Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdikləri bəyan ediblər.
Modern.az-ın məlumatına görə, bununla bağlı Nəsimi rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin iştirakı ilə toplantı keçirilib.
Toplantı iştirakçıları ölkə başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildiriblər.
“Biz cənab Prezidentin ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyi islahatları bəyənir və bunu alqışlayırıq.
Cənab Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayır. Dövlət başçısının qətiyyətli mövqeyi və ölkəmizin gündən-günə inkişafı biz Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrini əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək”,-deyə tədbir iştirakçıları vurğulayıblar.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri son günlər ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin qanunsuz davranışlarını pisləyərək, bunun dövlətə, dövlətçiliyə zidd addım olduğunu bildiriblər.
“Azərbaycanın inkişafını gözü götürməyənlərin cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz!”.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələriAzərbaycanın bu günü və gələcəyi naminə ölkə başçısının hər bir çağırışına hazır olduqlarını qeyd ediblər.