Modern.az

Sosial Tədqiqatlar Mərkəzi işini  vətəndaşların rəyi əsasında qurur

Sosial Tədqiqatlar Mərkəzi işini  vətəndaşların rəyi əsasında qurur

16 İyul 2019, 13:18

Sosial Tədqiqatlar Mərkəzi (STM) prezidentin fərmanı ilə yaradıldığı vaxtdan (2019-cu il, 08 fevral) müvafiq inzibati-təşkilati, struktur məsələlərinin həll edilməsi istiqamətində işlərin görülməsinə başlayıb.

 

Cari ilin  aprel ayının 12-də Mərkəzin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən  Nizamnamə  ölkə başçısı tərəfindən təsdiq edilib.

 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Mərkəzin fəaliyyətini təmin edən inzibati prosedurların müəyyən edilməsi,  təşkilati məsələlərin, zəruri strukturun, müvafiq tədqiqat şöbələrinin yaradılması, həmçinin, ən başlıcası- peşəkar kadr korpusunun formalaşdırılması  kimi zaman tutumlu məsələlər demək olar ki, əhəmiyyətli dərəcədə həll edilib.

Ötən müddətdə STM-in həyata keçirdiyi fəaliyyət sırasında-ölkə miqyasında sosial tədqiqatların və  ictimai rəylə bağlı aparılan işin, mövcud struktur və institutların ümumi   mənzərəsi təhlil edilib, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın aradan qaldırılması yönündə  tədbirlər sisteminin hazırlanmasına başlanıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər məlumat data bazasının yaradılması qarşıdakı vacib vəzifələrdən hesab edilir.

 

“Qeyd edilən məsələlərlə yanaşı, xüsusilə vurğulanmalıdır ki, prezidentin fərmanı ilə yaradıldığı vaxtdan  Mərkəzdə aktual problemlərə həsr edilən  təklif və tövsiyələri əks etdirən elmi təhlillərin  hazırlanması üzərində  mütəmadi  iş aparılır. Cəmiyyətdəki sosial proseslər və dinamika ilə bağlı  təhlillər rəhbər və qərar qəbul edən şəxslərə, müvafiq dövlət qurumlarına, idarəetmə orqanlarına yönəldilir.

Həmçinin, Mərkəz   2019-cu ilin ikinci yarımilliyi üçün Nizamnamə ilə müəyyən edilən vəzifələri həyata keçirmək üçün ən aktual sosial məsələlərin elmi tədqiqat konsepsiyasını-fəaliyyət planını hazırlayıb.

Mərkəzin sözügedən elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlərin təhlili nəzərdə tutulub. Onların sırasında ictimai-siyasi proseslərin mütəmadi təhlili ilə yanaşı,  məmur-vətəndaş münasibətlərinin vəziyyəti və təkmilləşməsi yolları, sosial təbəqələşmə, regionlarda sosial  proseslər, gənclərin və digər həssas qrupların sosial problemləri, özünüməşğulluq məsələsinin monitorinqi və səmərəliliyi, əhalinin gəlirləri arasında fərqlər, ailə institutunun və mənəvi dəyərlərin sosial aspektləri, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, yaşlı vətəndaşlara qayğı təminatının qanunvericilik bazasının təhlili, paytaxt şəhərdə urbanistika və aqlomerasiyanın formalaşmasının sosial amilləri, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri, informasiya texnologiyaları və sosial proseslər, süni intellekt fenomeninin  sosial aspektləri, cəmiyyətə təsirinin nəticələri,   və s. tədqiqatlar qeyd edilə bilər”-deyə bildirilib.  

STM o cümlədən, ictimai rəyin öyrənilməsi ilə bağlı 6 sosioloji tədqiqat  və rəy sorğusunun keçirilməsini başa çatdıraraq onların üzərində son hesabat və tamamalama tədbirlərini həyata keçirir. Onlardan  müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına  münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, sosial inkişaf və rifahın  göstəriciləri,  Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırmalar Mərkəz tərəfindən geniş ictimaiyyətə təqdim olunacaqdır. 

 

Mərkəz beynəlxalq  əməkdaşlıq sahəsində fəaliyyəti əsas məramlarından biri kimi dəyərləndirərək bir çox nüfuzlu beyin mərkəzləri və tanınmış tədqiqat  cəmiyyətləri ilə tərəfdaşlıq əlaqələri yaratmağa nail olub.

STM-də dövri elmi jurnalın nəşri ilə bağlı işlər görülür, rəsmi qeydiyyat prosedurları başa çatmaq üzrədir.

 

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzi Prezidentin sərəncamı ilə yaradılıb. Prezident İlham Əliyev millət vəkili Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

 

Mərkəzin təsis edilməsində məqsəd  Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirməkdir. Eyni zamanda dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaq da bu məqsədlər sırasındadır. Eyni zamanda  müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək də bu hədəflər arasında yer alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı