Modern.az

Yeni yaradılan saytın baş redaktoru: “Ümid edirik ki, əngəllər olmayacaq”

Yeni yaradılan saytın baş redaktoru: “Ümid edirik ki, əngəllər olmayacaq”

Media

12 Noyabr 2019, 17:06

Report İnformasiya Agentliyinin keçmiş əməkdaşı, gənc jurnalist İlkin Pirəli yeni sayt açıb. Pravda.az adlı xəbər portalı Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdırır.

 

Yeni saytı haqqında Modern.az-a danışan İlkin Pirəli qeyd edib ki, Pravda.az tam müstəqildir, kimsəyə bağlılığı yoxdur. Onun fikrincə, belə halda, işləmək daha rahat olur.

 

“Təbii ki, bizə dəstək olanlar var, onlar bizim dostlarımızdır. Amma bu, o demək deyil ki, kimsə “Pravda”ya dəstək verirsə, nə istəyirsə, o olacaq, mümkün deyil”, - deyə baş redaktor müsahibəsində bildirib.

 

- Sayta maraqlı ad düşünmüsünüz. Portalın fəaliyyət istiqaməti necə olacaq?

- Bu layihə 1 ildən artıq idi ki, müzakirə edilirdi. Mən isə bu ilin ortalarında qərar verdim. Bir neçə ad üzərində məsləhətləşmələr apardıq. Hər kəs bu adın daha uğurlu olduğunu bildirdi. Doğrusu, ad o qədər də önəmli deyil, əsas iş olmalıdır, ortaya nəticə qoyulmalıdır. Kifayət qədər sayt var ki, adı uğurlu deyil, amma bəlli bir auditoriyası var. Bütün hallarda informasiya resursu dəqiq və düzgün xəbər çatdırmalıdır. Qərəzdən söhbət gedə bilməz, belə olarsa, xəbər portalının ciddiyyəti olmaz ki... Xəbər amansız olur, mütləq oxucuya çatdırılmalıdır.

- Pravda.az əsasən hansı auditoriyaya hesablanmış portaldır?

- “Ən oxunaqlı sayt olacağına əminəm” kimi mənasız fikirlərdən uzağam. Etiraf edim ki, media bazarında nəhəng saytlar var, onların olduğu halda, bazara girmək bir qədər çətin görünür. Sadəcə, müəyyən boşluqlar var ki, ondan istifadə etmək lazmdır. Portalda imkanlar bir qədər geniş olur. İstiqamət daha çox siyasi olacaq. Azərbaycan reallığına uyğun nə edə biliriksə, edəcəyik, hətta əlavə işlərə də cəhd edəcəyik. Ümid edirik ki, əngəllər olmayacaq.

- Kommunistlərlə işləmək, münasibətlər qurmaq planınız varmı?

-Yəqin ki, bu sualı saytın adına görə verdiniz. Biz müstəqil Azərbaycan dövlətinin maraqlarından çıxış edirik. “Pravda” adı brend, hamıya tanış olduğu üçün bunu seçdik. Düşünürəm, Azərbaycanda kommunist yoxdur, olmayan bir təşkilatla, o ideya daşıyıcıları ilə necə işləyə bilərik?! Biz xəbərə xidmət edirik, xəbər kiminsə kommunist və ya hansısa ideya daşıyıcısı olmasına baxmır.

- Saytın texniki məqamlarına toxunaq. Əməkdaşlarınızın sayı neçə nəfərdir? Onlara qoyulan tələblər nələrdir?

- Hələlik kollektiv o qədər də geniş deyil, hazırda 5 nəfərdən ibarət komandadır. Xüsusi bir tələb yoxdur, sadəcə, arzuolunandır ki, günə 5 mənasız xəbər verməkdənsə, 1 önəmli xəbər olsun, kifayətdir. Yəni, biz xəbər lentinin doldurulmasına xidmət etmirik. Əsas iş mənim üzərimdədir. Nəticəyə uyğun olaraq, addımlar atacağıq, kollektivi genişləndirəcəyik.

- Saytı tanıtmaq və auditoriyasını genişləndirməkdən əlavə hansı planlarınız var?

- Saytı yalnız xəbərlə tanıtmağa çalışacağıq. Təbii ki, sosial şəbəkənin imkanlarından da istifadə edirik. “IP” arxasınca qaçmayacağıq. Çalışırıq ki, sosial şəbəkə saytı olmayaq, yəni, şəbəkə üzərindən deyil, daha çox adı yazılaraq, giriş edilən saytlardan olaq. Təbii ki, bütün bunlar hələlik arzulardır, bunun necə və hansı formada reallaşmasını zaman göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi