Modern.az

Yevda Abramov: “Övladlarım da ikinci dəfə evlənməyimi istəyiblər...” - MÜSAHİBƏ

Yevda Abramov: “Övladlarım da ikinci dəfə evlənməyimi istəyiblər...” - MÜSAHİBƏ

21 May 2019, 11:25

“Elə gün olur ki, bir deputatı 6 dəfə televiziyada görürəm və düşünürəm, ay aman, buna necə vaxt ayıra bilir?”

“Deputat var ki, ekologiya deyəndə “mən”, ginekologiya deyəndə “mən”, antropologiya deyəndə “mən” söyləyib, hər məsələ üzrə çıxış edir”

“Biz yəhudiyik, qanımız başqa millətə qarışmamalıdır, yəhudi oğlan mütləq yəhudi qızla evlənməlidir”

“Yəhudlər istəsə, sabah dolları ya öldürə, ya da qaldıra bilər”


Milli Məclisin 53 saylı Quba-Qusar seçki dairəsindən deputatı Yevda Abramov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Yevda müəllim, əvvəllər parlamentdə çıxışlarınıza tez-tez rast gəlirdik. Nə vaxt çıxış etsəniz, fikirləriniz gündəm olurdu. Nədənsə son vaxtlar sizin səsinizi eşitmirik. Sanki hadisələrə susaraq reaksiya verirsiniz. Bunun səbəbi nədir?

- Hesab edirəm ki, parlamentdə çıxış etməməyimi nəyəsə bağlamaq doğru deyil. Ümumiyyətlə, konkret fikir bildirməyi sevirəm. Elə çıxışlar edirəm ki, Azərbaycan əhalisinin əksəriyyətinin mənafeyinə xidmət etsin. Həmişə demişəm: Azərbaycanda tək yaşayan insanam. Ailə üzvlərim təhsil alıb xaricdə məskunlaşıblar. Ona görə də mənə başqa imic lazım deyil. Televiziyaya, jurnalistə  yaxın adam deyiləm. Bəziləri elə bilirlər ki, bunu ya gündəmdə qalmaq, ya da milli azlığın nümayəndəsi kimi digər deputatlardan seçilmək üçün  edirəm. Tamamilə yanlışdır. Xalqın nümayəndəsiyəm, xalqın içindən parlamentə gəlmişəm. Bura gələnə qədər xalqa xidmət edən vəzifələrdə işləmişəm. Xalqın bütün təbəqələrinin nə ilə nəfəs aldığını, nə arzuladığını çox yaxşı bilirəm. Ona görə də çıxışlarımı elə qururam ki, özüməxidmət yox, xalqıma xidmət etdiyimi bir daha nümayiş erdirim, seçicilərimə verdiyim sözü yerinə yetirim.

Mən də hər zaman cənab prezidentin gözəl xasiyyətini özümdə əxz elətdirmişəm. Quba, Qusar rayonları ilə bağlı nə söz vermişəmsə, bu günə qədər hamısını yerinə yetirmişəm. Həmçinin, populist çıxışlar müəllifi deyiləm. Bir dəfə də demişəm. Yenə təkrar edirəm. Deputat var ki, ekologiya deyəndə “mən”, ginekologiya deyəndə “mən”, antropologiya deyəndə “mən” söyləyib bütün siyahı üzrə çıxış edir. Düşünürəm ki, Allahım, bunlar hər şey üzrə fəlsəfə doktorudurmu? Belə olmaz. Hesab edirəm ki, əgər antropologiyadan danışmaq lazımdırsa, Yaqub Mahmudov danışsın. Mən onun qədər bilmərəm. O, mənim müəllimimdir. Bu gün də onun parlamentdə şagirdi, tələbəsiyəm. Ona görə də başım çıxmayan məsələlərdən danışmaqdan ötrü mütləq siyahıya düşüm və ailə-uşaq da mənə əl çalsın?.. Bu, mənə lazım deyil. Hər zaman çalışmışam ki,  çıxışlarımdan xalq bəhrələnə bilsin  və cibinə xeyir getsin. Məsələn, işıq, qaz barədə çıxış edərkən stolumun üstündə yüzlərlə teleqram vardı. Deputat seçilmədiyim rayonlarda məni qucaqlayıb öpürdülər. Problemli kreditlər məsələsində də fikirlərimi bildirmişdim. Burada  gizli əllərin olduğunu deyirdim. Çünki bir maşının arxa baqajında bu qədər dollar dəyişən dövlət ola bilməz.

- Danışdıqca hiss edirəm ki, öz üzərinizdə çalışan insansınız. Hər addımınızı ölçüb-biçirsiniz, səhv etməməyə çalışırsınız.  İnsanlar da var ki, özünü tərbiyələndirə bilmir. Siz bunu necə bacarırsınız?

- Yaşımı yaşayıb vəzifələr icra etmişəm. Bundan sonra mənim üçün uca zirvələr yoxdur. Ən böyük zirvə xalqıma xidmətdir. Bəzi deputatlarla müxtəlif tədbirlərdə oluram. Sizə gördüklərimi danışım. Adətən deyirlər ki, yəhudi xalqı ağıllı olur. Ancaq məndən də ağıllı deputatlar var. Məsələn, elə gün olur ki bir deputatı 6 dəfə televiziyada görürəm. Öz-özümə fikirləşirəm: ay aman, buna necə vaxt ayıra bilir? İşin əslini tapmışam. Heç demə, tutaq ki, akademiyadakı tədbirə qatılır, 5 dəqiqə oturduqdan sonra oranı tərk edir. Çünki artıq onu televiziyalar çəkib. Daha sonra Fizika institutundakı tədbirə qatılır, orda da kameralar çəkir. Axşam isə təyyarəyə minir. Baxıb düşünürəm: axı, mən də deputatam. Bunun gücü, enerjisi  hardandı?. Mən isə heç vaxt bu cür ucuz imicdən istifadə etməmişəm. Vəzifədə işlədiyim zamanlarda qalstuklu təzə kostyum geyinməyə həsrət olmuşam. Fəhlələrlə çalışmışam. Qaynaqçıya kömək edərkən kostyumlarım sıradan çıxıb. Evdə də deyirdilər ki, sən ispolkomun sədrisən, yoxsa fəhlə?.
Deyirdim ki, xalqın xidmətçisiyəm, “sədr” sözü möhürün dairəsində yazılıb.

Məktəbdə də bu cür işləmişəm. Kimsə 23 fevralı gözlədiyindən xəstə-xəstə də olsa gəlib ki, görüm mənə nə verəcəklər. Mənsə o şüurla böyüməmişəm. Ən böyük hədiyyəm maraqlı bir kitab olub. Bu gün də parlamentdə nə edirəmsə, xalqım üçün təmənnasız edirəm.

Kirayədə yaşaya-yaşaya Xocalıdan olan bir qızın müalicəsi üçün camaatdan pul yığdım. Bunu heç bir deputat etməzdi. Çünki o deputatın ailəsində münaqişə yaranardı. Evdə deyərdilər ki, “kiminsə dərdinə əncam çəkənsənsə, elə özünə bir gün ağla”. Mən sərbəst insan olduğumdan  kimsə mənə bir söz deməyib.

- Yevda müəllim, tək yaşadığınızı qeyd etdiniz. Təklik  sizi sıxmırmı?


- Həyat yoldaşım dünyasını dəyişib. Uşaqlarım da harada təhsil alıblarsa, orada da qalıblar. Qızların da vətəni olmur. Övladlarımdan Moskvada da, İsraildə də, Amerikada da yaşayanı var.

- Etiraf edək ki, hər gün dörd divar arasında tək qalmaq insanı sıxır. İşdən sonra dörd divarla həmsöhbət olmaq asan deyil...

- Çətin olsa da, alışmışam. Tələbəlik illərindən, partiya kurslarından tək yaşamağa vərdiş etmişəm. Özümə xidmət etməyi bacarıram. İndi elə dövrdə yaşayırıq ki, müəyyən sahələrlə bağlı evə xidmətçi çağırmaq olur. Bu sahədə problem yoxdur. Sadəcə, sizin sualınıza cavab olaraq onu əlavə edim ki, xəstəlik bir il 2 aydır ki, məni passivləşdirib. 4-5 aydır ki, yenidən ictimai-siyasi həyatdayam. Hafizəm də geri qayıdıb. Heç kimə qismət olmasın. Çox qorxulu əməliyyatlar keçirmişəm. Biri 9 saat yarım, digəri 6 saat yarım. Əməliyyatların biri xaricdə, digəri də Bakıda olub. Bir sözlə, ikinci dəfə həyata qayıtmışam. Şükürlər olsun ki, yenə də sıralardayam, yenə də cənab prezidentin yanındayam. YAP Siyasi Şurasının üzvüyəm.

- Həyat yoldaşınız dünyasını dəyişəndən sonra ikinci evlilik barədə heç düşündünüzmü?

- Bu mümkün olan şey deyil.

- Bunun xüsusi səbəbi varmı? Çünki kişi üçün ikinci dəfə ailə qurmaq qəbahət sayılmır.

- İkinci dəfə evlənməməyimdə sevgi amili də var. Həyat yoldaşım qonşu qızı olub. Tibb sahəsi üzrə yaxşı mütəxəssis olub. Qubada əczaçılıq sahəsində çox tanınan insan idi. Həmçinin, həyatda mənə arzuladığım övladlar nəsib edib. Ona görə də ikinci dəfə bu ürəyi parçalayıb kiməsə bəxş edə bilmərəm. Heç o yaşım da deyil.

- Amma bu yaşda insanın bir həmdəmə, dosta ehtiyacı olur. Bunu yaşlı insanlar da etiraf edirlər.

- Hiss edirəm ki, həmdəmə  ehtiyacım var. Ancaq ciddi münasibətə yox. Rəhmətlik xanımım gizli-gizli məqalələrimi oxuyub işarələr qoyardı.

- Xanımınızdan danışdıqca gözləriniz doldu.

- Xanımım mənim üçün çox həssas məsələdir. Səhv etmirəmsə, ya morjlar, ya da delfinlərdir ki, həyatda bir dəfə sevirlər. Göyərçinlərdə də belədir. Ona görə də bu yaşımdan sonra axtarışda olmağım nə məni, nə övladlarımı, nə də məni tanıyanları qane edər. Hələ yaşayıram. Yaşamaq çətinliklərim olarsa, kiməsə müraciət edərəm, ancaq ciddi münasibətə yox.  Hətta övladlarımdan da ikinci dəfə evlənməyimlə bağlı təklif gəlib. Qəbul etməmişəm.


- Siz yəhudi olsanız da, azərbaycanlılarla sıx əlaqədəsiniz. Həm orta məktəb, həm də tələbəlik illərində azərbaycanlı dostlarınız olub. Nə zamansa azərbaycanlı qızı sevmisinizmi?

- Bayaq sizə yəhudilərin genefondundan danışdım. Burada bir amil var. O da qanın təmizliyi faktoru ilə bağlıdır. Müqəddəs kitab olan Tövratda yazılıb ki, mümkün qədər yəhudi qızı yəhudi oğlanla evlənməlidir. O məsələ bizim ailə üçün də qanundur. Ailəmiz seyid ailəsidir. Yəhudilər ona koyn deyir. Bizim qanımız qarışmamalıdır. Bu çox ciddi olmaqla yanaşı, həm də günahdır. Ata-babalarımız bu günahı işlətməyiblərsə, mən bu səhvi edə bilməzdim. Tələbəlik illərində başqa millətdən olanlarla mənim aramda bacı-qardaş münasibəti olub. Şərt kəsmişik ki, o münasibətlərdə qırmızı xətti keçmək olmaz.

- Belə anladım ki, sizə qeyri-millətdən olan xanımlar aşiq olub. Ancaq siz bunu istəməmisiniz.

- Əlbəttə. Qırmızı xətti keçməməyi tövsiyə etmişəm. İzah etmişəm ki, bu, mümkün deyil. Biz tələbə yoldaşıyıq. Muzeyə, kitabxanaya gedə bilərik.

- İzninizlə söhbətin səmtini dəyişək. Son vaxtların hərbi mövzuları arasında Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sisteminə malik olan “Dəmir Gümbəz” silahları yer tutur. Məhz bu silahların İsraildən alınması Ermənistan ordusunda da narahatlıq yaradıb. Sizcə, İsrailin Azərbaycana silah satması Ermənistan hakimiyyətini nə dərəcədə narahat edir?

 - Müharibə təkcə silahların bir-birilə rastlaşması deyil. Müharibə həm də ideoloji aparılır. Bəli, Azərbaycanın çox güclü silahları var. Bu gizli deyil. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, ordumuzun istifadə etdiyi silahların 85%-i İsrail dövlətinin bizə müqavilə ilə verdiyi silahlardır. İndi də düşmən tərəfi bizi qorxutmağa çalışıraq, “Azərbaycan bizim qarşımızda heç nədir. Rusiyadan aldığımız bu cür silahlarımız var” deyir. Düşmənin dediklərinə mən də cavab vermişəm: “Çox da öyünməsinlər. Azərbaycanın arsenalında elə silahlar var ki, onların həmin raketlərini göydə tutar”.
Düz də demişəm. Ermənistanın müdafiə naziri deyib ki, Azərbaycanın yəhudi deputatı Ermənistan Silahlı Qüvvələri arasında təfriqə salır. Yəni onları ruhdan salıram. “Azadlıq” radiosunun qırğız bölməsi mənə dostcasına sual verdi ki, “Abramov, burada həqiqət varmı?  Müsəlman ölkəsi kimi bizə maraqlıdır”. Cavab verdim ki, “dilimə yalan gətirmərəm. Həqiqətdir”. Düzdü, hərbi sirlərin hamısını aça bilmərik. Siz mətbuat işçilərinin də ixtirarı yoxdur ki, lazım olmayan məsələləri gündəmə gətirəsiniz. Çünki bunun məsuliyyəti var. Həmçinin, bilirəm ki, bu gün Ermənistanın silahlarına qarşı Azərbaycanın güclü silahları var. Buna başımla cavabdehəm. Ancaq adı nədir və sayı nə qədərdir, o mənlik deyil.

Ermənistanın baş naziri Paşinyan da eşitsin: yenə həmin deputatam və həmin sözləri deyirəm. Biz 1992-ci ildə olan Azərbaycan deyilik. Bu gün bölgədə gücü və sözü olan dövlətik. Dünya dövlətləri içərisində hərbi sursat və ordu quruculuğuna görə 35-ci  yerdə qərarlaşmışıq. Ermənistan da öz yerinin harda olduğunu görsün. O silahlar da olmasa, Azərbaycanın çox yaxşı mənəvi silahları var. Biz o mənəvi silahlarla da Ermənistanı məğlub edə bilərik.

- Deputat olsanız da, əhatə dairəniz çox genişdir. Dediyiniz kimi, Ermənistana verdiyiniz cavablara görə dünyanın əksər ölkələrindən sizə zəng edənlər də olur.

- Tamamilə doğru söyləyirsiniz.

-  Həmçinin, ABŞ Senatı, Konqresi ilə də çox yaxşı  əlaqələrinizin olduğu deyilir. Maraqlıdır, hərbi-siyasi yükə malik məlumatları super güclərdən necə əldə edirsiniz?

- Bilirsiz, ömrümün çox hissəsini müəllimlik peşəsinə xidmət etməklə keçirmişəm. Tarix müəllimi olmuşam. Cənab prezident tərəfindən “Şöhrət” ordeni almışam Rusiya Duması Federal Şurasının mənə təqdim etdiyi medallar var. Söhbət bunlardan getmir. Söhbət ondan gedir ki, mənim çox yaxşı şagirdlərim olub. O şagirdlər dünyaya səpələnib. Bu məlumatları necə əldə etdiyimi soruşursunuz. Bu məlumatlar mənə havadan gəlmir. Bu məlumatlar mənim sevimli şagirdlərim tərəfindən verilir. O şagirdlərimin arasında general da, şəhər merləri də, parlament üzvləri də var. Azərbaycanda da çox zəkalı şagirdlərim var. Dərs dediyim şagirdlərim mənə azarkeşlik edirlər. Doğum günümdə, bayramlarda teleqramlar göndərirlər. Bu gün Ukraynanın ən böyük dairələrində şagirdlərim oturub. Sadəcə,  ad çəkə bilmirəm. Həmçinin, övladlarım da xaricdədirlər. Onlar mənə qəzet məlumatları göndərirlər. Azərbaycan mətbuatında yazılanların çoxunu yalan hesab edirlər. Mənim İsraillə münasibətlərim çox istidir. Milli Məclisin dəhlizindən İsrailə zəng edib qondarma “erməni soyqırımı”nın qəbul olunmasının qarşısını almışam. Bunu çoxları bilir. Erməni saytlarında mənim barəmdə o qədər söyüşlər yazırlar ki!... İran televiziyasının “Səhər” proqramının köhnə kadrlarına baxsanız, məni doladıqlarını görərsiniz. Yenə də incimirəm. Bu belə də olmalıdır.

- Belə demək olarmı ki, sizin Azərbaycan parlamentində təmsil olunmağınız erməni və İran dairələrinə sərf etmir?.

- Tamamilə doğrudur. Mənə qarşı kimsə haqsızlıq edəndə deyirəm ki, “inciməyin, həyatda məni 2 millət sevmir: fars və erməni. Siz hansındansınız?”. Sualıma  cavab vermirlər.
Bir dəfə Kaliforniyada olanda Kaliforniya ermənisi mənə sual verdi, aramızda belə dialoq yaşandı:

- Sizi cənab prezident bura göndərib. Bəs bilmirsiniz ki, Kaliforniya erməniləri güclüdür?
- Mən onlardan da güclüyəm. Ona görə məni bura göndəriblər.
- Deputatlığınla qürurlanırsınız?
- Yox
- Bəlkə yəhudi olmağınızla qürurlanırsınız?
-  Yox. Azərbaycan vətəndaşı olmağımla. Arxamda 50 milyon adam qoyub gəlmişəm. Nə istəyirsiniz? “Erməni soyqrımı” olmayıb. Bunu sizə tarixçi kimi deyirəm. Siz Holokostdan nümunə götürüb özünüz üçün “soyqırımı” yaratmaq istəyirsiniz. Unutmayın ki, bizim Holokostumuzu dünya tanıyır. Sizin hansı Holokostunuz olub?..

Çox vaxt Azərbaycan mətbuatından narazı qalıram. Yadınızdadırsa, Lənkəranda bir ev partladı, “Mossad partladıb” yazdılar. Şimon Peres Azərbaycana gələndən sonra  qum fırtınası əmələ gəlmişdi. Yazdılar ki,  İsrail həmin vaxt Azərbaycanda tektonik silah işlədib. Axı, Azərbaycana qarşı tektonik silah niyə işlətməlidir?!  

- Maraqlı məqama toxundunuz. Yəhudilər haqqında yazılanlardan danışdınız. Milli Məclisin sabiq üzvü olan Sultan Məmmədov “Masonluq” haqqında kitabında yəhudilərin  dünyanı idarə etmək iddiasından söz açıb. Nədənsə, yəhudi masonluğu haqqında çox yazılır. Buna necə baxırsınız?

- Hətta deyirlər ki, yaydıqları xəstəliklərə özləri yoluxmurlar. Mən də bu barədə ayrı-ayrı məqalələrdə oxumuşam. Yəhudilərdə cinsi problem olmur. Uzunömürlü olurlar və sairə.


- İllərlə Nobel mükafatının da yəhudilərin almasına fərqli işarə vururlar.  Hər halda bizə də maraqlıdır. Niyə yəhudi xalqı bu qədər ağıllıdır. Bunun xüsusi resepti varmı?

- Bu barədə Koreya alimləri düz 10 il fikirləşiblər. 10 illik araşdırmadan sonra öz hökumətlərinə təklif ediblər ki, orta məktəblərdə Talmudu keçsinlər. Fizika da, kimya da bütün dünyada keçirilir. Yəhudilər də həmin kitabdan keçirlər. Bəs o zaman niyə yəhudilər bu qədər ağıllıdırlar?! Tibb, ticarət, zərgərlik sahəsində güclüdürlər. Koreya dövlət rəhbərinə deyiblər ki, yəhudilər Talmudu oxuyublar. Bu zaman Koreya dövləti sərəncamla bütün orta məktəblərdə Talmudun öyrədilməsi barədə göstəriş verib. Bunu tətbiq etməklə nəticə də əldə ediblər. Bu gün Koreya dövləti atomu ilə dünyanı lərzəyə salır. Bəziləri deyir ki, yəhudilərin ağıllı olmasına səbəb  balıq məhsulları ilə çox qidalanmalarıdır. Bunlar cüzi rol oynaya bilər. Əsas rol oynamır. Bu millətin genefondu belədir. Bu gün Amerikanın maliyyə resurslarının 80%-i yəhudilərin əlindədir. Yəhudlər istəsə sabah dolları ya öldürə, ya da qaldıra bilərlər.

- Dünyada yəhudi diasporunun gücü də inkaredilməzdir. Məsələn, 20 ildir ki, biz diaspor sahəsində yəhudi təcrübəsini öyrənə bilmirik.

- Çünki yəhudilər bir-birinin sözünü tuta, bir-birinin dərdinə şərik çıxa bilirlər. Çünki Allah tərəfindən Musa peyğənbərə verilən 10 maddənin birində yazılıb ki, “əvvəl öz millətini sev və onun qədər də başqa millətlərə məhəbbət yeri saxla”.
Bu tezislə gedən yəhudilər dünyada bir-birinə əziyyət vermirlər. Avstriyada yaşayan yəhudinin barmağı ağrıyırsa, bunu İtaliya yəhudisi də yaşamalıdır. Bayramlarda saatlar dəyişsə də, tarix dəyişmir. Dində parçalanma yoxdur. Dində parçalanma yoxdursa, milli ideologiyada da parçalanma yoxdur. İsrail dövləti güclü tibb dövlətidir. İsrail dövlətinin tibb institutlarında insanlar zəng vurmaqla, yaxud da xala, əmi köməkliyi ilə universitetlərə daxil olmurlar. Dissertasiya Ali Attestasiya Komisiyasına pul verib alınmır. İsrailin həkimləri dünyanın aparıcı tibb universitetlərini bitiriblər.

- Yəhudi diasporundan sonra təəssüf hissi ilə deyə bilərik ki, bu birlik ermənilərdə də var. Dünyanın hansı bucağında məskunlaşmalarından asılı olmayaraq, kök sala bilirlər.

- Erməni lobbiçiləri yəhudi lobbiçiliyinin nəzəriyyələrinin hamısını öyrənib. Əvvəlki dövlərdən bəri aramızda ziddiyyət də var. Hətta belə bir lətifə də yaranmışdı: “Yəhudi olan yerdə erməni qələt edir”. Yəhudilər lobbizmi dünyada qoruyub saxlamaq üçün xərcləməyi bacarırlar. Ermənilər də bacarır, ancaq tərəddüd edənləri də çoxdur.
Azərbaycanda isə bu yoxdur. Mənə göstərin görüm, Moskvada yaşayan milyarderlərdən biri Qarabağ haqqında film çəkibmi? Çəkməyib. Amma yəhudilər çəkiblər. Bu gün 14, 16, 30 milyar dollar sərmayəsi olan keçmiş Azərbaycan vətəndaşları var. Bir ya da iki Milli Qəhrəmana nələrsə həsr edibmi?

- Heç yoxdur deməyək. Az da olsa var.

- Ümumi həcmə görə deyirəm. Yəhudilərdə çoxdur, ermənilərdə onlardan azdır. Azərbaycanda isə tamam azdır. Bu gün Amerikada yunan, yəhudi lobbizmi çox güclüdür. Ayrı-ayrı yəhudi senatorları ilə görüşəndə onlara bir həqiqəti demişəm. “Bacıoğlu həmişə varlı dayını sevir. Siz kiminlə oturub-durursuz?! Azərbaycanın nefti, tütünü, üzümü var. Varlı dayıdır. Siz Azərbaycanla oturub-durun! Sizin Ermənistanla nə işiniz var? Onlar qəbir daşı düzəltməkdən başqa nə bacarırlar? Onlarla sizi birləşdirən hansı tellər var, onu anlaya bilmirəm?!”.
Tarixi, iudaizmi araşdırıram. Heç nə anlaya bilmirəm. Onlarla dost-qardaş olmağa, onların mənafeyini Senatda qaldırmağa sizi nə vadar edir? Ayıb deyilmi 6 milyon xalq itirən millətin nümayəndəsi bir qrup erməniyə dəstək versin?”

Bir haşiyə çıxım. Parlamentdə qarğış etmişəm. Kim bu vətən üçün nəsə etmirsə, suyu, çörəyi ona haram olsun. Bayaq çıxış etməyimdən danışdınız. Yenə də lazım gələndə çıxış edəcəm. Bu günə kimi parlamentdəki çıxışlarımla bağlı bir adam mənə irad bildirməyib. Həmişə obyektiv olmuşam. Bəziləri deyir ki, “sən çıxışlarında sərbəst ola bilirsən. Çünki milli azlığın nümayəndəsisən. Fabrikin, zavodun yoxdur deyə qorxun da yoxdur. Əgər o qorxu varsa, parlamentə gəlmək lazım deyil. Sözünü deyən insanın yerini tutursunuz”.
İdeyam budur. Əgər xalqıma lazım deyiləmsə, xalqıma xeyir verə bilmirəmsə 4-cü, 5-ci dəfə deputat seçilməyimə ehtiyac yoxdur.

- 2020-ci ildə ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Partiyadan namizədliyiniz irəli sürüləcəyi təqdirdə növbəti dəfə deputat olmaq istəyiniz varmı?

- Partiyanın əsgəriyəm. O məni döyüşə göndərirsə, necə imtina edə bilərəm?! Siyasi Şuranın üzvüyəm. Artıq əsgər yox, sərkərdə gedirəm. Ondan imtina etməyəcəm. Şükürlər olsun ki, hər şey yerindədir. Sağlamlığım qayıdıb. İctimai fəallığım da var. 2 həftədən bir seçildiyim rayondayam. Hansı vacib məsələ varsa, onunla bağlı nazirliklərin qapısını döyüm deyə icra başçısı ilə görüşürəm. Amalım, iş prinsipim budur.

- Parlamentdəki prinsipial çıxışınıza, mövqeyinizə görə həmkarlarınız arasında sizdən kənar gəzirlərmi? Bir çox hallarda sözün düzünü deyəni sevmirlər.

- Elə məsələ yoxdur. Kiminsə mənə paxıllıq ya da qısqanclıqla yanaşması fikirlərindən uzaq adamam. Parlamentdə də, parlamentdən kənarda da hamının sevimlisiyəm. Xəstə yatdığım dövrlərdə bunun bir daha şahidi oldum. 12 gün Onkologiyada yatdım. Onkologiyanın bütün işçiləri təngə gəlmişdilər. İnsanlar rejimə baxmadan ziyarətə gəlirdilər. Tibb Universitetinin tələbələri sağ olsunlar, qan verməyə hazır idilər. Ancaq bilmirdilər ki, mənim məsələm qan məsələsi deyil. Bu sevgidir, məhəbbətdir.

- Bir sualım da olacaq. Aktual mövzudur. İsrailin Azərbaycanda səfirliyi açılsa da, hələ ki Azərbaycanın İsraildə səfirliyi yoxdur.

- İsrail məsələsi çox çətin məsələdir. İsrail dövləti Azərbaycanın müstəqilliyini ilk günlərdən tanıyan dövlətlərdən olub. O vaxtı hələ Azərbaycan zəif idi. “İsrail hansısa mənafe xatirinə bunu elədi” demək doğru deyil. İsrail dövləti Azərbaycanın keçmiş tarixini çox yaxşı bilir. 1918-ci il ənənələrinə çox yaxşı bələddir. İsrail dövləti də Azərbaycanın keçdiyi yolları keçib. Çətinliyin nə demək olduğunu çox yaxşı bilir. Kiçik dövlət, kiçik xalq üçün böyük dövlətlərin, yırtıcıların əhatəsində yaşamağın nə demək olduğunu İsrail dövləti çox yaxşı anlayırdı. İsrail dövləti birtərəfli qaydada Azərbaycanın müstəqilliyini tanıdı və səfirliyini də açdı. Heç kimdən də çəkinmədi. Amma Azərbaycan ətrafında baş verən hadisələr onu göstərdi ki, biz təkcə balaca Ermənistana qarşı deyil, super dövlətlərə də qarşı vuruşuruq. İsraili də gözü götürməyən ölkələr çoxdur. Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi Azəırbaycan İsraildə səfirlik aça bilməz. Bunu açıq deyirəm. Yatan fili oyada bilmərik. Qonşu müsəlman ölkəsi  olan, əhalisinin yarısını azərbaycanlılar təşkil edən dövləti oyadıb qıcıqlandıra bilmərik. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz Qarabağ məsələsini sona çatdırmamış, qalibiyyət əldə etməmiş bu fillərə iynə batıra bilmərik. Bu fillər yerindən tərpənsə, aləm bir-birinə dəyər. Uğurlarımız gücləndikcə, dünya ölkələri arasında münasibətləri saf-çürük edəndə və məqam çatanda İsraildə səfirlik açacağıq. Heç İsraildə səfirlik açmasaq da, çətinliyimiz yoxdur. Çətinliyi mən çəkirəm. Qızım da İsraildə səfir kimidir. O da mənə kömək edir. Oğuzdan olan dostlarımın çoxu İsraildə “Qafqaz təşkilatı” yaradıblar. İşlər gedir. Təbii ki, səfir olsa, işlər daha sürətlə gedər. İsrail dövləti təhlükəsizlik baxımından çox ehtiyatlı dövlətdir.

- İsrail səfirliyindən viza almağın çətin olduğu söylənilir. Bu nə ilə əlaqədardır?

- Yəhudi olanlar üçün viza açmaq çox asandır. Qeyri-yəhudi olanlar üçün isə viza açmaq bir qədər çətindir. Oradan göndəriş gəlməli, sizin təhlükəsizliyinizə təminat verən təşkilat olmalı və siz burdan viza açmalısınız. O ki qaldı idman, alimlər və simpozium kimi məsələlərə, bu zaman  online sistemi ilə viza açmaq mümkündür. Oxucular da bilsinlər. Mənə viza ilə bağlı çox müraciət edirlər. Kimsə yaxın qonşunuz olubsa, xahiş edin, səfirliyə bir göndəriş göndərsin. Bu zaman sizin telefonunuza çağıracaqlar və bir aylıq viza açacaqlar. Burada çətinlik yoxdur.

- Sonuncu sualım son günlər Azərbaycan-Gürcüstan sərhəddində yaşanan Keşikçi dağ məbədi ilə bağlıdır. Tarixçi olaraq gürcülərin təxribat xarakterli addımlarına necə baxırsız?

- Bir Azərbaycan vətəndaşı, tarixçi kimi demək istəyirəm ki, gürcü yoldaşlarımız yollarını azıblar. Bu yollarla gündəmdə olmaq, kiməsə xoş gəlmək heç bir dövlət rəhbərinə, o cümlədən Gürcüstan dövlətinin rəhbərliyinə yaraşmır. Bütün kommunikasiyalarımızı, gəlir gətirə bilən layihələrimizi Gürcüstanla bölüşdük. Gürcüstan bunu etməməli idi. Bunu Ermənistandan gözləmək olar, ancaq Gürcüstandan yox. Gürcüstan büdcəsinə gələn pul bizim 3-4 layihəmizlə bağlıdır. İndi “David Qareci”nin mübahisəsinin vaxtıdırmı?! Ən gözəl cavab Tarix İnstitutunun bəyanatında öz əksini tapıb. Bilməlidirlər ki, bu gün Gürcüstanın mövcudluğu Azərbaycanla bağlıdır. Bunu o tərəfdən Saakaşvili də deyir.

- Saakaşvilinin prezidentliyi dövründə Azərbaycana qarşı çox isti münasibət hökm sürürdü. Bu gün isə əksini görürük...

- Gürcü xalqının bəxti o zaman gətirdi ki, ermənilər bizimlə küsüşdü və bu konfliktə bizi cəlb etdilər. Əslində bu layihələrin hamısı bədbəxt və xəstə təxəyyüllü qonşumuzun ərazisindən keçərdi. Bu pul da Ermənistanın kiçik büdcəsinə bəs edərdi.

- Əminliklə söyləyə bilərikmi Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasında kənar əllər rol oynayır?

- Əlbəttə də ki elədir. Bir gün şeytanın balaları deyir ki, ata bizi apar gəzdir. Nə isə bir bazar günü şeytan balalarını gəzməyə aparır. Bala şeytan deyir ki, ata, söz ver,  aranı qatmayacaqsan. Bulvara gedib gəzirlər. Dondurma yeyirlər. Görürlər ki, kənarda iki cavan bir-birini bıçaqlayır. Şeytanın uşağı deyir ki, ata, düzünü de, bu işdə sənin barmağın var?  Ata şeytan cavab verir ki, açıq deyim, şeytanın barmağı girməyən yer yoxdur.
İndi bizim də sapı özümüzdən olmayan baltalar olmayanda iş getmir. İlanlara ağu verən olmasa, qudurmurlar. Bilirsiz, Gürcüstanın rəhbəri Fransa ilə əlaqəlidir. Fransa diplomatiya məktəbini bitirmiş və Fransanın tutqusu ilə oynayanlardır. Ancaq bu uçuruma aparan yoldur. Bu hərəkətlər bir millətə, dövlətə yaraşmayan işlərdir. Bu gün ərazi məsələsi qaldırmaq separatçılıqdır. Kilsəni kim kimin əlindən alıb. Gəlin ibadətinizi edin! Əslində bu Alban kilsəsidir. Bunun tarixi var. Bundan sonra kilsə davası etmək doğru olmaz. Erməni sobasına neft tökmək kimi bir şeydir. O yolu gedən Ermənistan nə qazanıb? O yolu getmək istəyən Gürcüstan nə qazanacaq?!  Biz yeri gəlsə, sanksiyalara, embarqolara gedərik...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...