Modern.az

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

14 Oktyabr 2019, 12:00

Bu gün Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu almaq istiqamətində işlərin davam etdirildiyini bildirib.

 

“Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir”, - deyə qırğızıstanlı nazir bildirib.

Aydarbekov qeyd edib ki, Türk Şurası dövlət başçılarının Özbəkistanın quruma daxil olması ilə bağlı birgə bəyanatı növbəti sammit çərçivəsində qəbul olunacaq:

“Ümid edirəm ki, tərəfdarımız olan Türkmənistan da Özbəkistanın nümunəsini təkrar edəcək. Bu, təşkilatın nüfuzunu daha da möhkəmləndirəcək”.

Nazir bildirib ki, bu gün XİN rəhbərlərinin görüşündə Macarıstanın Türk Şurasının Mədəni İrs Fondunda müşahidəçi qismində təqdim olunması barədə qərar qəbul olunacaq:

“Biz Macarıstanın türk dünyasına getdikcə daha çox inteqrasiya olunması səylərini dəstəkləyirik”.

Nazir Türk Şurasında sədrliyin qəbul olunması ilə bağlı Azərbaycana uğurlar arzulayıb.

Daha sonra Ç.Aydarbekov qeyd edib ki, Türk Şurasının BMT Baş Assambleyasında və İslam Əməkdaşlık Təşkilatında müşahidəçi statusunun alınmasında səylərini dəstəkləmək lazımdır. Bundan başqa, Türk Şurasının TürkPA, TÜRKSOY kimi təşkilatlarlarla əməkdaşlığı gücləndirilməlidir.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək:

"Özbəkistanın türk dünyasının mühüm ölkələrinən biridir. Özbəkistanın Türk Şurasında iştirakı tarixi addımdır. Bu addım təşkilatı daha da gücləndirəcək. Türkiyə buna çox sevinir". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?