Modern.az

İntizam Komissiyasından deputatların mübahisəsinə REAKSİYA - Töhmət olacaq?

İntizam Komissiyasından deputatların mübahisəsinə REAKSİYA - Töhmət olacaq?

5 Avqust 2019, 13:55

Son günlər deputat Fazil Mustafa sosial şəbəkələrdə tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı yazdığı statuslarla yenidən gündəmə gəlib. Millət vəkili son statusunda “Şah İsmayıl Xətai” ordeninin ləğvini tələb edib və onun bu istəyi  bir çox narazılıqlara səbəb olub.

Fazil Mustafanın Şah İsmayıl Xətai barəsində səsləndirdiyi fikirlər təkcə kənar insanlar tərəfindən deyil, deputat həmkarı tərəfindən də narazılıqla qarşılanıb.

Milli Məclisin deputatı Fəzail Ağamalının həmkarı Fazil Mustafaya etirazına cavab olaraq qarşı tərəf onu “cahil” adlandırıb.

Fəzail Ağamalı isə Fazil Mustafaya cavab olaraq "Sənin qaragüruhun bataqlığından çıxarılıb, normal həyata, sivil siyasi müstəviyə gətirilməyində böyük əmək sərf edəni cahil adlandırırsansa, məntiqlə bəs, onda sən kimsən?" deyib.


Milli Məclisin deputatlarının bir-birinə savaş açması parlamentin İntizam  Komissiyası tərəfindən araşdırılmalıdırmı?

Deputatlara töhmət verilməsi mümkündürmü?

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Modern.az-a  açıqlamasında bildirib ki, hazırda parlament tətildə olduğundan məsələnin araşdırılması mümkün deyil:

“Deputatlar arasında yaranan polemika ilə bağlı ətraflı məlumatım yoxdur. İkincisi də, Fazil Mustafa ilə Fəzail Ağamalı arasında baş verən söz savaşı Milli Məclisin iclasları zamanı baş verməyib. Milli Məclisdən kənarda baş verən hadisələrə İntizam Komissiyası nəzarət etmir”.


Komissiya sədrinin sözlərinə görə, bu cür məsələlərdə asayişə nəzarət edən polis var:

“Polis, məhkəmə sistemi baş verən hər hansı hadisəyə nəzarət edir. Tutaq ki, bir şagird dərsdən kənarda qaydaları pozub, kiminləsə dalaşıb. Bu zaman məktəb direktoru cavabdeh olmalıdır?! Hesab edirəm ki, məsələlərə daha obyektiv yanaşmaq lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır