Modern.az

Bizimkilər - “Space”in əməkdaşları məni danladılar ki, “niyə demirdin kimin oğlusan...”” - MÜSAHİBƏ

Bizimkilər - “Space”in əməkdaşları məni danladılar ki, “niyə demirdin kimin oğlusan...”” - MÜSAHİBƏ

28 Oktyabr 2019, 11:52

Mehman Mehdiyev: “Lider” TV-də “Əməkdar jurnalist” fəxri adına layiq görülməyimlə bağlı xəbəri utana-utana özüm oxudum”

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın qonağı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, əməkdar jurnalist Mehman Mehdiyevdir.

 

Mehman Mehdiyev Bakda doğulub. Atası jurnalist, anası mühəndis olub. Yaşayış yerinin dəyişməsi ilə bağlı bir neçə məktəbdə oxuyub. Buraxılış sinfinə isə 286 saylı orta məktəbdə gedib. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində  təhsil alıb. İxtisaslaşması beynəlxalq jurnalistika olub. Daha sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunda aspirantura təhsili alıb. Tarix elmləri doktoru İradə Bağırovanın rəhbərliyi altında dissertasiya müdafiə edib. Bir müddət Bakı Dövlət Universitetində jurnalistika fakültəsində pedaqoq kimi çalışıb. Vaxt azlığından bu sevimli fəaliyyətindən uzaqlaşıb. İlk iş yeri “Space” televiziyası olub, burada öyrəndiklərini daha sonra “Lider” TV-də inkişaf etdirib. 2012-ci ildə “Eurovision-2012” Mahnı Müsabiqəsinin təşkilat komitəsində çalışıb.

 

- Necə oldu ki, jurnalistikaya gəldiniz, sizi bu sahədə cəlb edən nə oldu?

 

- Uşaqlıq illərim təsəvvür edin ki, Azərbaycan Dövlət Televiziyasının dəhlizlərində keçib. Atam orada Ədəbi-dram verilişləri redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. Bizi öz iş yerinə tez-tez aparırıdı. Onda uşaq idim, başa düşmürdüm hara gedirəm. Sadəcə getdiyim yerə atamın iş yeri kimi baxırdım. Sonra illər keçdi dərk etməyə başladım ki, mən elə fəaliyyətə AzTV-dən başlamışam. Hətta ibtidai sinifdə oxuyarkən radioda  məşhur “Sandıqça” verilişində arabir uşaq aparıcısı kimi çıxış edirdim. Tanınmış jurnalistlər, rejissorlar, diktorları uşaqlıqdan gördüm. Atamın iş yoldaşları kimi baxırdım onlara, sonralar dərk etdim ki, başıma sığal çəkən bu insanlar  TV tariximizin əfsanələri olub. Qalanlara cansağılığı, dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirəm.

Yəni bu girişdən sonra elə biləcəksiz ki, jurnalistikaya gəlməyimin səbəbi məhz dediklərim olub. Əsla yox. Məktəb illərində kimya, biologiya kimi fənlərə böyük marağım var idi. Kimyanı daha çox sevirdim, turşular, qələvilər mövzuları gələndə  sinif yoldaşlarım dərsə cavab vermək üçün məni önə verirdilər. Kimyadan olan ev tapşırıqlarını anamla məşğul olurdum. Bir sözlə, stomatoloq olacam deyirdim. Humanitar fənlərdə göstərdiyim nəticələr də pis deyildi. Təsəvvür edin, inşa yazmaqdan xoşum gəlmirdi, bacarırdım, amma oturub dediklərimi qələmə almaq kimi tənbəlliyim var idi...
Və 11-ci sinif gəlib çatanda buraxılış imtahanları ərəfəsində qərar verdim ki, humanitar təhsil alacam. Onda da AzTV həyatımda bu qərarı verməyimə səbəb oldu. “Son zəng” günü məktəbin əlaçı şagirdi kimi AzTV-yə göndərildim. Şəhidlər xiyabanında müsahibə alırdılar şagirdlərdən. Gözüm rəhmətlik Çingiz Mustafayevin qəbrinə sataşdı. Məndən soruşdular ki, “siz kim olacaqsız?”, cavab verdim “mən jurnalist olmaq istəyirəm”. Beləcə, ali məktəbə qəbul olundum. Tələbəlik illərindən artıq çalışmağa başladım.  

 


- Atanız Telman müəllim tanınmış jurnalist olub, o, sizə bu sahə ilə bağlı hansı tövsiyələr verib?


- “Space” televiziyasında işə düzələndə atamdan gizlətdim. TV-də müsabiqə başa çatmışdı. İndi tanınmış simalar var ki, o vaxt artıq ilk müsabiqədən keçmişdilər və uğurlu gənclər kimi peşəkarlarla Xəbərlər departamentində  çiyin-çiyinə çalışırdılar.  

Məni isə bu televiziyada çalışmağa yönləndirən BDU-da bütün tələbələrin sevimlisi, ərəb dili müəllimim Esmiralda Ağayeva oldu. O, məni həmkarı İradə Bağırovaya yönləndirdi, mənə sınaq vaxtından istifadə etmək şansı verildi. Rüstəm Əliyev isə ilk xəbər müdirim oldu, qısa bir vaxtda reportajlarım efirə getdi. Kollektivdən dəstək gördüm və beləcə “Space” kollektivinin bir üzvü oldum. 

Günlərin birində atam evdə “Space”yə baxanda səsimi eşitdi, həm sevindi, həm də məni danladı ki, niyə bunu gizlin etmişəm... “Deyərdin mənə dostlarım var idi orada, tapşırardım” söylədi.   Mən isə lap uşaqlıqdan hər şeyə öz gücümlə nail olmağa çalışmışam. İllər keçdi, “Space”in qocaman əməkdaşları da məni danladılar ki, “bəs sən bizə niyə demirdin ki, kimin oğlusan...”. Zaman keçdi, sonralar atamdan hər zaman “məqbul” aldım. Jurnalistika ilə bağlı elə də çox tövsiyə verməyib, sadəcə hər gün qəzetləri oxumağı məcbur edirdi. Hələ məktəb illərindən deyirdi ki, “qələmindən kiməsə qarşı istifadə etmə. Obyektiv ol!”.

 

- Uzun müddət televiziyada aparıcı olmusunuz, hazırda isə dövlət qurumunun mətbuat katibisiniz. Televiziyadan ayrılmağın peşmançılığını çəkmisinizmi?

 

- Aparıcılıqdan əvvəl müxbir kimi fəaliyyət göstərmişəm. Sizə deyim ki, aparıcı olmaq istəyim çox idi, amma müxbir işini daha çox bəyənirdim. Hazırda müxbirlik üçün daha çox darıxıram. Tələbəlik illərində işlədiyimi dedim, elə o vaxtlardan da gənc olmağıma baxmayaraq, əksər dövlət qurumlarından akreditasiyadan keçmişdim. Ulu öndər Heydər Əliyevi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi müxtəlif rəsmi səfərlərdə müşayiət edən həmkarlarımın sırasında olmuşam. Dünyanın bir çox ölkəsini elə müxbirliyə görə gəzmişəm, çağdaş  tariximizin canlı şahidi olmuşam, sammitlərdən, müxtəlif formatlı toplantılardan saysız-hesabsız reportajlar hazırlamışam. Televiziyadan ayrılmağıma gəlincə, peşman deyiləm. Çünki ordan demək olar ki, ayrılmamışam. O atmosferi özündə saxlayan insanlar var, onlarla da tez-tez görüşürəm. Bəzən kamera qarşısına qonaq kimi çıxıram, bəzən çalışdığım sahə ilə bağlı filmlər hazırlayırıq, həmkarlarım aparıcı kimi məni çəkirlər.   

 


-  Nə zamansa ümumiyyətlə jurnalistikadan getməyi fikirləşmisiniz?

 

- Bu sual çox çətindir. Çünki sabah nə işlə məşğul olacağına heç kim təminat verə bilmir. Xəmirim jurnalistika ilə yoğrulub. Amma jurnalistika bizi universal əsgər kimi hazırlayıb, hara düşsək, baş çıxarmağa çalışırıq.

 

- Yenə də sizi televiziya aparıcısı kimi tanıyanlar var?

 

- Bu suala doğru cavab versəm, təvazükarlıqdan uzaq olacaq. Düşünürəm ki, 15 il internetin olmadığı və ya yenicə inkişaf etdiyi dövrlərdə aparıcı kimi tamaşaçının qarşısında olmaq yaddaşlarda qalmağın əsas səbəblərdən birincisidir. Sonra isə aparıcının fərdiliyidir. Aparıcı kimi müəllimim hər kəsin sevimlisi Rafiq Həşimovdur. “Space”də o, mənə aparıcılıq etməyi təklif etdi və inandırdı ki, səndə alınacaq. “Özünəməxsussan, xəbər adamısan” deyib başladı məni  xəbər aparıcısı kimi hazırlamağa. Üzərimdə əməyi olan hər kəsə minnətdaram ki, bu gün də məni tanıyanda deyirəm ki, onların əməyidir. Amma peşəmlə bağlı heç vaxt reklam sevməmişəm.    
Mən sevmirəm danışım ki, efirə bunu gətirdim yenilik kimi, onu elədim-bunu elədim. Onsuz da mən hamını gördüyüm kimi, hamı da məni görür. Ümumiyyətlə, özümlə bağlı müsahibə verməyi də sevmirəm. Digər müsahibə üçün müraciət edən həmkarlardan  isə imtina etdiyim üçün  üzr istəyirəm .

 

- Televiziya və mətbuat xidməti... Bunlardan hansı daha maraqlıdır?

- Mən televiziyada olduğum müddətdə çoxlu səfərlərdə olmuşam, həm ölkəmizdə, həm xaricdə bir çox dövlət xadimləri, tanınmış ictimai xadimlərlə müsahibələr etmişəm, dövlət tədbirlərində aparıcı kimi fəaliyyət göstərmişəm və siyahını uzada da bilərəm. Onların marağı bir başqa idi. Hazırkı işmin marağı isə bir başqadır. Həmkarlarımla bərabər ölkəmizdə qədim və zəngin tarixi olan dənizçilik ənələrini, həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin həyatında olan yenilikləri, həm dünya dənizçiliyindən ictimaiyyətə maraqlı məlumatlar çatdırmağa çalışırıq. 
İşi çox çətin və məsuliyyətli olan dənizçilərimizin fəaliyyəti haqqında 1931-ci ildən dərc edilən “Dəniz” qəzetində, www.seanews.az  və www.asco.az saytlarında məlumatlar verir, sosial şəbəkələrdəki hesablarımızda interaktiv formatlı layihələr gerçəkləşdirirk. Yəni, baş qaşımağa vaxt yoxdursa, demək ki, gördüyümüz iş ürəyimizcədir.  

 


- Peşəkar jurnalist olaraq, hazırkı mediamızı necə dəyərləndirirsiniz?

 

- Hazırda mediamızda peşəkarlar nə yaxşı ki, qalıb. Həmin peşəkarlarla əməkdaşlıqdan zövq alırsan. Bəzən jurnalist adına ləkə gətirən insanlar da olur. Onda çox narahat oluram. Çünki bu gün məni də jurnalist kimi tanıyırlar. Onlar haqqında nəsə deyiləndə mən də pis oluram. Cənab Prezidentin son müşavirdə mətbuatla bağlı söylədikləri mənim kimi bir çox jurnalist həmkarımın ürəyincə oldu. Düşünürəm ki, zamanla hər şey qaydasına düşəcək. Çünki bu gün peşəkar və vicdanlı jurnalistlərin sayı kifayət qədər çoxdur.

 

- Sizin fikrinizcə, peşəkar jurnalist necə olmalıdır?

 

- Hazırılıqlı, vicdanlı və “döydüyü qapıdan” nə istədiyini bilən.  

 

- Jurnalistika ilə bağlı həyata keçirmək istədiyiniz bir layihə varmı?

 

- Belə xüsusi layihəm yoxdur. Bu gün də sağ olsun televiziyada olan  həmkarlar, müxtəlif layihələrə aparıcılığa dəvət edirlər. Amma hələ ki, cavab verə bilmirəm.

 


- Çalışdığınız müddətdə başınıza gələn bir neçə maraqlı hadisəni danışa bilərsiniz?

- Başıma çoxlu hadisələr gəlib. Danışmaqla bitməz. İki hadisəni isə heç vaxt unutmayacam. 2013-cü ilin yayında atam ağır xəstə idi. İşə getdim, efiri hazırladım, saat 17-də canlı yayımda xəbərləri təqdim etməli idim. Efirdən bir neçə dəqiqə əvvəl evlə əlaqə saxladım, dedilər atam artıq can verir. Həmkarlarıma heç nə demədən 15 dəqiqəlik efirə çıxıdım. İçimdə ağlasam da, heç kim hiss etmədi ki, bu aparıcının həyatında indi nə baş verir.  
Efirdən sonra qaçıb özümü evə çatdırdım. Atam mənim qollarımda bu dünya ilə vidalaşdı. O, fəxr edirdi ki, mən jurnalistəm. Özü də bu peşənin aşiqi idi...  Hər bir oxucudan bu bədbin əhval-ruhiyyə görə üzr istəyirəm.

İkinci hadisə isə nikbindir.  2015-ci ildə Milli Mətbuat günü ərəfəsində yenə efirə hazırlaşırdım. Birdən AZƏRTAC-a baxanda  adımı cənab Prezidentin sərəncamı ilə mükafatladırılan jurnalistlərin siyahısında gördüm. Sevincimin həddi-hüdudu yox idi. Təsəvvür edin, efirdə “Əməkdar jurnalist” fəxri adına layiq görülməyimlə bağlı xəbəri utana-utana özüm oxudum. Bu adı layiq görənlərə - cənab Prezidentə,  çalışdığım “Lider” TV-nin kollektivinə, şirkətin prezidenti Ədalət Əliyevə bir daha təşükkür edirəm.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır