yaşım 65-dən çox olduğuna görə, məni 50 il işlədiyim teatrdan çıxarıblar. Elədirsə, Cənnətin 75 yaşı var, onu niyə çıxarmırlar? Hələ də mənə qəribə gəlir. Ona pis oluram ki, əgər bu hamıya aid idisə…

- Belə çıxır ki, hazırda aktyor kimi heç bir fəaliyyətiniz yoxdur.

- Bəli. Siz dediyiniz seriallara dəvət edilirəm. Amma çəkilmirəm.  Bu yaxınlarda Murad Dadaşovun rəhbərlik elədiyi prodakşn 25 seriyadan ibarət film çəkəcək. Orda çəkiləcəm.

-  Bəs nə filmlərə çəkilirsiniz, nə də işləyirsiniz. Necə dolanırsınız?

- Hazırda prezident təqaüdü alıram. Prezidentimiz mənə 3 otaqlı mənzil verib.

- Perspektiv vəd edən 3 aktyor və ya aktriasıanın adını çəkə bilərsiniz?

- Məni bu yaşımda oynadığım rolları heç bir gənc oynaya bilməz.

- Bu qısqanclıq deyil ki?

- Qəttiyyən. Ömür boyu heç kimə nə paxıllıq, nə də qısqanclıq eləməmişəm. Mənim 70 yaşım var. «Romeo və Cülyetta»da  Hersoqu oynayırdım. Amma indiki aktyor o rolu oynaya bilmir. Çünki yaş  və təcrübə məsələsi var.

- Maraqlıdır ki, bir çox aktyorlar hansısa tənqidi fikir səsləndirirlər. Qarşı tərəfdən əks-reaksiya gələn kimi geri çəkilirlər. Səbəb nədir?

- Belə bir şey var.  Onlar öz yerlərindən qorxurlar. Mən isə qorxmuram və deyirəm. Elə burda işləyəndə də sözümü demişəm. Amma məni işdən çıxarmaq üçün yaxşı metod tapdılar. Ərizədə mənə belə yazdırdılar: «Xahiş edirəm məni işdən azad edin»

- Həmkarınız Ağaxan Salmanlı bildirir ki, teatrda baş rejisor anlayışı yanlışdır

- Bircə onu bilirəm ki, bu adam teatra gələndən sonra bizi «ikinci sort» aktyor kimi bir kənarda saxladı. Söhbət teatr rejissorlarından gedirsə, Azərbaycanda Bəhram Osmanovdan başqa kimsə gözümə dəymir.

- Bəs Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov, Yusif Əkbərov?

- Azərpaşa özünəməxsus rejissordur. Mərahim də yaxşıdır. Yusif isə dostum olduğuna görə adını çəkmədim. Deyəcəklər dostu olduğuna görə tərfiləyir. Doğrusu teatrdan getdiyimə görə, kiməsə qara yaxmaq istəmirəm. Jurnalistlər də bilir ki, kim yaxşıdır, kim pisdir.

«İndikilər nə teatr görüb, nə səhnənin iyini hiss edib»

- Heç şübhəsiz ki, teatrda baş verənlər yaradıcı mühitə də təsir göstərir. Bir ağsaqqal aktyor kimi çıxış yolunu nədə görürsünüz?

- Biz dahi sənətkarlar görmşük. Mən oxuyanda cəmi 3 professor var idi.

- Amma indi 3 sıravi müəllim var, qalanı professordur

- Daha özünüz deyirsiniz də. Mən sizinlə şərikəm.  Ona görə indikilərin yetirdiyi biz ola bilmərik. Biz böyük sənətkarlardan dərs almışıq. İndikilər nə teatr görüb, nə səhnənin iyini hiss edib. Amma aktyorluqdan, rejissorluqdan dərs deyirlər. Biz Yusif Vəliyevdən, Firəngiz Şərifovadan, Süleyman Ələsgərovdan. Əli Zeynalovdan, Ələsgər Ələkbərovdan öyrənmişik. İndiki gənc nəsil bir balaca bizdən nəsə öyrənmək istəyirldi. Bizi də atdılar bayıra. Qorxuram ki, bundan sonra teatr və kino sənəti daha da zəifləyə.

- Bu qədər maddi-texniki bazanın qarışılığında tamaşaçıya zəif tamaşalar sırınırsa, bu onlara xəyanət deyilmi?

- Bu tamaşaçıya da, sənətə də, bu şəraiti yaradanlara da xəyanətdir. Gərək bu cür qayğının müqabilində ortaya sənət qoyasan. Amma bizdə yaşlıları işdən çıxarırlar. Guya ki, bu yenilikdir. 

İntiqam VALEHOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?