Modern.az

“Təzadlar” yenə də layiq olduğu yerdə - Etibar Əliyevin YAZISI

“Təzadlar” yenə də layiq olduğu yerdə - Etibar Əliyevin YAZISI

16 May 2019, 13:42

Etibar Əliyev,
Təhsil eksperti


Mətbuat Şurası “Təzadlar” qəzeti ilə bağlı açıqlama yayıb. Məsələ ondadır ki, qurumun “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının və Apellyasiya komissiyasının 1 mart 2019-cu il tarixdə keçirilmiş birgə iclasının rəyinə əsasən “Təzadlar” qəzetinin adı Şuranın “qara siyahı”sına daxil edilib. Edilən şikayətlərə görə. Başqa sözlə, atdığı böhtanlara, şantaj və hədələrə görə.

Bəs Mətbuat Şurası (MŞ) niyə indi açıqlama yayıb? Açıqlamada deyilir ki, qəzet fəaliyyətində dönüş etmək əvəzinə, MŞ-nın İdarə Heyətinin ayrı-ayrı üzvlərinə qarşı şər, böhtan atmağa başlayıb, bununla yanaşı, qurumun digər üzvlərinə “separat danışıqlar” təklif edib, bir növ, ikitirəlik yaratmağa çalışıb.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, “Təzadlar” dedikdə əslində illərdir Asif Mərzili adlı birinin “söyüş” vərəqəsi kimi çıxardığı qəzet yada düşür. Adı hər cür qara işlərdə hallanan, adı gələndə gerçək jurnalistlərin dodağının qaçdığı bir adam.

Axı bu Asif Mərzilinin və qəzetinin gerçək fəaliyyətini hamı bilmirmi?

Hakimiyyətin tərəfində olanlar da.

Müxaliflər də.

Bitərəflər də.

Hər kəs bilir və illərdir elə bil hamı bunu normal, sakit qəbul edir.

Görün Mətbuat Şurası öz açıqlamasından nə yazır: “Yanlış, yalan yazmaq, marağı tələb edəndə məsələləri şişirdib əndazədən çıxarmaq, şər və böhtan atmaq, istənilən vasitə ilə şəxsi maraqlarını təmin etməyə çalışmaq Asif Mərzilinin ənənəvi iş üslubudur”.

Hətta Mətbuat Şurası rəsmən etiraf edir ki, Asif Mərzili həmişə belə işləyib, on illərdir. Ona ilkin xəbərdarlıq edilib, ciddi xəbərdarlıq edilib, bilə-bilə ki, barəsində çox sayda şikayət var, Asif Mərzili qara əməllərindən çəkinməyib. 

Və düşüb “qara siyahı”ya. 

Onun əsl yeri buradır, illərdir layiq olduğu yer. 

Bir dəfə adı bu siyahıda olub, amma çıxarılıb, yenə eyni fəaliyyəti davam etdirib.
Bu, jurnalistikaya heç bir bağlılığı olmayan fəaliyyətdir. Həm də jurnalistikanı ləkələyən fəaliyyətdir.

Mətbuat Şurası “Təzadlar”ın fəaliyyətini araşdıranda bəlli olub ki, ölkə vətəndaşlarına və qurumlara qarşı mətbu reketlik bəs etməyib, Asif Mərzili bunu Türkiyənin Azərbaycandakı keçmiş səfirinə qarşı da törədib: “A.Mərzili və rəhbərlik etdiyi “Təzadlar” qəzeti ilə əlaqədar şikayətlər o qədər çoxalıb ki, onları araşdırmaq, təhlil etmək, səhvləri qruplaşdırmaq xeyli vaxt aparır. Təsəvvür edin ki, MŞ-nin Şikayətlər üzrə Komissiyasının son bir il müddətində keçirdiyi bütün iclasların gündəliyində “Təzadlar” qəzetindən şikayətin müzakirəsi yer alıb”.

Mətbuata bağlı bir şəxs kimi onu deyə bilərəm ki, “Təzadlar” qəzeti və bu qəzetin saytı artıq Mətbuat Şurasının nüfuzuna da zərbə vurmağa başlamışdı. Məlum olur ki, mətbuatın üz qarası olan bu qəzetdən olan şikayətlər ölkə üzrə dərc olunan cəmi qəzetlərdən daxil olan şikayətlərin sayından çox imiş. Ölkədə mətbuat azadlığından və senzuranın ləğvindən sui-istifadənin özü qanunlara edilən hörmətsizliyin (ədəbsizliyin) bariz nümunəsidir.

Mətbuat Şurasının bəyanatında deyilir: “Asif Mərziliyə də tövsiyə edilib ki, kampaniya xarakterli yazıları bir həftə müddətində dayandırsın, monitorinq qrupunun mövcud məqalələr üzərində araşdırma aparmasına şərait yaratsın. Baş redaktor bu şərtlə razılaşdığını bildirsə də, həmin günün ertəsi şərtləri pozub. Şura üzvləri ilə “separat danışıq”ında isə etiraf edib ki, həmin məqalələrin sifarişçiləri onların yayımının bir həftəlik dayandırılması ilə razılaşmırlar və bu səbəbdən Şikayətlər üzrə Komissiyanın tövsiyələrini qəbul etməməyə məcburdur. Göründüyü kimi, “Təzadlar” qəzeti üçün “qara siyahı”dan başqa yol qalmır”.


Sonuncu cümləyə fikir verin: “Göründüyü kimi, “Təzadlar” qəzeti üçün “qara siyahı”dan başqa yol qalmır”.

Doğrudur, amma daha doğrusu odur ki, “Təzadlar”ın və Asif Mərzilinin oradan başqa yeri yoxdur. Onların yeri oradır.


P.S. Şantaj, saxtakarlıq, reketçilik artıq Asif Mərzilinin həyat tərzinə çevrilib. Qərəzli yazılarında oxucu sayını süni şəkildə şişirtməklə hədəfə aldığı şəxsləri bu yolla da təhdid etməkdən çəkinmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər