Modern.az

İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB

İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB

13 Sentyabr 2019, 13:26

İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərlərini yasaqlayır.

 

Yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfərlər edir.

Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə deputat  Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə layihə müzakirəyə çıxarılmadı.

 

2011-ci ildən bəri xeyli vaxt keçsə də, əcnəbilər Qarabağa səfərlərini davam etdirir.

Bunun nəzərə alan bir çoxları XİN-nin “qara siyahı”sının işə yaramadığını da söyləyirlər. O səbəbdən ki, “qara siyahı”nın vacibliyinə əhəmiyyət versələr, kimsə qanunsuz səfər etmək sevdasına düşməz.

Bəs nəyə görə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb qəbul edilmir?

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a deyib ki, 2 gün öncə, Dağlıq Qarabağın  Azərbaycanlı İcmasında bu məsələni müzakirə ediblər:

“Müzakirədə Prezident Administrasiyasının Xarici siyasət məsələləsi şöbəsinin müdiri  Hikmət Hacıyev də iştirak edirdi. Bu istiqamətdə geniş fikir mübadiləsi aparıldı, aydınlaşdırmalar gətirildi. Müəyyən məsələlər var ki, hüquqşünaslar daha dərindən bilir”.

Elman Məmmədovun sözlərinə görə,  “İşğal olunmuş ərazilər haqqında”  qanun  layihəsi ətrafında  müxtəlif fikirlər səsləndirilir. Faydalı və zərərli tərəfləri diqqətə çatdırılır:

“Biz bu qanun  layihəsini qəbul etməklə Azərbaycanda işğal zonasının olmasını və ona status verilməsini diqqətə çatdırmış oluruq . Demək, biz qəbul edirik ki, bura işğal zonasıdır və statusu da budur. Bu işğal müvəqqəti haldır. Təbii, torpaqlarımızı işğal altında qoymayacağıq və azad edəcəyik”.

 

Xocalılı deputat bildirib ki, qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı hələlik qəti fikir yoxdur:

“Beynəlxalq səviyyədə bu məsələ ilə məşğul olan müəyyən qurumlar mövcuddur. Beynəlxalq dairələr arasında rəsmi səviyyədə müzakirələr gedir. Əgər məqsədəuyğun hesab olarsa, Milli Məclisə bu barədə təklif, fikir bildiriləcək. Bu hamı kimi, məni də maraqlandıran məsələdir. Ancaq hələ ki qəti belə fikir yoxdur”.

 

Parlamentari  adıçəkilən qanun layihəsinin qəbul edilməsi ilə bağlı danışarkən bir məqamı da qeyd edib:

“Əslində, hər bir erməni vətəndaşı bizim üçün əcnəbidir. Biz bu qanunla əcnəbilərin Qarabağa gəlib-getməsinin qarşısını ala bilərikmi?! Ala bilmərik. Onların qarşısını yeganə üsulla ala bilərik. Ərazilərimizi, torpaqlarımızı işğaldan azad edib, sərhədlərimizi bərpa edək və sərhədlərimizi özümüz qoruyaq. O zaman əcnəbilərin gəlib-getməsi bizdən soruşulacaq və icazə bizdən olacaq. Nə qədər ki, işğal faktı ortadadır, hansısa qanunla onların qarşısını almaq qeyri-mümkündür”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır